Güllələnmiş gən general Əbdülhəmid bəy Qaytabaşı Hadisə

Güllələnmiş gən general Əbdülhəmid bəy Qaytabaşı

Əliağa Şıxlinski onu Müsəlman Korpusunun qərargah rəisi təyin etmişdi

Şəmistan Nəzirli "Güllələnmiş Generallar" kitabında yazır ki, 1920-ci ilin aprel çevrilişinə qədər İmperiya və Müsavat ordusunda altmış doqquz azərbaycanlı general olub. Dini müsəlman, milliyyəti azərbaycanlı olduğuna görə sovetlər dövründə onların haqqında danışmağa, yazmağa qadağa qoyulmuşdu. Onların sırasında ən gənc general Əbdülhəmid bəy Qaytabaşı idi. Qaytabaşının bütün sənədləri arxivdə "Tamamilə məxfidir" qrifi ilə saxlanılıb. Ona görə də, nəinki Qaytabaşı, XIX-XX əsrin yetişdirdiyi bütün generallar Sovet işğalı boyu bu qrif altında xalqdan gizlədilib. "Qaytabaşı" qəribə və maraqlı soyaddır deyilmi?
Bu soyadın öz tarixi var.
Əbdülhəmid bəyin Ulu babası kapitan Əbdülməcid bəy XVIII əsrin sonlarında Türkiyənin İstanbul şəhərindən Tiflisə köçüb. Alay başçısı olduğuna görə ona Xaytabaşı titulu verilib. Ruslar onun Xaytabaşı soyadını sənədlərində səhvən, təhriflə Qaytabaşı kimi yazırlar. Sonralar rəsmiləşən bu nadir soyad 1920-ci ilin iyun ayında general Əbdülhəmid bəy güllənənə qədər işlənib.
1918-1920-ci illərdə Milli ordunun sıralarında şərəflə xidmət edən ən yaxşı generallardan biri olub Əbdülhəmid bəy. Nağıl kimi səslənsə də bu bir faktdır. Şəmistan Nəzirli hesab edir ki, o qarışıq illərdə azadlıq və istiqlaliyyət uğrunda çalışanları zaman özü yetişdirib və təltif etmişdi. Onların cəngavərliyi anadan gəlmə qanuni bir hal olub. Dövr onları yetişdirəndə yaşa yox, başa və bacarığa qiymət verib.
Beləliklə, Əbdülhəmid Qaytabaşı - Azərbaycan Xalq Cümhuriyyətinin ən gənc generalı - 1884-cü il iyulun 10-da Tbilisidə doğulub.
Şərif bəy iki dəfə evlənib. Əbdülhəmid bəy onun ikinci evliliyindən doğulub. Anası Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanım olub. Əbdülhəmid bəy Peterburq yaxınlığındakı Pavlovsk Hərbi Məktəbini bitirib. Azərbaycan Mərkəzi Dövlət arxivində yunker Əbdülhəmid bəy Qaytabaşının həmin ildə bacısı, şahzadə Mələk xanım Qacara yazdığı məktublar, 97 saylı vəsiqə, dərslərə davamiyyəti haqqında qeydlər və konspektləri saxlanılır. Qovluqda yunker Əbdülhəmid bəy Qaytabaşının 1905-ci il avqustun 22-də komandirinə yazdığı raport da qalıb. "Bildirirəm ki, yay tətili zamanı Ryazan quberniyasına, orada yaşayan yeznəmgilə getmişdim. Mən orada olarkən Tiflisdən teleqram aldım. Teleqramda göstərilirdi ki, bacım ölüm yatağında olduğuna görə təcili Tiflisə getməliyəm. Dərhal yola düşdüm və yeznəmdən xahiş etdim ki, bu barədə mənim rəislərimə xəbər versin. Mən Tiflisə gələndən cəmi bir gün yarım sonra bacım vəfat etdi. Mən onun yeganə qardaşı kimi, bacımın dəfni ilə bağlı qayğıları öz üzərimə götürdüm. Bu müddətdə mən özüm də xəstələndim və dərhal mənim müalicə olunmağım barədə raportla komendant idarəsinə müraciət etdim. Xəstə halda iki gün orada qalandan sonra hələ tam sağalmamış olsam da, sürət qatarı ilə Tiflisdən yola düşdüm. Mən bu barədə komendant idarəsinə məlumat vermişdim. Hərbi məktəbə xəbər çatdırmaq məsələsinə gəldikdə isə, mənə dedilər ki, bu barədə narahat olmayım. İkinci rotanın yunkeri Əbdülhəmid bəy Qaytabaşı"
22 yaşlı gənc Qaytabaşı (1906-cı ildə) on altıncı Qrenadyor-Minqrel alayında xidmətə başlayır. 1-ci Dünya müharibəsində 205-ci Şamaxı Piyada alayında ştab-kapitan rütbəsində döyüşlərdə iştirak edir. 1916-cı ilin martında dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılınc və bantla birgə) ilə təltif edilir.
6 mart 1918-ci il, Tiflis şəhəri. Yenicə yaranan Müsəlman korpusunun komandanı, general-leytenant Əliağa Şıxlinskinin əmri: "Polkovnik Əbdülhəmid bəy Qaytabaşı Müsəlman Korpusunun Qərargah rəisi təyin edilsin!". Martın 28-dək həmin vəzifədə çalışan Əbdülhəmid bəy 1918-ci il noyabrın 15-də hərbiyyə naziri Səməd bəy Mehmandarovun iki nömrəli əmri ilə Hərbi Hazirliyinin növbətçi generalı kimi məsul vəzifə daşıyır. 1919-cu il iyunun 25-də isə Respublika Nazirlər Şurasının qərarı ilə Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı general-mayor rütbəsi ilə təltif olunur. Səksən ildən çox bağlı qalan saralıb-solmuş sənədlərdən məlum olur ki, peşəkar hərbçi kimi Milli Ordu quruculuğunda Əbdülhəmid bəyin əvəzsiz xidmətləri olub. Şəxsi heyətin təşkili, Baş Qərargahda növbətçilik sistemi, yeni hərbi idarə və hərbi müəssisələrin yaradılması üçün var qüvvəsi ilə çalışıb.
1920-ci ilin martında Əbdülhəmid bəy yazırdı: "Cəmi bir il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü. Öhdəmizə düşən bütün vəzifələri qərargahın digər üzvləri ilə birlikdə vicdanla, namusla və yorulmadan yerinə yetirdik".
Azərbaycan Mərkəzi Dövlət Arxivində Əbdülhəmid bəy Qaytabaşının bəzi sənədləri - bacısı Mələk xanıma yazdığı məktublar, vəsiqə, dərsə davamiyyət qeydləri, konspektləri, atası Şərif bəy haqqında sənədlər və s. qorunur.
Şəmistan Nəzirlinin "Güllələnmiş Azərbaycan generalları" kitabında Qaytabaşının Bakıdan Tbilisiyə general-mayor Firudin bəy Vəzirova yazdığı bir məktub da diqqət çəkir: "Çox hörmətli general Firudin bəy! Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi bu şad xəbərə yəqin ki, Siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün Sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə olsa da, Baş Qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan hökuməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycan müstəqillik qazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün Siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də, xahiş edirəm, Baş Qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz. Hörmətlə: Baş Qərargahın növbətçi generalı, polkovnik Əbdülhəmid bəy Qaytabaşı".
Bolşeviklər Azərbaycanı işğal edəndən sonra general-mayor Əbdülhəmid bəy Qaytabaşı 1920-ci il aprelin 30-da bolşevik ordusunda müvəqqəti qərargah rəisi təyin edilir. Həmin ilin iyun ayında isə Gəncə üsyanına görə günahlandırılıb güllələnir. Güllələnərkən generalın cəmi 36 yaşı vardı.
Məhəmməd Əmin Rəsulzadə sonralar qələmə aldığı "Azərbaycan davası" adlı məqaləsində o müdhiş günləri xatırlayaraq yazmışdı: "Azərbaycan Cumhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı... Xüsusi bir amansızlıqla Vətənimizə hücum edən bolşevik-daşnak ordu birləşmələri vətənpərvər oğullarımızı qan içində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı. Min cür həngamələrlə izahı olmayan həbslərin dalğası gücləndi. On minlərlə günahsız adamlar güllələndi. Azərbaycan Milli Ordusunun min iki yüzdən çox əsgər və zabiti Arazı keçərək o taylı qardaşlarımıza pənah apardı. Təqib olunan minlərlə ziyalımız Türkiyəyə, Fransa və Almaniyaya mühacirətə getdi".
Şəmistan bəyin dediyinə görə, o dövrdə tutulanları yaşayış olmayan adaya (Bulla adasına - Xərə-Zirə) diri-diri atıb çıxıb gəlirmişlər. Və ya ziyalıları, generalları Bakıda Pankratovun idarəsində (indiki Yusif Məmmədəliyev küç. 15-17 -də yerləşirmiş) gecələr zirzəmidə güllələyir, sonra Nargin adasına aparıb boğazına daş bağlayıb dənizə atırmışlar. Boğazına ona görə daş bağlayırmışlar ki, birdən dirilə bilər.
Araşdırmaçı Nəsiman Yaqublu deyir ki, sovet tarixçiliyində bolşeviklərin Bakını müqavimətsiz ələ keçirməsi ilə bağlı iddiaları saxtadır: "Rusiya arxivlərində çalışarkən 1920-ci ilə aid yeni sənədlərlə rastlaşdım. Bunlardan biri həmin dövrdə çəkilmiş təxminən bir dəqiqəlik videolentdir. Həmin videolentdə göstərilir ki, 11-ci ordu Bakıya daxil olarkən Azərbaycan ordusu hissələri onlara müqavimət göstərib. Döyüş səhnəsini əks etdirən videolenti mən Bakıya gətirmişəm". Tarixçi alimin fikrincə, Azərbaycan Cümhuriyyəti işğala qarşı dayansa da dövrün şərtləri respublikanın süqutuna gətirib çıxarır: "Biz xalq olaraq 11-ci orduya təslim olmamışıq, bütün imkanlarla işğalçı bolşeviklərlə mübarizə aparmışıq. Sadəcə olaraq, o zaman Azərbaycanı işğal edən qüvvə həm say etibarı ilə çox idi, həm də o zaman ki, beynəlxalq şərait dövlətimizi qoruyub saxlamağa imkan vermədi". Tədqiqatçı-alim o zaman Türkiyənin Azərbaycanı müdafiə edə bilməməsini də əlavə etdi. N.Yaqublu dedi ki, M.Rəsulzadənin məqalələrində aprelin 27-si işğal günü kimi göstərilir: "Bizdə bir çox hallarda işğal günü kimi aprelin 28-i göstərilməsi yanlışdır".
Ancaq rus işğalı 27 apreldən çox sonralara qədər davam edib. Daha doğrusu, ruslar uzun zaman Azərbaycan ordusunun müqaviməti ilə qarşılaşıblar. Mirzəbala Məmmədzadə yazırdı ki, işğaldan sonra Azərbaycanda 150-yə yaxın üsyan baş verib: "Yəni 150 dəfə Azərbaycan xalqı bolşeviklərə qarşı etirazını bildirdi. Ən böyük üsyan isə 1920-ci il mayın 26-dan iyunun 4-dək Gəncədə baş verdi. Həmin üsyan zamanı Azərbaycan ordusunun döyüşçüləri və Gəncənin qəhrəman sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə əlavə, diviziyalar göndərildi və bu ordular Gəncəni yerlə yeksan etdilər. On min nəfərə yaxın Gəncə sakinini qətlə yetirdilər. Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər bölgələrdə də üsyanlar baş verdi".
N.Yaqublunun sözlərinə görə, bolşevik işğalı nəticəsində Azərbaycanda yaradılmış dövlət təsisatları məhv edildi. Üçrəngli bayraq endirildi, ondan sonra ordu ləğv edildi. Bolşeviklər özləri imzaladıqları razılaşmaya əməl etmədilər: "Bolşeviklər Azərbaycanı işğal edəndə parlamentdə qəbul edilmiş 6 maddəlik sənədə əsasən bir çox atributlar qalmalı idi. Məsələn, sənədə görə siyasi partiyalara toxunulmamalı idi, ancaq işğaldan sonra partiyalar qapadıldı. Müsavat Partiyasının fəaliyyətini qadağan etdilər, üzvlərini repressiyalara məruz qaldılar. Eyni zamanda sənəddə Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmaması şərti vardı. Ancaq buna məhəl qoyulmadı, Gəncənin qubernatoru Rəfibəyov güllələndi, Nəsib bəy Yusifbəylini, Fətəlixan Xoyskini müəmmalı şəkildə öldürdülər. Məhəmməd Əmin Rəsulzadəni həbs etdilər, Stalin gəlməsəydi güllələməyə hazırlaşırdılar. Bununla bağlı qərar vardı. Nəriman Nərimanov aldadıldı. Daha sonra Moskvada zəhərləyib aradan götürdülər. Yəni, Azərbaycanda əsası qoyulmuş müstəqil dövlətin bütün atributlarına son qoyuldu".

Ülviyyə Tahirqızı