Korrupsiya ilə mübarizə planı Hadisə

Korrupsiya ilə mübarizə planı

Konstitusiya Araşdırmalar Fondu müzakirələr təşkil etdi, ekspertlər təkliflər verdilər

Konstitusiya Araşdırmalar Fondu korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planının (MFP) icrası barədə müzakirələr təşkil edib. Konstitusiya Araşdırmalar Fondundan verilən məlumata görə, təşkilatın eksperti Zaur İbrahimli deyib ki, plan üzrə 2012-ci ildə 2, 2013-cü ildə isə 48 tədbirin icrasını nəzərdə tutulub.
Onun sözlərinə görə, 2014-cü ildə 40 tədbirin icrası planlaşdırılıb. Sənəddə qeyd olunan 125 bəndən 124-ü 2013-cü il üzrə qiymətləndirilib. Bir bəndin icrası (2.3) 2014-ci ildə nəzərdə tutulduğundan o, monitorinqdən çıxarılıb. Ən yaxşı nəticə 26-cı ("Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi") və 5-ci ("Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi" istiqamətləri üzrədir.
Zaur İbrahimli bildirib ki, 2013-cü ildə başa çatması nəzərdə tutulan tədbirlərdən 48 bənddən 6 bənd üzrə (12.5 faiz) heç bir irəliləyişin olmadığı müəyyənləşib: "48 bənddən 13-də kiçik irəliləyiş qeydə alınıb. 3 bənd üzrə fəaliyyətlərin 83.33 faizi həyata keçirilib. 1 bənd üzrə isə fəaliyyətin 100; 4 bənd üzrə fəaliyyətlərin 66.66; 6 bənd üzrə fəaliyyətin 50 faizi gerçəkləşib.
Monitorinq zamanı ilk növbədə diqqəti çəkən MFP üzrə 2013-cü ildə başa çatması nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsində dinamikanın zəif olması idi. Verilən sorğuların bir çoxunda qeyd edilib ki, 2013-cü il başa çatmadığından MFP ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində işlər yekunlaşmayıb, davam edir. İndiki halda 2013-cü il üçün nəzərdə tutulan tədbirlərin 40 faizindən çoxunun 60-70 faiz icra olunacağı ehtimalını nəzərdə tutmuşduq.
Diqqətçəkən digər məqam isə görülən işlər barədə açıq məlumatların məhdudluğudur. Eyni zamanda görünən budur ki, dövlət orqanları bu təşəbbüslərinin ictimai müzakirəsinə maraq göstərmir və qərarların qəbulu prosesinə vətəndaş cəmiyyəti institutlarını cəlb etməyə tələsmirlər. Görünür, bu səbəbdən MFP üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı vətəndaş cəmiyyəti institutlarında yetərincə məlumat yoxdur. Bu da monitorinq prosesində özünü büruzə verir.
Korrupsiya riski çox böyük olan sahələrdə, dövlət satınalmaları, tenderlərin keçirilməsi, şəhərsalma və tikinti fəaliyyəti, hərracların keçirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatlar sahəsində korrupsiyaya qarşı mübarizə tədbirlərinin icrasında çox aşağı dinamika müşahidə olunur.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı ali və orta ixtisas məktəblərinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının təşkili ilə bağlı nəzərəçarpacaq fəaliyyətin olmaması da diqqətdə saxlanılmalıdr.
Həmçinin təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi, ali məktəblərdə imtahan prosesinin şəffaflığının, bununla bağlı şikayətlərin səmərəli araşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri addımların atılmaması narahatlıq doğurur.
MFP-də nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlər və korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır.
İlk növbədə lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi, vergi bəyannamələrinin təqdim edilməsinin dövrülüyünün azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində hərəkətsizlik qeyd edilməlidir.
Diqqət yetirilməli vacib məqamlardan biri də korrupsiya riski yüksək olan sahələrdə elektron xidmətlərin ləng tətbiq edilməsidir. Elektron xidmətlər daha çox sənədlərin qəbulu ilə bağlı məhdudlaşır".
Zaur İbrahimli bildirib ki, müsbət məqamlar kimi müəllim və həkimlərin mərkəzləşdirilmiş qaydada müvafiq elektron proqram təminatı ilə test və müsahibə yolu ilə işə götürülməsi, vakant yerlər barədə əvvəlcədən sayt və mətbu orqanlarda məlumat verilməsidir: "Həmçinin vətəndaşların qəbulu ilə bağlı, elektron kargüzarlığın tətbiqi, etik davranış qaydaları ilə bağlı hesabatların verilməsi, sahibkarlıq subyektlərində yoxlamaların vahid reyestrinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhəmiyyətli irəliləyişlər kimi dəyərləndirilə bilər.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsinin qəbulu sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilməlidir.
Hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsi qaydalarının hazırlanması istiqamətində irəliləyişin olması da təqdirəlayiq hal kimi vurğulanmalıdır.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım illik və illik hesabatların açıqlanması, "161 - qaynar xətt"in işinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər də müsbət xarakterizə edilə biləcək addımlar sırasında qeyd edilə bilər".
Ekspert əlavə edib ki, planın icrası ilə bağlı koordinasiya fəaliyyətlərinin genişləndirilməsinə və nəzarətin artırılmasına ciddi ehtiyac var: "Korrupsiya riski yüksək olan sahələrdə MFP ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi vacibdir. Vətəndaş cəmiyyəti institutları vəkillik və təşviq səylərini ilk növbədə məhz bu istiqamətə yönəltməlidir.
Sahibkarlıq mühitinin diaqnostikası üçün metodologiyanın hazırlanması və buna uyğun olaraq qiymətləndirmə aparılması da korrupsiyaya qarşı mübarizə istiqamətində çox əhəmiyyətli addım olardı.
Maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatların təqdim edilməsinin konkret mexanizmlərinin yaradılması istiqamətində işlərin sürətləndirilməsinə çox ciddi ehtiyac var.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, MFP-də nəzərdə tutulan fəaliyyətin icrası zamanı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq genişləndirilməlidir. Xüsusən qanun layihələri, qayda və meyarların hazırlanması, tənzimləyici alətlərin tətbiqi sahəsində bu əməkdaşlıq çox böyük fayda verərdi.
Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına qrant vəsaitlərinin ayrılması, kursların təşkili, maarifləndirici fəaliyyətin həyata keçirilməsi üçün sifarişlərin verilməsi korrupsiyaya qarşı mübarizə siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsi islahatlar üçün əlverişli zəmin yaradılmasına çox böyük töhfə olardı
Dövlət orqanlarında "qaynar xətt"in fəaliyyəti üçün vahid metodologiya hazırlanması ilə bağlı işlərin sürətləndirilməsinə və tez bir zamanda yekunlaşdırılmasına ciddi ehtiyac var.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumatlandırma və maarifləndirmə fəaliyyətlərinin miqyasının genişləndirilməsinə ciddi ehtiyac hiss olunur".
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, dövlət qurumları monitorinqin aparılması üçün vətəndaş cəmiyyətinə kömək göstərməlidirlər.
Açıq hökumətin təşviqi ilə bağlı milli fəaliyyət planının monitorinqini aparan İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu deyib ki, prosesdə əsas maneələrdən biri dövlət orqanlarının sorğuları cavablandırmamasıdır: "Bəzi dövlət qurumları bir cümlə yazırlar ki, saytımıza baxın. Saytda da lazım olan məlumatları tapmaq olmur. O cümlədən dövlət qurumlarının saytlarında açıqlanmalı olan informasiyanı belə tapmaq olmur. Dövlət qurumlarında informasiyaya məsul olan şəxslərə bu sahədə seminar keçirilməlidir".
TURQUT