Ən böyük təltifi gözləyən komandir Hadisə

Ən böyük təltifi gözləyən komandir

Arzu Şirinova

İnsanları tanımaq üçün gərəkdir ki, onları dinləyəsən, keçdikləri ömür yolundan məlumatlı olasan. O zaman həmin insana dəyər verə bilərsən. Etiraf edim ki, mən də İsabalı Əsgərovu bir eloğlu kimi, eyni zamanda, Qarabağ döyüşçüsü kimi tanıyırdım. Və keçdiyi həyat yolundan bir o qədər də məlumatlı deyildim. Artıq budur onun həyat yolunu fərəqləyirəm.

Şah sarayını qoruyan azərbaycanlı

İsabalı Əsgərov 1961-ci ildə Laçın rayonunun Qarabəyli kəndində anadan olub. Laçın şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Və bu xidməti Əfqanıstanda yerinə yetirib. O zaman müharibə gedən bu ölkədə İsabalının xidmət yeri paytaxt Kabula bitişik Buqra adlanan ərazidə şah sarayının mühafizəsi olub. Basmaçıların bir kəndə hücumunun qarşısını alarkən göstərdiyi şücaətə görə "İgidliyə görə" medalına təqdim olunub və bir aylıq məzuniyyətlə evə buraxılıb. Bu təltifi briqada komandiri general Kavuçov elan etsə də, nədənsə ünvanına çatmayıb. İsabalı deyir ki, SSRİ-nin çökməsinin təməli Əfqanıstanda qoyuldu:"Əfqanıstanda olan sovet ordusunun komandanlığı-başda Polyaniçko olmaqla hər biri korrupsiyaya uğramışdı. Basmaçılarla gizli sövdələşmə apararaq tank və digər silah-sursatı onlara satır, hər iki tərəfdən döyüşlərin şiddətlənməsinə və uzanmasına şərait yaradırdılar. Əfqanıstanda yerləşən sovet ordusunun zabit heyəti ruslardan, əsgərlər isə Qafqaz və Orta Asiya respublikalarından olan müsəlmanlar idi. O zaman biz bunun fərqinə varmırdıq. Sonralar dərk etdik ki, orada da müsəlmanı müsəlmana qırdırırlar. Fərq etməz qalib hansı tərəfdir, hər iki halda ölən müsəlman idi. Bu səbəbdən Əfqanıstandakı döyüşümlə fəxr etməmişəm".

Əfqanıstan döyüşçüləri bir arada

İsabalı ixtisasca inşaat mühəndisidir. Müxtəlif vəzifələrdə çalışıb, eyni zamanda, Laçın rayon icra hakimiyyətində müdafiə məsələləri üzrə müavin olaraq fəaliyyət göstərib. 1988-ci ildən ermənilərin torpaqlarımıza təcavüzü başlayanda ilk olaraq könüllülərdən ibarət müdafiə dəstələrini yaradanlardan biridir. Bu zaman İsabalı əsasən Əfqanıstan müharibəsində iştirak etmiş döyüşçüləri öz ətrafına toplayır. 1992-ci ildə Milli Ordu yaranan vaxt Laçında özünümüdafiə batalyonu formalaşır. Həmin batalyonun tərkibində 4-cü əlahiddə tağımın komandiri olan İsabalı Əsgərov bir çox uğurlu əməliyyatlar keçirir. Belə ki, Kirs dağı yüksəkliyinin, 31-ci postun ermənilərdən geri alınmasında və Laçın əhalisinin mühasirədən çıxarılmasında fəal iştirak edir.

Rəhim Qazıyev polku ləğv etdi

Keçmiş komandir o illəri belə xatırlayır:"Artıq ermənilərin sərhədyanı kəndlərimizə ara-sıra hücumları başlamışdı. Getdikcə gərginləşən vəziyyət silahlanmağı tələb edirdi. Bu zaman Şuşaya səfərlərdən birində Laçının ilk şəhidini verdik. Rza Sadıqov şəxsi avtomobilinə yüklədiyi döyüş sursatıyla Laçına girərkən rus hərbiçilərinin Qaladərəsində pusqu quraraq açdıqları atəş nəticəsində həlak oldu. Bu hadisədən sonra biz sürətlə silahlanmaq qərarına gəldik və düşməni hər həmləsində susdura bildik.
1990-cı ilin 20 Yanvar faciəsi baş verdi. Siyasi baxışlarından asılı olmayaraq, istər rayon rəhbərliyi, istər polis, istərsə də könüllülər bir yumruq kimi birləşdik. Yüksək səviyyədə hərbiləşmiş və peşəkarlaşmış Laçın polku istər Ermənistan tərəfdən, istərsə də Dağlıq Qarabağ istiqamətindən rayonu müdafiə edirdi. O zaman müdafiə naziri vəzifəsini icra edən Rəhim Qazıyev bu polku ləğv elədi. Bununla da Laçının işğalının təməli qoyuldu. Bu əmr bizim üçün gözlənilməz ağır zərbə idi. Bir müddət bunu döyüşçülərdən gizli saxladıq. Çünki onlar silahı atıb gedə bilərdilər.
Mənim rəhbərliyim altında 30 nəfərlik dəstə Kirs dağında mövqe tutaraq, ermənilərin Xankəndi istiqamətindən baş verə biləcək hücumlarının qarşısını alırdıq. Yuxarıdan verilən əmrə əsasən, 30 mart tarixində mövqelərimizi siyasi baxışlarına və xarakterinə görə son dərəcə ziddiyyətli olan Hail Kazımovun dəstəsinə təhvil verib Laçına qayıtmışdıq. May ayının 7-8-də isə onlar həmin mövqeləri tərk edərək, Şuşaya qayıdırlar və ermənilər heç bir maneəyə rast gəlmədən orada möhkəmlənir. Şəxsi münaqişə zəminində ağır yaralanan Hail Kazımovdan bu xəyanətin səbəbini öyrənmək mümkün olmadı. Mayın 9-da məlumat aldıq ki, ermənilər həmin mövqelərdən hücuma keçərək Köhnəkəndi yandırırlar. Öz dəstəmlə oraya yolandım. Turşsuya qalxanda Şuşadan qaçan hərbçilərin ilk dəstələri ilə rastlaşdıq. Biz Köhnəkəndə çatanda kəndin yuxarısındakı evlər od içərisində idi. Kənd sakinlərindən Laçın və İzzət Səlimov qardaşları bizə bələdçiliyi öz üzərlərinə götürdülər. Onlar həm bələdçilik edir, həm də bizimlə çiyin-çiyinə vuruşurdular. Öyrəndik ki, ermənilər iki nəfər kənd sakinini girov götürüblər.
Qaranlıq düşmüşdü. Axşam bir qədər dincəlib gecə ikən əməliyyata başladıq. Artıq qrantamyot vuran məsafəyə qədər düşmənə yaxınlaşmışdıq. Hücüm əmri verdim və postu götürdük. Mayın 9-dan 14-nə kimi mövqelərimizi saxladıq. Yenidən Elbrus Orucovun şəxsi əmri ilə bizi oradan çıxardılar. Bəhanə bu idi ki, bizə Ermənistanla sərhəddi qorumaq tapşırılıb. Biz hadisələrin mərkəzində olsaq da, planlı şəkildə həyata keçirilən təxribatlardan xəbərsiz idik. İnsan nə qədər vicdansız və şəxsiyyətsiz olar ki, belə məqamda öz xalqına və vətəninə xəyanət edə bilsin. Mayın 14-ü səhər Laçına gəldik və öyrəndik ki, topla postun binasın vurublar. 5 nəfər həlak olub, yaralılar var. Həmin yaralılardan biri də mənim bacım idi. Bir azdan məlumat aldıq ki, Cağazur kəndindən yuxarı, ermənistanla sərhəddə yerləşən 31-ci postu ermənilər alıb. Yenə komandanlıq bizə müraciət etdi və bildirdi ki, bu əməliyyat 99 faiz ölümlə nəticələnə bilər. Yubanmadan hadisə yerinə yollandıq. Əfqanıstan döyüşçülərindən Şamo Ramazanov, Yusif Həcəfov, Eldəniz Fabir (sonradan şəhid oldu) və digərləri mənimlə birgə idilər. Keçəcəyimiz yer tamamilə açıqlıq idi və ermənilər güclü nəzarətə götürmüşdülər. Açıq döyüşə girmək istədilər, qoymadım. Komandanlıqla ratsya əlaqəsinə çıxaraq bildirdim ki, mənim verdiyim koordinatlar əsasında düşmən mövqeləri top atəşinə tutulmalıdır. Bir müddətdən sonra top səsi eşidilməyə başladı. Mərminin biri Dığ kəndində düşmənin silah anbarına düşərək güclü yanğın və partlayış törətdi. Bir anlığa özünü itirən erməni yaraqlıları döyüşü saxladılar. Bundan istifadə edərək səngərlərə girdik. İki düşmən yaraqlısını məhv etdik. Az sonra düşmənin atdığı top mərmisi bizi sərgərdə yaxaladı. Yoldaşlarımızdan Yusif və Eldəniz torpağın altında qaldılar. Ciddi zədə almamışdılar. Səngəri bərpa edib mövqelərimizi möhkəmləndirdik. Tezliklə postu özümüzünkülərə təhvil verib qələbə əhval-ruhiyyəsi ilə Laçına qayıtdıq.

Bakıya dönənlər kimlər idi?

Dedilər ki, köhnə postda vəziyyət ağırdır. Turşsu-Şuşa istiqamətindən silahlı dəstələr mövqelərini tərk edərək Bakıya qayıdırdılar. Onlar şəxsi maraqlar və istənilən anda təxribat törətmək, xəyanət etmək məqsədilə təşkil edilmiş silahlı dəstələr idi ki, həmin dar məqamda xəyanətkarcasına öz mövqelərini tərk edirdilər.
Artıq Laçın təklənir və mühasirə vəziyyətinə düşürdü. Laçınlılardan ibarət 300 döyüşçü dinc əhalinin əsir düşməməsi üçün ölümə getməyə hazır idilər. Mayın 15-də gecə xəbər gəldi ki, ermənilər Köhnə Laçına girib. Şəhərin ətrafında postlar qoymuşduq, düşmən Laçına girə bilmirdi. Mərkiz dağında mövqe tutan topçularımız da Ermənistan tərəfdən düşmənin irəliləməsinə imkan vermirdi. Buna baxmayaraq, mayın 16-da tezdən Laçından çıxan yollar bağlandı. Bütün bunları lentə alan mərhum jurnalist Çingiz Mustafayev kəşfiyyat rotasının komandiri Vaqif Salmanovla söhbətləşir, necə hərəkət edəcəklərini soruşurdu. Vaqif bildirir ki, mən gedirəm Qaladərəsi-Laçın yolundakı körpünü partlatmağa. Həmin körpü partladılsa, düşmənin ağır texnikası şəhərə girə bilməyəcək.

Baş tutmayan plan

Axşama yaxın artıq Laçın mühasirədə idi. Ətraf kəndlər və Yuxarı Laçın yanırdı. Mayın 18-i Qayğı qəsəbəsindən Güləbirdə gəldik. Məqsədimiz qüvvəlrimizi yenidən səfərbər edərək, Laçına qayıtmaq idi. Ancaq nədənsə bu plan baş tutmadı. Polkun komandir heyətindən heç kim olmadığından, məcbur olub rəhbərliyi öz üzərimə götürdüm. Gəldik Qubadlıya, oradan da Cəbrayıla. Burada Rafiq Hağıyev və Şakir Sadıqov gələrək, polka rəhbərliyi yenidən ələ aldılar. Mənim itkin düşməyim haqqında evimizə yanlış məlumat çatmışdı. Məcburiyyət qarşısında qalaraq bir neçə günlüyə evə getdim və yenidən hərbi hissəyə qayıtdım".
Bura qədər çox qısa olaraq nəql elədiyim İsabalı Əsgərovun ömrünün döyüş yoludur. İki övlad atası olan İsabalı bəy ömrünün 53-cü baharını yaşayır və ən böyük arzusu Laçını erməni yağılarından azad etməkdir. Bu arzusunun bir gün gerçək olacağına inanır. Bunun üçün milli ordunun gücləndirilməsinin və ən müasir silahlarla təchiz olunmasını deyir. Və bir də deyir ki, bu yaşında Ali Baş komandan əmr versə torpaqların azad olunması üçün silaha sarılanların önündə gedənlərdən olacaq. İkinci qrup əlil olan İsabalı bəy bu gün BAXCP sıralarında həm də siyasi fəaliyyətini davam etdirir. O partiyanın Laçın rayon təşkilatının sədridir.
İsabalı Əsgərovun bir sıra təltifləri olub-"SSRİ silahlı qüvvələrinin 70 illiyi", "Beynəlmiləl döyüşçü", "Əfqan xalqının təşəkkürü" medalları və SSRİ Ali Sovetinin Fəxri Fərmanı. Bu il isə "Əfqanıstan 25 il" yubley medalı ilə təltif olunub. Ancaq İsabalı Əsgərov üçün ən böyük təltif 20 faiz torpaqlarımızın işğaldan qurtulmasıdır. Və bu təltifə Azərbaycan xalqının övladı kimi onun da layiq görüləcəyini səbirsizliklə gözləyir.