Azərbaycanlı əsirin məktubu və son statistika Hadisə

Azərbaycanlı əsirin məktubu və son statistika

Bir müddət öncə Sankt-Peterburqda yaşayan bir azərbaycanlının Yutub sosial şəbəkəsində yayılan səs yazısı narahatlıqla qarşılanmışdı.
Səs yazısında azərbaycanlı Sankt-Peterburqun Sofiyski bazarına Ermənistandan daxil olan şaftalı yeşiklərinin içərisində bir zərf tapıldığını bildirmişdi. İddiaya görə, zərfi Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı yazıb. O, Ermənistanda necə dözülməz şəraitdə saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını bildirir və kömək istəyirmiş.
Məktubun fotosu və digər təsdiqləyici faktlar olmasa da, məlumat diqqət çəkməyə bilməzdi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarlarla bağlı ən son statistikanı təqdim edib.
Belə ki, 1 avqust 2018-ci il tarixinə itkin düşənlərin sayı 3875 nəfərdir. Onlardan 3610 nəfəri kişi, 265 nəfəri qadındır.
İtkin düşmş şəxslərin 3168 nəfəri hərbçi, 707 nəfəri mülki vətəndaşdır. 707 nəfərdən 67-si uşaq, 265-i qadın, 324-ü qocadır.
Əsir-girov götürülməsi barədə Dövlət Komissiyasına məlumatlar daxil olmuş şəxslərin sayı 871 nəfərdir. Bunlardan 773-ü kişi, 98-i qadındır.
Əsir-girov götürüldüyü bildirilən şəxslərdən 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxs olub. 267 mülki vətəndaşın 29-u uşaq, 98-i qadın, 112-si qocadır.
Əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1476 nəfər olub. Bunun 1113 nəfəri kişi, 363 nəfəri qadındır.
Əsir və girovluqdan azad edilənlərin 362 nəfəri hərbçi, 1114 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 223-ü uşaq, 363-ü qadın, 224-ü qoca olub.