Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib" Siyasət

Səfir: "Azərbaycan və Gürcüstan arasındakı dostluq iki ölkə arasında əlaqələrin inkişafına təkan verib"

Azərbaycan və Gürcüstan arasındakı dərin köklərə malik dostluq və əməkdaşlıq, xüsusilə dövlət başçılarının səmimi dostluğu iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına təkan verib.

APA xəbər verir ki, bu fikirləri Gürcüstanın müstəqillik günü münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə səfir Zurab Pataradze deyib.

Pataradze bildirib ki, Azərbaycanla müştərək həyata keçirilən enerji layihələri tək region üçün deyil, həm də Avropa üçün faydalıdır.

Səfir Rusiya-Ukrayna müharibəsinin təkcə Ukrayna deyil, region üçün təhdid olduğuna diqqət çəkib:

"Azərbaycanla "Bakı-Tbilisi-Qars" və "Bakı-Tbilisi-Ceyhan" kimi layihələr həyata keçirilir. Hazırda isə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladığı sənədlə biz Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Ölkələrimizin arasındakı münasibətlərin inkişafı həm hər iki tərəfə, həm də bütövlükdə regiona mühüm dividendlər qazandırır. Bütün bunlarla yanaşı qeyd etmək istəyirəm ki, Rusiyanın Ukraynaya qarşı hərbi aqressiyası təkcə bu ölkə deyil, bütövlükdə region üçün böyük problemdir. Bu problemin həlli son dərəcə vacibdir".