“Ya toylara icazə verilməli, ya da o adamlar cəzalandırılmalıdır” - QHT sədri Hadisə

“Ya toylara icazə verilməli, ya da o adamlar cəzalandırılmalıdır” - QHT sədri

“Mart ayından ölkəmizdə dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib. Orta və ali məktəblərdə dərslər dayandırılıb, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, insanların kütləvi toplaşması müvəqqəti məhdudlaşdırılıb. Bunun nəticəsidir ki, artıq koronavirus epidemiyasını xeyli dərəcədə cilovlamaq mümkün olub. Lakin yenə də ehtiyatlı olmalı, karantin qaydalarına əməl etməliyik”.

Bunu Cebhe.info-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, karantin rejiminin yumşaldılması tədricən həyata keçirilməlidir.

“Artıq avqustun 18-dən kafe və restoranların fəaliyyətin icazə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iaşə müəsissələri saat 09:00-dan 22:00-dək fəaliyyət göstərə bilər. Lakin kafe və restoranların sahibləri, icarədarlar tətbiq olunan qaydalara əməl etməlidir. İaşə müəssislərində dezinfeksiyaedici məhlullar qoyulmalı, xidmət göstərənlər qoruyucu maskada olmalı, sosial məsafə qorunmalı, bir masada ancaq 5 nəfərin oturmasına icazə verilməlidir. Göründüyü kimi təqbiq olunan qaydalar epidemiya ilə bağlı vəziyyətin hələ də ciddi olduğunu göstərir”.

Qarşıdan soyuq ayların gəldiyini xatırladan QHT sədri hesab edir ki, insanların kütləvi toplaşdığı məkanları açılması tədricən reallaşdırılmalıdır: “Birdən-birə insanlar gur toplaşdığı yerlərin açılması virusun yayılmasını sürətləndirə bilər. Yəqin Nazirlər Kabineti yanında Operativ Qərargah uyğun bildiyi zamanda toy və nişan mərasimlərinin təşkilinə icazə verəcək. İnsanlar əvvəllər olduğu kimi dünyasını dəyişmiş doğmalarına yas mərasimi keçirə biləcəklər.

Məhdudiyyətlər cəmiyyətdə gərginlik, narazılıq yaradır. İşsiz, sosial müdafiəsi zəif insanların narazılığı anlaşılandır. Lakin virusla mübarizə tək bir qurumun işi deyil. Azərbaycanın tanınmış ziyalıları, ictimai fikrə təsir gücündə olan insanlar maarifləndirmə işində öndə olmalıdır. Belə bir vaxtda sabiq millət vəkillərindən birinin övladına toy etməsi cəmiyyətdə narazılığı daha da alovlandırıb. Ən pisi odur ki, həmin toyda hakim partiyanın funksionerləri, deputatlar, AMEA-nın prezidenti, akademikləri də iştirak edib. Onların çoxu da hakim partiyanın fəalları, funksionerləri olub, bəziləri bu gün də rəhbərlikdə təmsil olunur. Bu hadisə yumşaq desək qanunların heçə sayılmasıdır”.

“Yaşıl Dünya” EMİB sədri hesab edir ki, uzun illər hakimiyyətin ideoloji təbliğat maşınına rəhbərlik etmiş bu adamların bu hərəkəti məntiqsizdir:

“Uzun illər onlar insanları qanunlara tabe olmağa, destruktiv əməllərdən çəkinməyə çağırıblar. Bəs son hərəkət hansı məntiqə sığır? “Bu dövlətin qurulmasında bizim rolumuz olub” deyən adamların dövlətin qoyduğu qaydalara etinasız yanaşması, ən yaxşı halda “qanunun yanında keçməsi” toplumda hansı reaksiyanı doğura bilər? Bu, ən pis halda hüquqi nihilizmə gətirə çıxara bilər. İnsanlarda “bizi ağlara, qaralara bölürlər” düşüncəsi formalaşdıra, dövlət ədalətinə inamı sarsıda bilər. Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkialtının Azərbaycandakı nümayəndəsi Hande Harmançı karantin günlərində Qubaya istirahətə yollanmış, lakin ictimai qınaq qarşısında insanlardan üzr istəmişdi. İndi növbə o məclisdə iştirak edənlərdədir. Onların hər biri etdiyi yanlış hərəkətə görə, Azərbaycan xalqından üzr istəməlidir. Bu hadisədən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah ya toy və yas məclislərinə icazə verməli, ya da hüquq mühafizə orqanları karantin qaydalarını pozanları cəzalandırmalıdır. Əks halda insanlarda qanunsuz hərəkətlərə meyl artacaq”.