Jurnalistlər üçün yeni müsabiqə Hadisə

Jurnalistlər üçün yeni müsabiqə

Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqır. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2.Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3.Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4.Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda "Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Yazıların qəbulu 03 noyabr 2014-cü il tarixdə başlayır, 19 dekabr 2014-cü il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqədə I -ci yer üçün bir nəfər (1 000 AZN), II -ci yer üçün iki nəfər (800 AZN), III -cü yer üçün üç nəfərin (600 AZN) mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında www.kivdf.gov.az saytından ətraflı məlumat əldə etmək olar.