“Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər“ Hadisə

“Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər“

Hadı Rəcəbli: "Azyaşlı uşaqların dünyaya gətirəcəyi övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz"

"Azərbaycan "Uşaq Hüquqları konvensiyası"na qoşulan ilk gündən qaçqın və məcburi köçkün uşaqlar problemi ilə üz-üzə qalıb". Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istədiyini bildirən komitə sədri qeyd edib ki, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb: "Qaçqınlıq dövrünü yaşayan həmin uşaqlar artıq böyüyərək ailə qurur və uşaq dünyaya gətirirlər. Bu da o deməkdir ki, Azərbaycanda qaçqın-köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq, həmin problemləri yaşayırlar. Mən UNİCEF-in və digər beynəlxalq təşşkilatların da diqqətini bu məsələyə yönəldirəm".
Azərbaycan parlamentində nikah yaşının artırılaraq 18 yaşa çatdırılması ilə bağlı qanunun qəbul edildiyini xatırladan H.Rəcəbli vurğulayıb ki, azyaşlı uşaqların qurduğu ailədən və dünyaya gətirəcəyi övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz: "Bu ciddi və həlli vacib olan problemlərdən biridir. Artıq bu problemin qismən həll olunmasına, bununla da xəstə uşaqların dünyaya gəlməsinin qarşısının qismən alınmasına nail olmuşuq. Biz bir sıra genetik xəstəliklərin qarşısının alınması üçün Ailə Məcəlləsinə bəzi düzəlişlər etmişik".
Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva isə çıxışında deyib ki, Azərbaycanda 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qeydiyyatında olan, övladlığa verilməsi mümkün olan uşaqlardan 41-i övladlığa verilib, 228 uşaq öz bioloji ailəsinə qaytarılıb, 589 uşağın isə dövlət uşaq müəssisəsinə düşməsinin qarşısı alınıb.
Onun sözlərinə görə, 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrindən, yəni internat və uşaq evlərindən 716 şagird məzun olub. Onlardan 176 nəfəri tam orta təhsil, 540 nəfəri isə ümumi orta təhsil səviyyəsini bitirib. Tam orta təhsil səviyyəsini bitirən məzunların 48 nəfəri ali təhsil müəssisəsinə, 17 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. 111 nəfər şagird isə məzun olduqdan sonra öz valideynlərinin və ya qanuni nümayəndələrinin himayəsinə təhvil verilib.
Ümumi təhsil səviyyəsini bitirən 540 nəfərin 12-si orta ixtisas təhsili müəssisəsinə, 93 nəfəri ilk peşə ixtisas müəssisəsinə qəbul olub, 231 nəfər uşaq isə ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsillərini davam etdirib. 204 nəfər sağlamlıq imkanları məhdud uşaq isə məzun olduqdan sonra təhsillərini davam etdirə bilməyib.