Yuxusuzluq problemi Hadisə

Yuxusuzluq problemi

Yuxulu sürücülərin səhvi ucbatından hər il minlərlə yol qəzası baş verir

Dünyada yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və ya sosial statusundan asılı olmayaraq ən müxtəlif adamlar yuxusuzluqdan əziyyət çəkir. Hətta tam sağlam və uğurlu adam da bu və ya digər şəkildə yuxusuzluqla qarşılaşa bilər. Bu gün statistikaya görə, dünyanın hər üç sakinindən biri yuxusuzluqdan əziyyət çəkir. Yuxu təbii fizioloji prosesdir. İnsan yuxuya gedən zaman beyinin fəaliyyəti aşağı düşür, ətraf mühitə olan reaksiya azalır. Alimlər bildirirlər ki, insanın həyat fəaliyyətinin davamı və iş qüvvəsinin yenidən bərpası üçün mütləq yuxu rejiminə əməl olunmalıdır. Dərin yuxu vaxtı bədən və beyin gün ərzində üzləşdiyi gərginlikdən dincəlir.
Böyük Britaniyalı alimlərin apardıqları tədqiqatlar sayəsində əmin olublar ki, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici təsir göstərir. Yuxusuzluq ciddi ruhi pozğunluqların meydana çıxmasına səbəb olaraq insanın ağlını başından çıxara bilər. Yuxu orqanizmin ahəngdar fəaliyyəti üçün zəruridir. Beyin hüceyrələrinə də istirahət lazımdır. Onların da bütün digər orqanlar qədər istirahətə ehtiyacı vardır. Alimlər qeyd edirlər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaq.
Mütəxəsislər deyir ki, daha çox kişilər rahat yuxu ala bilirlər. Bu isə onunla izah edilir ki, qadınların bədənlərində istilik dəyişkənliyi olur. Bu isə bəzən rahat yuxuya mane olan amillərdən sayılır. Yaşlı insanların əksəriyyəti rahat yuxudan məhrumdurlar. Ümumiyyətlə isə, 60 yaşından sonra həm kişilərin, həm də qadınların yuxu rejimi 5-6 saat olur. Bu, bədəndə fizioloji gedən prosesin nəticəsidir. 1920-ci illərlə müqayisədə, indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar. Lakin çox yatmaq da yuxu pozğunluğu hesab edilir. Düzgün yuxu rejiminə əməl etməyən insanlar təkcə özünə deyil, kənardakılara da pis təsir göstərirlər. Bəzi hallarda isə, bu, faciəyə də yol aça bilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, yuxulu sürücülərin səhvi ucbatından hər il on minlərlə yol qəzası baş verir.
Yuxusuzluq beyni 7 il qocalda bilir. İnsan 40 gün ac qala bilər, ancaq 7 gün yuxusuz qala bilməz. Böyük Britaniya alimləri bu qənaətə gəliblər ki, yuxusuzluq zamanı beyin hüceyrələri dincələ bilmir və beləliklə də getdikcə məhv olurlar.
Məhv olan hüceyrələr isə beyində digər problemlər yaradır və bu proses nəticəsində hətta insan ağlını itirərək, ruhi xəstəyə çevrilə bilər. Yuxu orqanizmin harmonik fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.
Kolorado Universitetindən bir qrup alim tərəfindən aparılan və "Journal of Physiology" jurnalında nümayiş olunan araşdırmaya görə, gecəni yuxusuz keçirən bir nəfərin itirdiyi enerji miqdarı, 8 saat yatarkən itirdiyi enerjidən təxminən 135 kalori çoxdur. 7 nəfər könüllünün iştirak etdiyi eksprementin rəhbəri Kennet Vriqtin sözlərinə görə, yuxuda olarkən enerji-kalori yandırmaq imkanı az olur. Amma mütəxəssislər yuxusuzluğun arıqlamaq üçün təhlükəli üsul olduğunu bildiriblər.
Ekspertlər bildirir ki, insanda yuxusuzluğun ilk təzahürləri müşahidə edilən kimi buna qarşı mübarizə aparmaq lazımdır. Bu ilk təzahürlər yuxuyagetmə çətinliklərindən ibarət ola bilər. Əgər insan bunun öhdəsindən vaxtında gəlməsə, sonradan o, xroniki yorğunluq sindromu, daimi stress, qarmaqarışıq fikirlər və məntiqsiz hərəkətlərlə qarşılaşacaq. Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir. Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, yuxusuzluq insanın əsəblərini korlayır: "Gecələr normal yata bilməyən adam çox aqressiv olur, hər şeydən qıcıqlanır. Az yatan insan zehni və fiziki işlə məşğul olmaqda çətinlik çəkir, özünü əzgin və məyus hiss edir. Belə adamlarda tez-tez səbəbsiz yerə ruh düşgünlüyü müşahidə olunur. Uzun müddət sürən yuxusuzluq isə XXI əsrin bəlasına çevrilən depressiyaya da gətirib çıxarır".
Arzu Qurbanova qeyd edir ki, normal halda insan yataqda 10-15 dəqiqəyə yuxuya gedir: "İnsanın yuxusuna isə onun gündəlik rejimi təsir edir. Şam yeməyini yatmazdan bir qədər əvvəl edirsinizsə, yuxuya çətin gedəcəksiniz. Belə ki, bu zaman mədə yeməyi həzm etməyə başlayır və orqanizmə rahatlaşmağa imkan vermir. Qida isə tərkibindən asılı olaraq bir neçə saata həzm olunur. Bu səbəbdən də yuxuya getməzdən 2-4 saat əvvəl yemək yemək məsləhətdir. Bu, yalnız yuxu üçün deyil, mədənin sağlamlığı üçün də vacib amildir. Yaxşı olar ki, axşam saat 6-da şam edib, bundan sonra yemək yeməyəsiniz. Saat 6-da şam edəndən sonra isə saat 9-10-da rahat yatmaq olar".
Qeyd edək ki, rahat yuxu üçün gün ərzində nə dərəcədə hərəkətli olmağınız da vacibdir. Əgər siz özünüzü həddindən artıq enerjili və aqressiv hiss edirsinizsə, deməli, hərəkətə, toplanmış enerjinin, aqressiyanın boşaldılmasına ehtiyacınız var. Tənbəllik edib heç bir iş görməmək, oturaq həyat tərzi sürmək həm yuxuya mənfi təsir göstərir, həm də beynin fəallığını azaldır, əzələlərin boşalmasına gətirib çıxarır. Bunun üçün də hərəkət etmək, idmanla məşğul olmaq əsas amildir. Nə qədər çox hərəkətdə olsanız, əhvalınız daha da yüksələcək. Lakin bu zaman həddini aşmaq, özünü çox yükləmək də olmaz. Belə ki, çox idman etmək də yuxunun pozulması ilə nəticələnə bilər.
Psixoloqun dediyinə görə, narahat yataq otağı, yatağın özü, yataq dəsti də yuxusuzluğa səbəb ola bilər: "Yataq dəsti seçərkən fikir verin ki, rahat, yumşaq və hamar olsun. Yataq dəsti təbii parçalardan hazırlanmalıdır ki, tiftiklənib dəriyə dəyərək qıcıqlandırmasın. Keyfiyyəti ilə yanaşı yataq dəstinin rəngi də çox vacibdir. Bəyəndiyiniz, xüsusilə də açıq və ya çox tünd, lakin əlvan olmayan rənglər də sizin tez yuxuya getməyinizə kömək edə bilər" deyən psixoloq əlavə edib ki, gecə yataqda uzanıb kompüterdə oyun oynamaq, televizora baxmaq, dəhşətli filmlərə baxmaq da məsləhət deyil. Yadda saxlayın ki, qaranlıq və sakit yerdə yatmaq lazımdır. Belə ki, təbii yuxu gətirən melatonin adlanan xüsusi maddə qaranlıqda daha fəal yaranmağa başlayır. Eləcə də rahat yuxu üçün səhər və axşam eyni vaxtlarda yatmağa çalışın. Gecə yuxunuz gəlsin deyə əlavə olaraq günorta və ya axşam vaxtı yatmayın. Həm də gecə yuxusunun yerini heç nə vermir. İnsan günorta və ya səhər vaxtlarında yatsa da, gecə yatdığı zaman orqanizm daha çox dincəlir və bu yuxudan faydalanır. Yuxuya getmək üçün münasib vaxt gecə saat 10-dur. Yuxunun uzunluğuna gəlincə isə 8 saat yatmaqla yuxudan tam doymaq olar. Bu saatlardan çox və ya az yatdıqda isə insan yuxudan doymamış kimi özünü hiss edir və səhərlər yuxudan ayıla bilmir. Düzdür, bəzən istisna hallar olur ki, insana tam yuxudan doymaq üçün 10-11 saat tələb olunur. Nəzərinizə çatdıraq ki, insanlar müxtəlif vaxtlarda yuxuya gedir. Qanda melatonin maddəsinin ən çox yarandığı vaxt isə gecə saat 12-dən səhər saat 4-ə qədər olur. Səhər açılanda isə melatonin işığın təsirindən az yaranmağa başlayır və insan tədricən yuxudan ayılır.
Psixoloq vurğulayır ki, yuxunu bir vərdiş kimi təsəvvür etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək. Bunun üçün hər gün eyni saatda yatmaq lazımdır. "Əvvəlcə bu çətin gələ bilər, lakin vərdişə çevriləndən sonra bu xeyli asanlaşacaq. Hətta uzun müddət, misal üçün, gecə saat 11-də yuxuya getməyə alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə və yuxuya ehtiyac duymağa başlayacaq".
Psixoloq Azad İsazadə bildirir ki, son zamanlar az yatanların sayı xeyli artıb: "İnternetin, texniki tərəqqinin inkişaf etdiyi bir dövrdə bu hal heç də təəccüblü deyil. İnsanlar gecə saatlarınadək internetdən istifadə edirlər və yaxud araşdırmalar aparmaq üçün saatlarla kompüterin arxasında əyləşirlər. Ona görə də, 7-9 saat deyil, 4-5 saat yuxu ilə kifayətlənirlər. Bu, artıq onlarda vərdiş halını alır".
Psixoloqun sözlərinə görə, spirtli içkilər, siqaret yuxuya mane olan amillərdəndir: "Siqaret çəkən insanlar vərdiş ediblər ki, yatmazdan əvvəl siqaret çəkib, istirahət etsinlər. Onu deməliyəm ki, siqaretin tərkibindəki elementlər yuxunun pozulmasına səbəb olur".
Azad İsazadənin dediyinə görə, az yatmaq o qədər də təhlükəi deyil. Əsas odur ki, insan özü hiss etsin ki, yatdığı vaxtda dincələ bilir. Sübut olunub ki, adətən, yaradıcı, emossional, intellektual insanlar daha az yatırlar. Buna səbəb isə, onların hansısa araşdırmalar aparmaları, elmi məsələlərin həll edilməsi üçün çox vaxt sərf etmələridir. Onlarda belə bir fikir hökm sürür ki, daha az yatsalar, daha çox problemi həll etmiş olarlar. Ancaq hamıya məlumdur ki, ən son texnikaya malik olan aparatlar belə, müəyyən fasilələrlə işləyir. İnsan heç vaxt dincələmədən işləyə və yaxşı nəticə əldə edə bilməz. Bu zaman onun hərəkətlərində, nitqində məntiqsizlik yaranar.
Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzunmüddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür. Doğrudur, insan yatarkən onun ömrü gedir. Ancaq dolayısı ilə, yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur. Yuxusuzluq daha çox yaddaşa təsir göstərir. İnsan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir;
Aclıq hissi yatmağa mane olduqda, müəyyən məhsullar ilə qidalanmaq gərəkdir. Bir qisim insanların yatmasına banan, şirə və peçenye, digərlərinə isə isti süd, yumurta, qoz və hind quşunun kababı kömək edir. Həkim göstərişi olmadan yuxu dərmanını qəbul etmək səhv hərəkətdir; qeyri-peşəkar, naşı insanlar adətən psixiatriya sahəsində, epilepsiyanın, psixoloji və patoloji zəhlə tökmək hallarının müalicəsi üçün tətbiq edilən dərman vasitələrini məsləhət görürlər.
Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq gərəkdir.

Ülviyyə Tahirqızı