Parnosaytların vurduğu ziyan Hadisə

Parnosaytların vurduğu ziyan

Maddi 250 milyon, mənəvi isə saysız-hesabsızdır

"Bizdə internet trafikinin təxminən 50-60 faizini əyləncə saytları tutur".
Bu barəfə mətbuata informasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu danışıb. Onun sözlərinə görə, əyləncə saytlarına əsasən həddi-buluğa çatmamışlar girirlər: "Yeniyetmələr pornosaytlara, oyun və tanışlıq saytlarına girirlər, onlayn kazinolarda oynayırlar, həm tərbiyələri pozulur, həm də vaxtlarını təhsilə yox, mənasız əyləncələrə sərf edirlər".
Ekspertin sözlərinə görə, yeniyetmələr bu arzuolunmaz fəaliyyətlə həm evlərdə, həm də internet klublarda məşğul olurlar:"Əksər internet klublar qazancı belə yollarla əldə edirlər. Özünüz fikirləşin, geniş zolaqlı interneti ayda 10 manata əldə etmək mümkün olduğu bir şəraitdə internet klublarda adam əlindən tərpənmək olmur. Düzdür, tanışlıq saytlarına girənlərin içində arvada "çayçıdayam" deyib, internet klublarda virtual eşbazlıqla məşğul olan evli kişilər də var. Amma istifadəçilərin çoxu məktəbli uşaqlardır".
Ekspertin dediyinə görə, trafikin bu cür məşğul edilməsi dövlətin internet trafiki xərclədiyi on milyonlarla vəsaitin zərərli istiqamətə sərf edilməsi deməkdir:"Rəsmi məlumatlara görə, bizdə trafik pik saatlarında 135 terabayt/saniyəyə qədər yüksəlir. Zərərli saytlara giriş olmasa yüklənməni iki dəfə azaltmaq olardı, bu isə internet istifadəçilərinin sayını əlavə xərc çəkmədən iki dəfə artırmaq olardı".
Bu da rabitə sektorunda internet sektorunda əldə ümumi daxili məhsulun (ÜDM) iki dəfə artması deməkdir. Rəsmi məlumatlara görə, hazırda ölkədə 2 milyon internet istifadəçisi var. Buraya stasionar kompüterlər, noutbuklar, planşetlər və smartfonlar daxildir. Trafikin yüklənməsinin iki də azalması daha 2 milyon belə qurğunun internetə bağlanması demək olardı. Bu qurğular ən ucuz geniş zolaqlı tariflə, yəni aylıq 10 manatlıq tariflə internetə qoşularsa, bu, rabitə sektorunun orta hesabla ayda 20 milyon manat, ildə isə 240 milyon manat əlavə qazanc əldə etməsi deməkdir.
Həm də Cahid İsmayıloğlunun dediyindən belə çıxır ki, sərhədsiz internetin evlərə qədər girməsi, həmçinin evində internet olmayan uşaqlar üçün internetklublarda hər cür şəraitin yaradılması Azərbaycanda Qərbin pornosənayesi tərəfindən tərbiyə olunan bir nəslin yetişməsinə səbəb olur. Təbii ki, gününün çox hissəsini Saşa Qrey, Cessi Ceyni, Kim Kardaşyan kimi silikon toplularına baxmaqla keçirən yeniyetmənin gözündə qadının müəllim, ana, bacı, nənə, ağbirçək obrazı dağılmağa başlayır, belə gənclər üçün Azərbaycan mentalitetinin əsas sütunları olan namus, qeyrət, abır, ismət dəyərləri yavaş-yavaş qiymətini itirir. Bu yolla inkişaf Azərbaycanı liberalizm maskası altında gizlənmiş heç bir dəyəri və inamı olmayan, milli kimliyini qorumağa qeyrəti çatmayan ümidsiz bir sabaha sürükləyə bilər.
Bu məsələnin ən təhlükəli tərəfi yaşı əsasən 40-50 ətrafında dəyişən valideynlərin internetin bu cür "imkanları"ndan xəbərsiz olmasıdır. Əksər ailələrdə valideynlər uşaqlarına kompüter və ya planşet alanda, bunun uşağın yaxşı oxuması üçün çox vacib olduğunu düşünür. Nəticə isə tam tərsinə olur. İndi kompüter arxasında oturmaqdan gözləri zəifləmiş, saçı tökülmüş çox sayda gəncə rast gəlmək olur ki, ali məktəblərə minimum keçid balını belə toplamaqda çətinlik çəkirlər. Adətən, belə gənclərin orta savadı, dünya görüşü çox zəif olur, insanlarla ünsiyyət problemləri olur, sağlamlıqlarında müxtəlif problemlər müşahidə olunur. Göründüyü kimi, Azərbaycan evlərində böyüyən uşaqlar texnoloji inkişafın gətirdiyi çox ciddi bir problemlə üz-üzədir və bu problem mütləq həll edilməlidir.
Dünya səviyyəsində bu problem müxtəlif üsullarla həll edilir. Məsələn, Böyük Britaniya baş naziri seçilən Devid Kemeronun ilk addımlarından biri Birləşmiş Krallıq ərazisində bütün pornosaytların bağlanması olub. Əgər hər hansı britaniyalı öz evində porno və ya oyun saytı açdırmaq istəyərsə, bunun üçün provayderə rəsmi müraciət etməlidir. Bu məsələdə mühafizəkar ingilis mentaliteti nəzərə alınıb, yəni heç bir ingilis evində pornosayta baxmaq istədiyini etiraf etməz.
Azərbaycanda da təxminən buna oxşar addımlar atılması nəzərdə tutulur. Hazırda Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqların və yeniyetmələrin internet şəbəkəsinin mənfi təsirindən müdafiəsi sahəsində elmi araşdırmalar aparır. İTİ-nin Tədris-İnnovasiya Mərkəzindən verilən məlumata görə, bu istiqamətdə kontentin filtrasiyası, valideynlərlə provayderlər arasında razılaşma mexanizmlərinin tətbiqi, yaxud biometrik eyniləşdirmə sistemindən istifadə variantlarına baxılır. Həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyini təmin etmək üçün "ağ siyahı"nın hazırlanmasını nəzərdə tutur. "Ağ siyahı"ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək. Uşaqlar üçün zərərli saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər olunacaq. Yəni zorakılığı, ekstremizmi, terrorizmi təbliğ edən saytlar, həmçinin pornosaytlar, qumar saytları və s. bu kimi saytlar bağlanacaq.