“Divar rəsmlərində məni narahat edən suallara cavab tapmağa çalışıram” Mədəniyyət

“Divar rəsmlərində məni narahat edən suallara cavab tapmağa çalışıram”

Məhərrəm Əli: “Yaradıcılıq, olan və yaxud olmayan bir şeyi fərqli tərzdə ifadə edə bilmək bacarığıdır”

“Dünyada hər bir ölkə öz mədəniyyəti və incəsənəti ilə tanınır. İncəsənət dil, din, irq, millət ayrı seçkiliyi olmadan bütün insanları bir araya gətirən, sosiallaşdıran ifadə vasitəsidir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində rəssam Məhərrəm Əli deyib. Onun fikrincə odlar yurdu Azərbaycanda incəsənətin tarixi eramızdan əvvəlki minilliklərə söykənir: “Qobustanda qaya üzərindəki insan təsvirlərindən tutmuş, yaşı yüz illərlə ölçülən qədim xalçalarımız mədəni irsimizin taxiriliyini, milli kimliyimizin orijinallığını qürurla əks etdirir. Müasir dövrümüzdəki Azərbaycan təsviri incəsənəti, dövlətimizin dəstəyilə ölkəmizinin mədəni şöhrətini bütün dünyaya tanıdır.

Bu il Ali baş komandan prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edərək giriş nitqi söylədi: “Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”.

“Hər il yüzlərlə sərgilər təşkil olunur”

Məhərrəm Əli bildirib ki, Cənab Prezidentin gəncləri ətrafına toplayaraq onların fikirlərini dinləməsi, yeni layihələrin həyata keçirilməsi barədə göstərişlər verməsi ölkədəki gənclərə olan diqqət və qayğının bariz nümunəsidir: “Təkcə Heydər Əliyev fondunun təşəbbüsü ilə hər il yüzlərlə sərgilər təşkil olunur. Yerli və beynəlxalq simpoziumlar keçirilir. İstedadlı gənc rəssamların sənət əsərləri dünya şöhrətli qalareyalarda sərgilənir.

Simpozium demişkən, keçən ay 21-28 aprel tarixində 5-ci "ArtZone" simpoziumuna dəvət aldım. Simpozium Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın şəxsi təşəbbüsü və dəstəyi, “Nəfəs” insanlığa dəstək, "Avrasiya" beynəlxalq araşdırmalar institutu, "Regional hüquqi və iqtisadi maarifləndirmə" ictimai birliklərinin və “ART Zone” simpoziumunun rəhbəri Şakir Eminbəylinin təşkilatçılığı ilə həyata keçirildi. Tanınmış istedadlı rəssamlarla birgə bir həftə şəhərin səs küyündən uzaqlaşıb, təbiətin təravətli rənglərindən zövq alaraq maraqlı rəsm əsərləri yaratdıq. Fürsətdən istifadə edib incəsənət tarixindən, yerli və dünya klassiklərinin yaradıcılığından danışıb maraqlı diskussiyalar apardıq”.

“Məni narahat edən suallara cavab tapmağa çalışıram”

Həmsöhbətimiz əlavə edib ki, rəssamlar cəmiyyətin ən önəmli və həssas təbəqəsidir: “Sadə dildə izah etsəm geyindiyimiz paltardan tutmuş, yaşadığımız evlərə, istifadə etdiyimiz minik avtomobilləri, gündəlik məşiət əşyaları bir sözlə bizi əhatə edən bütün maddi aləmdə rəssamların vacib əməyi var. Konseptual xalçaçı rəssam və Street art rəssamı kimi istər öz yaradıcılığımda istərsə də şəhərin mərkəzi küçələrindəki divar rəsmlərində klassik və müasir incəsənəti üz-üzə qoyub məni narahat edən suallara cavab tapmağa çalışıram. Yaradıcılıq, olan və yaxud olmayan bir şeyi fərqli, fərdi tərzdə ifadə edə bilmək bacarığıdır.

Bəs rəssamlıq nədir? Mən niyə rəsm çəkirəm? Mən rəsm çəkməliyəm mi? Yadimdadır, bu sualları Azərbaycan Dövlət Rəssamlıq akademiyasının müəllimi, peşəkar rəssam Tahir Ələkbərova ünvanladım. O mənə çox maraqlı bir cavab verdi;

-Mən, diyə bilmədiyim sözü kətana köçürürəm. O sözü diyə bilsəydim çəkmək əvəzinə yazardım.

Ən qədim yazı piktoqrafik yəni şəkli yazıdır. Əlifba yaranmazdan əvvəl mübadilə dövründə insanlar bir-birləriylə simvollar vasitəsilə anlaşıb, gündəlik məişət problemlərini, dini ayinləri rutin və ritualları rəsm ediblər.

Bu rəsmlər indiki dövrümüzə qədər gəlib çatıb və o dövrü xarakterizə etməyimiz üçün mayak rorulunu oynayır.

Balaxanı qəsəbəsindəki divar rəsmləri

Şəkli yazı demişkən Balaxanı qəsəbəsindəki divar rəsmləri də bu qəbildəndir. “Balaxanı sözünün mənası yuxarıda tikilmiş, hər yerdən görünən ev, mənasındadır. "Bala" hər tərəfdən görünən, “xonə” ev deməkdir. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazıb. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Bir vaxtlar dünyada ən keyfiyyətli neftin çıxarıldığı ünvan kimi tanınan Balaxanı qəsəbəsi bu gün Bakının turizm mərkəzinə çevrilib. Mən və digər peşəkar rəssam dostlarım "Azfresco" rəssamlar qrupu olaraq Balaxanı qəsəbəsindəki yenidən qurma işlərində yaxından iştirak etdik. Qrupumuzun təsisçiləri Tahir Ələkbərov, Adil Yusif və Emin Ələkbərov başda olmaqla öz rəsmlərimizdə qəsəbənin tarixini, milli koloritini, aurasını qoruyub saxlayaraq ortaya maraqlı əsərlər qoyduq. Yenidən bərpa olunan evlərin divarlarında rəsm əsərləri yaratdıq.

Qəsəbəyə gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva divarlardakı əl işlərimizin qarşısında fotolar çəkdirərək, əsərlərimizlə bağlı yüksək və müsbət təəssüratlarını bölüşdülər.

Bu gün qəsəbəyə səhayət edən yerli və xarici turislər rəsmlərimizə baxıb zövq alırlar. Düşünürəm ki, bu rəsmlər illər sonra gələcək nəsillərə ötürdüyümüz informasiyadır...”.

Əli Zülfüqaroğlu