Eşqlər hələ ölmədi... Mədəniyyət

Eşqlər hələ ölmədi...

2-ci yazı

"Aydın vicdanı" adlı bölmədə öncəliklə Batıdakı siyasi çaxnaşmalar işığında ziyalı və ya digər bir adıyla aydın kəsimin tutduğu mövqe üzərində durulur. Bu bölmədə Almaniya mühitində (siyasi ortamda) baş verən siyasi olumsuzluqlara görə sıradan bir vətəndaşın verdiyi təpki səbəbiylə həbs olunması, aydın şəxsi və ya şəxsləri də hərəkətə keçirir. Aydın təbəqə təmsilçiləri bu mühitdə həbs olunan (əslində əzilən) vətəndaşın yanında yer alırlar və bu yandaşlıqlarını açıq jestlərlə bəlli edirlər. Bununla da həbsə məruz qalan vətəndaş mənəvi baxımdan gücünü itirmir, əksinə, mənən daha da güclənir. Və sadəcə bu fakt, Avropadakı kapitalizm tüğyanının önünü kəsən dilemmadır ki, bunun önəmsənilməsi də hava-su qədər gərəklidir! Müəllif bu xüsusa dair batılı yazarların romanlarındakı təsvirlərə diqqət çəkməyə çalışır: "...Camus, savaşdan sonra Avropa insanının kapitalizm bataqlığında necə yadlaşdığını "Əcnəbi" adlı romanında çox gözəl izah edir".
Bir yazarın öz əsərində toxunduğu ciddi xüsuslar və ya hər hansı haqsızlıqlara qarşı etiraz səsini ucaltması ilə "vəhşilşən" kapitalizmin önünə incə və ya qalın bir "divar" çəkilir. Orhan Aras bu nüansla, əzilənin haqqını qorumaq cəhdinin Avropadakı aydın kəsimin missiyasına çevrildiyini qeyd edir. Və müəllif bu təsbitiylə normal insan psixologiyasını kölə psixologiyasıyla əvəzləmək istəyən azğın kapitalizmin sürət və xofunun azaldığını da vurğulayır.
Müəllif Avropada müşahidə etdiyi bütün ortamları eyni zamanda Türkiyədəki atmosferlə müqayisə edir. "Bəs bizdə?" sualıyla öz məmləkətindəki mənzərələrə nəzər salan müəllifin fikirləri tənqidi səpkidədir və bu tənqid sol və sağ ayrımında yer alan ziyalı təbəqəyə doğru yönəlib. Bu sağ-sol paradiqmalarından qaynaqlanan baxış bucaqlarının incələnməsiylə bilavasitə aydın şəxslərin Türk cəmiyyətindəki rolu və vəzifələri müəyyənləşir.
"Xoca Paşa" adlı hissədə müəllif, Fatih Sultan Mehmetin vəziri də olmuş alim Yusif Sinanın və digər alimlərin (Xocazadə, Molla Lütfü, Ali Camal) sərbəst düşüncəli, cəsur, sözlərini söyləməkdən çəkinməyən, eyni zamanda yenilik tərəfdarı şəxsiyyətlər olduqlarını yazmaqdadır. Bu alimlərin qeyd edilən özəllikləri bilavasitə Fatih Sultan Mehmedin onları himayə etməsinə, onlarla hesablaşmasına səbəb olub. Osmanlı dönəmində alim sözünün dəyər və dərinliyi onun cəsur olmasına bağlı bir özəllik idi ki, Yusif Sinanın Maarifnamə əsərindən verilən bir sətirlik örnək fikirlə bu gerçəyə diqqət çəkilir: "Comərdlik xoşbəxtliyin nərdivanıdır".
Kitabda "Böyük Türkiyəmi?" sualıyla başlayan hissədəki fikirlərdə Rusiya, Türkiyə və Almaniyada iqtidar başına keçən siyasətçilərin fəaliyyət statistikası təhlil edilməklə bərabər, Rusiya tərəfindən işğal edilən xalqların assimilyasiyası və böyük ölkə olmaq ideallarının siyasətə gətirilməsiylə gerçəkləşən və puç olan siyasi vədlərin analizi yer alıb. Bu hissənin ilk səhifələrində çarlıq Rusiyasının Kazan xanlığını işğal etdikdən sonra törətdiyi qətliamlardan söz edilir. Bu bölmədə xüsusilə Yusupov sülaləsinin rus işğalına qarşı dirəniş və çöküşündən bəhs olunur və o dönəmki Rusiyanın imperia qurma hiyləgərliyinin və Türk toplumlarına qarşı tətbiq etdiyi assimilyasiyaların əlaməti olan din dəyişdirmə faktlarına diqqət yetirilir. Bir sonrakı səhifələrdə, 1964-cü ildə Türkiyədə baş nazir seçilən Süleyman Dəmirəlin siyasi arenada sıx sız işlətdiyi "Böyük Türkiyə" şüarının Avropa siyasi məkanını rahatsız etməsi məsələləri üzərində durulur və bu şüarın vaxtilə digər ölkələrdə, özəlliklə Almanyada hansı miqyaslarda işlənilməsi və bu ölkəyə hansı avantaj və problemler gətirməsi kimi nüanslar incələnir. Əlbəttə, müəllifin bu hissədə yer alan təhlil və müqa¬yisələri, müəyyən parametrləriylə Osmanlı dönəmində itirilmiş Türk torpaqlarının böyük Turandan qoparıldığını vurğulayan bir anlam və məntiq də ehtiva etməkdədir. Qeyd edək ki, bu həqiqət, bu gün erməni işğalında olan Azərbaycan torpaqlarının da işğaldan qurtarılması üçün illərdir verilən siyasi mücadilələrin sonuclarına və bundan sonra ediləcək siyasi gedişlərin milli iradəylə bütünləşməsi məsələlərinə də işıq salmaqdadır.
"Yeni şeylər söyləmək?" adlı hissədə islami islahatlarıyla ünlü bir şəxsiyyətə çevrilən və eyni zamanda haqsız təqib və basqılara məruz qalan Musa Cərullahın həyat və fəaliyyətlərindən özətlər verilir. İdil Türklərindən olan bu islam aliminin "İslamiyyətin əlifbası", "Rəhmət-i İlahiyə Bürhanlar" isimli kitablarından söz edən müəllif, bu kitabların ciddi mübahisələrə səbəb olduğunu qeyd etdikdən sonra, özəlliklə "İslamiyyətin əlifbası" ilə alimin öz edamının fərmanını əslində imzalamış olduğunu yazır, alimin bu kitaba görə həbs olunduğunu, Rusiyadakı ailəsi və uşaqlarını tərk etməyə məcbur qaldığını və ömrünün sonuna qədər məşəqqətli bir yaşam içində qürbət diyarlarda fəaliyyət göstərdiyini və vətən torpağından uzaqda vəfat etdiyini açıqlayır. Bu hissənin son səhifəsində bəhsi keçən alim haqqında bir başqa mütəfəkkirin söylədiyi fikir də diqqətimi cəlb edir: "Musa Cərullah, elm və fikri düşüncə ilə əməli işi birləşdirən bir mütəfəkkir, elm adamıdır". Bu nüansdan da bəlli olur ki, elm və insanlıq uğrunda fədakarlıqlar edən şəxslərin unudulması mümkünsüzdür, əksinə belə insanlar hər zaman yad edilməkdə və əsərlərinə müraciət edilərək vəfatlarından sonra olsa da yuxarıdakı kəlamlarla mükafatlandırılırlar.
Kitabın "Mən" adlı hissəsini diqqətlə oxuyan oxucu "mən"dən daha çox "sən"i tapmağa çalışan müəllifin yaşam hekayəsiylə bərabər, dünyaya baxışını, arzularının gerçəkləşməsi üçün verdiyi mücadələlərin hansı mərhələ və çətinliklərdən keçdiyini öyrənə bilər. Bu hissədə 70-ci illərdəki Anadolu¬nun yoxsul mənzərəsi, insanların çətinliklər içərisində yaşadığı, orta məktəblərdə təhsilə mane olan çaxnaşmalar canlı və inandırıcı bir üslubla təsvir edilib. Bu son hissədə öz məmləkətinin bütün baxımlardan inkişafını istəyən, vətəninə - Türkiyəyə qırılmaz tellərlə bağlı olduğunu ifadə edən Orhan Arasın fikirlərini oxuduqdan sonra mən də bütün duyğusal insanlar kimi izhar edilməsi mümkün olmayan bir həyəcanı yaşadım...
Orhan Arasın "Eşqlər hələ ölmədi" adlı şeirlər kitabı 2000-ci ildə İstanbulda çap olunub. Kitabda 47 şeir toplanıb. Qeyd edək ki, Orhan Arasın şeir dünyasına ərmağan etdiyi fəlsəfi, lirik misraları dəyərləndirmək və onun insan-eşq-həyat-ölüm radiusunda hansı poetik fikirlərlə yer aldığını müəyyən etmək üçün bu qədər sayıda şeirlərin olması da yetərlidir. Orhan Arasın söz konusu şeirlərini oxuduqca, oxucuda bu şeirlərdəki hər misranın yaşanmış anların, günlərin, ay və illərin bəhrəsi olan sevinc və əzabdan, sevgi və səmimiyyətdən, qayğı və heyrətdən baş alıb gəldiyi qənaəti yaranır.

"Yaşam gizemli umuttur" dedi Ozan, "Daha giz çözülmedi;"
"Direneceğiz dostlarım" dedi Ozan, "Aşklar daha ölmedi!"

Şeirdəki "gizəmli umut" ifadəsi bədii bir qəlibdə yer almaqla bərabər, eyni zamanda Türk təsəvvüf fəlsəfəsinin anlayışlarını xatırladır. Bilindiyi kimi bu fəlsəfənin doktrina və kodekslərində "sirrə qədəm basmaq", "qeyb olmaq", ümidsizlik şeytandandır", "yola girmək" və yüzlərcə belə qəlibləşən anlam və ifadələr vardır. Gizəmli umut’un da təsəvvüfi bır düşüncənin (gizəmin) nəticəsi kimi misralara yansıdığı görünməkdədir.
Şair digər bir şeirində isə "Gizemli gözyaşlarına..." deyə yazmaqdadır və bu deyimdə də təsəvvüfə xas olan mübhəmlik və ecazkarlıq gizlənib. Bu kontekstdə insani duyğuların zahiri ifadəsindən ziyadə, bir də batini ifadəsi mövcuddur ki, "sirri" bilənlərin belə bir batiniyyətdən bəhs etməsi təbii bir özəllik kimi diqqəti çəkir. "Zaman və Ötesi" adlı şeirdə həm xalq danışıq dilində işlənən elementlər, həm də Türk təsəvvüf fəlsəfəsinin məna çalarları vardır:

Gelir uzaklardan yorgun bir yolcu
Birkaç kelam katar hatıralara
Saplanır göğsüme hayatın ucu
Yaranın üstüne açılır yara.

Tutar ellerimden beni götürür
Sır ekip sır biçen sırlı diyara
Kaynatır kazanda derimi dürür
Sonra merhem eder intizarlara.

Birinci bənddəki yolçunun sıradan bir yolçu olmadığını analamaq heç də çətin deyil. Bu yolçu bilgi gətirir, yazılan və söylənilən xatirələr silsiləsinə öz yaddaşında olanları əlavə edir, həyat və insan qarşıdurmasındakı ziddiyətlərdən xəbər verir. Bu faş etmələrdən sonra şair yenə də təlaşa düçar olur və "yarasının üstü açılır". Qeyd edək ki, Azərbaycan-Türk danışıq dilindəki "yarama duz basma" qəlibləşmiş ifadəsinin bu bənddəki təzahürü aydın görünür.
İkinci bənddə o biri dünyayla təmas etmənin əlamətləri və müəyyən mənada inisiasiya aktının təsviri var. Şeirdəki "qəhrəmanın" "sirli dünyaya" aparılması hadisəsi inisiasiyadır (o biri dünyaya keçiddir). İkinci bəndin üçüncü misrasındakı "Qaynadır qazanda dərimi..." ifadəsi isə dastanlarımıza belə yansıyan "arınma-təmizlənmə" mərhələsinin təzahürüdür. "Bən deyilim..." adlı digər bir şeirində şair daha da fəlsəfi danışır, öz arayışının nəyə doğru yönəldiyinə dair ipucları verir:

"Ben deyilim" diyen dil benim
Yasak uykularda bir damla düşüm
Gözlərimdə yaşlar kelepçelenmiş,
Doğrulara, yalanlara küsmüşüm!

Buradakı "mən" ezoteriq müstəvidə təsnif edilir, başlanğıcda ruh halında olan "mən", ikinci mərhələdə, yəni "bədənləşmə" mərhələsdində tam ola bilir və bu tamlığı dərk edən "düşüncə" (insan) dilə gəlib "mən" deyir. Bu dünyadakı yaşamında "gözlərində yaşlar qandallanan" şair, doğrulara da, yalanlara da küsmüşdür, doymuşdur və o, artıq doğruyla yalanın arasındakı "həqiqəti" arayır.
Orhan Aras, şeirlərində aşiq-məşuq eşqini təsvir edib müəyyənləşdirərkən də "sevmək" gerçəyini təsəvvüfi çərçivədə qələmə alır. Şeirin birinci hissəsində hər kəsə nəsib olmayan "bilgi"dən bəhs olunur. Bu "bilgi"yə yiyələnmək, gələcəkdə olacaqlardan xəbərdar olmaq deməkdir. Qazanılacaq "bilgi"nin əslində sakral bir mahiyyəti var ki, bu da Allah tərəfindən insana verilən qut ilə izah oluna bilər. Yəni Allahın bəxş etdiyi belə bir qutla (yaşam cövhəri) ödülləndirilən insan artıq bütün günahlardan da arınıbdır deməkdir. Şeir örnəklərinin ikinci qismində şairin oxucuya çatdırmaq istədiyi fikir isə belə açıqlana bilər: Sevə bilməklə insanın mənəvi dünyasındakı bütün naqis cəhətlər də məhv olur. İnsan sevə bilmək istedadı sayəsində yaşayır ("sorur") və yaşadır ("sorulur"). Sevilən aşiq ilə məşuq da sevə bildikləri üçün bir-birlərinin baxışlarını da "öpə" bilir və hətta bu baxışların "qara qurşunları"na da hədəf olurlar.

Rövşən Əlizadə
filologiya üzrə fəlsəfə doktoru