Azərbaycanda təhsil Mədəniyyət

Azərbaycanda təhsil

V yüzildə Albaniyada məktəblər var idi

Xalqın, dövlətin daim inkişaf etməsini şərtləndirən ən gərəkli vasitələrdən biri təhsildir. Araşdırmaçı İslam Əsgəroğlu Azərbaycanda təhsilin tarixinə nəzər salır: "Qədim mənbələrin öyrənilməsi əsasında araşdırmaçılar belə bir qənaətə gəlmişlər ki, artıq V yüzildə Albaniyada məktəblər var idi. İslamın yayıldığı dövrdə Şərqdə məktəblər və mədrəsələr kimi təhsil müəssisələri meydana gəldi. XII yüzildə Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Həmədan kimi şəhərlərdə onlarla mədrəsə mövcud olmaqla dövrünün neçə-neçə elm adamlarını yetişdirib. Mənbələrin verdiyi məlumata görə, XII-XIV yüzillərdə Azərbaycanda 170-ə qədər məktəb, 30-a qədər mədrəsə var idi ki, burada da yüzlərlə şagird təhsil alırdı. Bir qayda olaraq tədris məktəblərdə 6-8 il, mədrəsələrdə isə 15-20 il davam edirdi. 1312-1314-cü illərdə Şamaxıda təsis edilən mədrəsə Şeyx Əbu Talib Zakir şahın təşəbbüsü ilə böyük tədris mərkəzinə çevrildi. XIV yüzildə Təbriz yaxınlığında Rəbbi-Rəşidi şəhərində "Darilfunun" adı ilə böyük ali təhsil müəssisəsi təsis edilir. Qəza məktəbləri ilə müqayisədə müsəlman məktəbləri bir sıra üstünlüklərə malik idi. Tədris Azərbaycan, fars və ərəb dillərində aparılırdı. XVII yüzilin məşhur türk səyyahı Ö.Çələbinin məlumatına görə, 1647-ci ildə Təbrizdə 600 məktəb və 47 böyük mədrəsə olub. Şamaxıda isə məktəblərin sayı 40-a, mədrəsələrin sayı 7-yə çatırdı. XVIII əsrdə Azərbaycanda 1200 məktəb, 100-ə yaxın mədrəsə mövcud olub".
1842-ci ildə Bakı, Şirvan, Quba, Dərbənd, Nuxa, Şuşa qəzalarında və Talış vilayətində cəmi 605 məktəb var idi ki, burada 637 müəllim 5742 şagirdə ibtidai bilik verilir, yazıb-oxumaq öyrədilirdi. Təxminən bu qədər uşaq da rus məktəblərində və gimnaziyalarda təhsil alırdı. İlk sənət məktəbi 1843-cü ildə Şəkidə yaradılmışdı. Bu məktəbdə ipəkçilik sənəti sahəsində savadlı fəhlələr hazırlanırdı.
Hökumət 1847-ci ildə ilk müsəlman məktəbini təcrübə üçün iki illiyə açmasına baxmayaraq XIX əsrin 50-ci illərində artıq 11 müsəlman məktəbi fəaliyyət göstərirdi. 1847-ci ildə Tiflisdə ilk müsəlman məktəbi açıldı.
Yeni tipli təhsil müəssisələrinin tələbatına cavab verə biləcək müəllimlərin hazırlanmasında Zaqafqaziya Müəllimlər seminariyasının rolu xüsusi qeyd edilməlidir: "Müsəlman bölgələrində açılan məktəblərdə müəllimlərin çatışmaması, digər tərəfdən isə azərbaycanlılar arasında rus hökumətinin siyasətinin təbliğini gücləndirmək istəyi 1879-cu ildə Seminariyada Azərbaycan şöbəsinin açılması ilə nəticələndi. Azərbaycan şöbəsinin 1880-ci ildə təsdiq olunmuş əsasnaməsinə görə, onun məqsədi Zaqafqaziyanın Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və təcrübəli müəllimlər hazırlamaqdan ibarət idi. İlk dəfə seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 19-u şöbənin əsas siniflərinə, 13-ü isə hazırlıq siniflərinə seçilmişdi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin ilk buraxılışı 1882-ci ildə oldu. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi mövcud olduğu 40 il ərzində 250 nəfərdən çox savadlı, istedadlı müəllim hazırlamışdı".
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə təhsilin milli yönünün yaranması ilə bağlı əhəmiyyətli addımlar atıldı: "Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısamüddətli mövcudluğu dövründə çoxəsrlik maarif və məktəb salnaməsinə də təkrarolunmaz şanlı səhifələr yazdı. Hökumət milli təhsil quruculuğu sahələrində elə bir təməl yaratdı ki, ondan sonrakı mərhələdə təhsil, elm, mədəniyyət də həmin bünövrə üzərində yüksəldi. Dövlət büdcəsində təhsilə ayrılan vəsait başqa sahələrlə müqayisədə üstünlük təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyin əsaslarının yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində xalq maarifini inkişaf etdirməyə xüsusi diqqət verirdi. Ölkədə təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini qoymaq məqsədilə 1919-cu il iyunun 30-da Xalq Maarif Nazirliyinin ştatı təsdiq edilir.
AXC elan edilənə qədər Azərbaycanda ana dilində orta məktəb yox idi, "realnı" məktəblərdə isə Azərbaycan dili məcburi deyildi və ona həftədə cəmi 1 saat vaxt ayrılırdı. Yalnız AXC dövründə Abdulla Şaiqin səyləri sayəsində Bakı realnı məktəbi nəzdində 3 aylıq Azərbaycan dili kursları açıldı.
Hökumətin planında yaxın vaxtlarda Azərbaycanda üç ali məktəb yaratmaq dururdu: Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası. Azərbaycan parlamentinin qəbul etdiyi qərara əsasən 1919-cu ildə Bakı Dövlət Universiteti təsis olundu və bununla da ölkədə müasir tipli dünyəvi ali təhsilin əsası qoyuldu".
1919-cu ildə Azərbaycan parlamenti 100 nəfər gəncin ali təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqında qərar çıxardı: "Bunlardan 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə göndərildi. 13 nəfər isə Rusiyada təhsil almalı idi. Lakin həmin dövrdə Rusiyada ictimai-siyasi vəziyyətin qeyri-sabitliyi onların təhsil almasına imkan vermədi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa, dünya mədəniyyətilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Hökumətdə təkcə xalq maarifi nazirləri olmuş Nəsib bəy Yusifbəyli (sonralar IV, V hökumət kabinetlərində baş nazir olub) Novorossiysk Universitetinin hüquq fakültəsini, Rəşid Xan Kaplanov Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini, Həmid bəy Şahtaxtinski Novorossiysk Universitetinin hüquq fakültəsini, Nurməhəmməd Şahsuvarov Qori Müəllimlər Seminariyasını, Tiflis Müəllimlər İnstitutunu və Kiyev Universitetinin hüquq fakültəsini bitirmiş, Avropa mədəniyyətini, Şərq sivilizasiyasını dərindən mənimsəmiş, vətənpərvər, həqiqi Azərbaycan ziyalıları idilər".
Sovet dövründə təhsil məsələsinə toxunan araşdırmaçı deyir: "Azərbaycanda yeni tipli məktəblərin açılması, çoxsaylı müəllim kadrlarının yetişdirilməsi sahəsində ciddi dəyişikliklər Azərbaycan sovetləşəndən sonra başladı. Təkcə 1920-ci ildə 350 məktəb açıldı ki, burada 130 min uşaq təhsil almaq imkanı qazandı. 1921-ci ildə ilk pedaqoji kişilər institutu və məktəbəqədər tərbiyəçilər hazırlayan qadınlar institutu, 1923-cü ildə ali pedaqoji institut yaradıldı, bir sıra pedaqoji texnikumlar təsis edildi. Artıq 1930-cu illərin əvvəllərində Azərbaycanda 19 ali məktəb var idi ki, burada da 10 mindən çox tələbə təhsil alırdı.
Azərbaycanda xalq təhsilinin inkişafında 1928-ci ildə məcburi ibtidai, 1935-ci ildə 7 illik təhsilə, 1952-ci ildə isə orta təhsilə keçid mühüm rol oynayıb. 1940-cı ildə artıq Azərbaycanın bütün yaşayış məntəqələrində 4500-ə yaxın məktəb var idi ki, burada 659 min şagird təhsil alırdı. 1960-cı illərin əvvəllərində isə orta təhsil alanların sayı artaraq 700 mini ötmüşdü. Əsrin 60-cı illərində Azərbaycanda geniş hərtərəfli hazırlıqlı ali təhsilli kadrlar yetişdirməyə qadir olan ali məktəblər şəbəkəsi formalaşmışdı. 70-ci illərin əvvəllərində burada mövcud olan 13 ali məktəbdə 139 ixtisas üzrə 100 min tələbə təhsil alırdı. 1970-ci ildə məktəblilərin sayı artıq 5100-ə çatmış, burada təhsil alanların sayı isə 1,4 milyonu ötmüşdü".

Uğur