

“Ənənəvi olaraq Respublikaçılar Partiyası ilə Demokratlar Partiyasının ABŞ-nin həm daxili, həm də xarici siyasətinin idarə olunmasında fərqlər olur. Bir məsələ isə həmişə prioritet qalır. O da ABŞ-nin strateji müttəfiqlərinə olan münasibətidir. Məsələn, ABŞ-nin İsrailə olan münasibəti, onun yaxın müttəfiqi olması. Ancaq Tramp hakimiyyətə gəldikdən sonra Baydenlə münasibətlərində kifayət qədər fikir ayrılığı var. Bu həm daxili, həm də xarici siyasətdə özünü göstərir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq əlavə edib ki, Baydenin birinci rəsmi səfərinin Səudiyyə Ərəbistanına olması, digər tərəfdən Rusiya ilə münasibətlərində daha loyal münasibət göstərməsi, həmçinin 2018-ci ildə İranla olan nüvə sazişindən çıxması, həmçinin ABŞ-nin NATO ilə münasibətləri önəmli xarakter daşıyır: “Ümumiyyətlə, Tramp sabiq dövlət başçısı, mərhum prezident Trumendən sonra ikinci ən çox fərman verən prezident kimi yadda qalacaq. 1945-ci ildə ABŞ-nin mərhum prezidenti Trumen ABŞ prezidentlərinin içində ən çox fərman imzalayan prezident olub. Tramp hakimiyyətə gələn kimi Baydenə məxsus 70-ə yaxın sərəncamı ləğv edib”.
Y.Bağırzadənin bildirdiyinə görə, yəqin ki, bu 4 illik dönəmdə Trampın radikal həm daxili, həm də xarici siyasətindən sonra onun ardınca gələn prezident Bayden dönəminə bu və ya digər formada qayıda bilməyəcək: “Bu, mümkün olmayan bir şey olacaq. Çünki böyük ehtimalla ABŞ Trampın xarici siyasətinin nəticəsində strateji müttəfiqlərini, yəni Avropa İttifaqı, Böyük Britaniya, Kanadanı itirəcək. Yeni gələn prezidentin siyasətinin əsası ABŞ-nin xarici borclarının silinməsi və daha zəngin bir dövlətə çevrilməsi ilə əlaqədar olacaq”.
Röya İsrafilova