“Bu, Türkiyənin və bölgənin xeyirinə olacaq bir hadisə kimi dəyərləndirilə bilər” Gündəm

“Bu, Türkiyənin və bölgənin xeyirinə olacaq bir hadisə kimi dəyərləndirilə bilər”

“PKK-nın ləğv edilməsi həm hüquqi, həm də fiziki baxımdan çox böyük məsələdir. Bu, Türkiyənin və bölgənin xeyirinə olacaq bir hadisə kimi dəyərləndirilə bilər. Məlum məsələdir ki, Türkiyə artıq 50 ildən çoxdur ki, PKK terrorundan əziyyət çəkir. Amma təkcə Türkiyə deyil, eyni zamanda, bölgədə yaşayan digər ölkələr PKK terrorunun qurbanına çevrilib. Bu və ya digər formada Türkiyə özünə qarşı təhlükə və təhdid olanda məcburdur ki, həmin ərazidə antiterror əməliyyatları keçirsin və s. Bu da həmin dövlətlər ilə aralarında münasibətlərin pozulmasına gətirib çıxarır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S.Hümbətov PKK-nın ləğvinin çox önəmli olduğunu diqqətə çatdırıb: “Lakin biz bilmirik pərdə arxasında PKK-nın ləğv edilməsi ilə bağlı hansı danışıqlar gedib və bu, ləğv edilmənin arxasında duracaq tələb nə olacaq? Abdullah Öcalanın sərbəst buraxılmasımı, yoxsa onun yenə də həbsdə qalmasımı, yoxsa ümumilikdə indiyədək PKK-da Türkiyə dövlətinə qarşı döyüşən şəxslərin tamamilə əfvdən yararlanması və Türkiyə vətəndaşı kimi yaşamasımı? Bunlar hələ bilinmir. Digər bir tərəfdən beynəlxalq güclərin buna reaksiyası hələ məlum deyil. Yəni bunu ABŞ, Avropa, Rusiya necə qarşılayacaq? Çünki bunu yaradan SSRİ ilə ABŞ-dir. Onların əlində alətə çevrilmişdi. Yəni bundan sonra buna reaksiya necə olacaq? Bu bir az müəmmalı qalır. Lakin hər vəziyyətdə PKK-nın ləğv edilməsi, istər siyasi, istərsə də fiziki baxımdan önəmlidir. Amma bir də bu məsələ də var ki, tərk-silah olunmanı PKK-nın hər bir üzvü edəcəkmi? O silahları təhvil verəcəklərmi? Bunun özü belə sual doğurur. Müəmmalar çoxdur. Ancaq bunu edəcəklərsə, bu çox önəmli bir məsələdir, müsbətdir və təqdirəlayiqdir”.

Röya İsrafilova