

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Birləşmiş Ştatlar İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq.
Xalqcebhesi.az xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib.
“İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək:
“İran heç vaxt nüvə silahına sahib olmayacaq” - Tramp qeyd edib.