

Vyetnam Sosialist Respublikası ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri də böyük əhəmiyyət kəsb edir. Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında konstruktiv siyasi dialoq mövcuddur. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə mühüm əhəmiyyət kədb edir. Bu sənəd Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırmış oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaq.
Son illər iki ölkə arasında intensiv əməkdaşlıq mövcuddur: ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir və nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar, ondan Vyetnama Azərbaycan məhsullarının – əsasən xam neftin ixracı 91,8 milyon dollara çatıb. Azərbaycana idxal 35,4 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bütün 2024-cü il ərzində ölkələr arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon dollar təşkil edib ki, bu da iqtisadi əlaqələrin tədricən artdığını göstərir. Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Beynəlxalq Biznes Klubu arasında 2024-cü ildə sazişlərin imzalanması işgüzar əlaqələrin inkişafında mühüm addım oldu. Bu, iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə layihələr üçün platformaların yaradılması məqsədi daşıyır.
Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektoru olaraq qalır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır. Təkcə 2024-cü ildə Azərbaycan 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton xam neft və neft məhsulları ixrac edib, Vyetnam neft alışına görə neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, Dövlət Neft Şirkəti SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri PetroVietnam və Vietsovpetro neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. Müsahibə zamanı neft sahəsində əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, “Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”.
Müasir dövrdə isə, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq müqaviləsi və 2018-ci ildə birgə müəssisələrin yaradılması haqqında qərar bu yolda mühüm mərhələlər oldu. Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz mallarını Avropa bazarlarına çatdırmaq üçün Azərbaycanın tranzit potensialından istifadə etməkdə maraqlıdır.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan siyasi şərhçi Çingiz Şahbazi deyib ki, Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox Azərbaycana cəlb edir. Biz bu gün Cənub-Şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik. Azərbaycan və Vyetnam arasında siyasi və iqtisadi əlaqələrin təməli sovetlər dönəmində qoyulub. Bu əlaqələr daha sonra Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə davam etməyə başlayıb.
O, qeyd edib ki, Vyetnam Azərbaycan üçün bütün dönəmlərdə dost ölkələrdən biri olub. Qarabağ problemi zamanı, Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlarda mübarizə apardığı dönəmlərdə, Vyetnam beynəlxalq normalara və hüquqa əsaslanaraq daima Azərbaycanın haqq səsini dəstəkləyib: "Azərbaycan və Vyetnam arasında həmçinin ticarət əlaqələri mövcuddur. Son zamanlar ikitərəfli münasibətlərin inkişafı üçün mühüm qərarlar qəbul edilməkdədir. Bu da, Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin yeni mərhələsinin başlanğıcı kimi qəbul edilə bilər. Bu baxımdan Vyetnam Sosialist Respublikası Milli Sahibkarlıq Assosiasiyasının prezidenti Din Viet Hoanın iki ölkə münasibətlərinə dair biznesin inkişafı ilə bağlı verdiyi müsahibə çərçivəsində açıqlamasında söylədiyi "Yaxın vaxtlarda Azərbaycan və Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq" bəyanatı, əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin xüsusilə də iqtisadi inkişaf baxımından genişləndirilməsi və inkişafı ilə bağlı yaradılan şəraitə əsaslanır və bu istiqamətdə işləyən hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətləridən söykənir".
Ç.Şahbazi onu da deyib ki, Azərbaycan nəinki dost Vyetnam xalqına bu münbit şəraiti təşkil edir, ümumiyyətlə, ölkəmizdə xarici investorlar üçün və daxili auditoriyaya aid sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara çox əlverişli biznes mühitinin olması ilə bağlıdır: "Vyetnam coğrafi baxımdan Azərbaycana uzaq olmasına baxmayaraq, ölkəmizdə qurulan azad biznes mühitindən yararlanmaq istiqamətində ciddi addımlar atmağa başlayıb. İnanıram ki, yaxın gələcəkdə ölkəmizin ticarət mühitində dost Vyetnam dövlətinin məhsullarını görəcəyik. Həmçinin Azərbaycan sahibkarları öz mallarını bu dost ölkədə maneəsiz və təhlükəsiz şəkildə sata bilmələrinə imkan yaradılacaq. Hər iki ölkə üçün çox faydalı olacağını düşünürəm və inanıram ki, vizasız sərhədlər siyasəti və logistika mahiyyət etibarilə ilə hər iki ölkə vətəndaşları üçün yeni perspektivlər deməkdir".
Politoloq Elşən Manafovun fikrincə, Vyetnam coğrafi anlamda Azərbaycandan çox uzaqda olan bir öıkədir, bununla belə bu ölkələr arasında 66 illik tarixi dostluq, tərəfdaşlıq münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama olan səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb. Bu andan etibarən ölkələr arasında ticari münasibətlərimiz yüksələn xətlə inkişaf etməyə başlayıb, yalnız bu ilin ilk 3 ayı çərcivəsində münasibətlərin ümumi həcmi 127,2 milyon dollara çatıb, bunun da 91,8 milyon neft ixracatıdır: “Müqayisə üçün qeyd etmək yerinə duşər ki, bütün 2024-cü il üzrə ölkələr arasında ticari dövriyyənin həçmı 223,9 mln. təşkil edib. Bu fakt isə ölkələrimiz arasında ticari dövriyyənin yüksəlməsi deməkdir. Azərbaycanın Vyetnamdan idxalı cəmi 35,4 mln. dollar təşkil edir. İki olkə arasındakı ticari dövriyyədə özəl sektorun çəkisi dövlətlə müqayisədə xeyli aşağıdır. Bununla belə Vyetnam sahibkarları öz mallarını Avropa bazarlarına çatdırmaq üçün Azərbaycanın tranzit imkanlarından istifadə etmək niyyətindədirlər. Bu isə neft qaz sənayesi ilə birlikdə orta və kiçik biznesin də inkişafına potensial platformalarln yaranması deməkdir. Belə platformaların təşkili isə hər iki ölkədə orta təbəqənin formalaşması kimi proseslərə ciddi təsir göstərəcək”.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev isə deyib ki, Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin xarici siyasətində ən mühüm istiqamətlərdən birini ölkəmizin milli maraqlarının qorunması, dost və qardaş dövlətlərin sayının artırılması təşkil edir. Bu baxımdan son illər ölkəmizin çoxşaxəli xarici siyasətində Cənub-Şərqi Asiya regionuna daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi mühüm yer tutur. Məhz hazırda münasibətlərimizin inkişaf etdiyi region dövlətlərdən biri Vyetnam Sosialist Respublikasıdır: “Dövlət başçısı səviyyəsində qarşılıqlı səfərlər ölkələrimiz arasında güclü strateji və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifənin açılmasında və əlaqələrimizin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edib. Cari ilin 07 may tarixində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri isə iki dövlət arasında münasibətlərin dərinləşməsinə əlavə imkan yaradır.
Cənab Prezident çıxışında həmçinin Azərbaycanla Vyetnam arasında imzalanmış sənədlərin əhəmiyyətindən bəhs edərək xüsusi vurğulamışdır ki, bu gün imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Xüsusi vurğulamalıyıq ki, Azərbaycanla Vyetnam arasında münasibətlər qarşılıqlı etimada və milli maraqlara əsaslanır. Hər iki dövlətin müxtəlif sahələri əhatə edən münasibətləri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə xidmət edir. Sevindirici haldır ki, hazırda ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir”.
Yeri gəlmişkən, Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Din Viet Hoa bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq.
Cavid