“Bizi tənqid edən qüvvələr bizim gücümüzlə, həqiqətlərimizlə barışırlar" Gündəm

“Bizi tənqid edən qüvvələr bizim gücümüzlə, həqiqətlərimizlə barışırlar"

“Cənab Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı böyük uğurla yadda qaldı. Hesab edirəm ki, dövlət başçımıza olan diqqət, yüksək münasibət və ehtiramın ifadə olunması Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlarla bağlıdır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra ölkəmiz ətrafında müsbət aura formalaşıb və dövlət başçısı İlham Əliyevə xüsusi diqqət müşahidə olunmaqdadır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İ.Hüseynov vurğulayıb ki, yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanları, nəqliyyat və logistika, kommunikasiya sahəsində qazanc əldə etmək fürsətləri də yaranıb: “Eyni zamanda, Türk dünyasının yüksəlişi, Türk Dövlətləri Təşkilatının (TDT) yeni bir mərhələyə qədəm qoyması, cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qurulmuş müttəfiqlik münasibətləri, Şuşa Bəyannaməsinin təsiri də burada vurğulanmalıdır. Çünki böyük coğrafiyanı əhatə edən inteqrasiya, əməkdaşlıq həm də kənardan böyük cazibə qüvvəsi toplayır və hətta bizə qarşı düşmənçilik mövqeyində olan, bizi tənqid edən qüvvələr də bizim gücümüzlə, həqiqətlərimizlə barışırlar. Elə bunun nəticəsidir ki, Fransa lideri Emmanuel Makron da çox səmimi şəkildə cənab Prezidentlə görüşdü. Əlbəttə, bu diplomatik qayda, protokol, etika, eləcə də siyasi baxımdan münasibətləri yaxınlaşdırmaq elementləridir. Amma biz bərabərhüquqlu, milli maraqlarımıza söykənən, praqmatik siyasətin tərəfdarıyıq. Bizim üçün verilən sözlərlə yerinə yetirilən addımlar mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Avropa siyasi icmasının yekun nəticələri həm Avropanın təhlükəsizlik sisteminin möhkəmlənməsinə, həm də Avropa ailəsi ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”.

Röya İsrafilova