Uşağa ziyan vuranların qanuni nümayəndə qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir Cəmiyyət

Uşağa ziyan vuranların qanuni nümayəndə qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir

Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməz.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə qanunla nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və ya təqsirləndirilən şəxsə, yaxud mülki cavabdehə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək üçün buraxıla bilməz.
Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır. Eyni yanaşma “Media haqqında” qanuna da təklif olunur.