“Bu, Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru atılmış mühüm addımdır”-Əziz Ələkbərli Gündəm

“Bu, Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru atılmış mühüm addımdır”-Əziz Ələkbərli

“Dünən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə İrəvan qazılığı bərpa olunub. Bu, Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru atılmış mühüm addımdır, tarixi ədalətin bərpasının növbəti təzahürüdür və mən bu münasibətlə də bütün xalqımızı təbrik edirəm”.
Xalqcəbhəsi.az xəbər veri ki, bunu parlamentin bugünkü iclasında deputat Əziz Ələkbərli çıxışı zamanı deyib.
O bildirib ki, bundan başqa Qərbi Azərbaycana qayıdışla bağlı bir sıra tədbir və konfranslar keçirilib: “Mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda gerçəkləşdirdiyimiz beynəlxalq konfransla Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru növbəti, çox mühüm və tarixi bir addım atmış olduq.
Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın və Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm adamları, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri qatıldılar.
Konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin səsləndirilməsi konfransda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı”.