

“Bu gün Azərbaycan beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə, qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir. Azərbaycan Türkiyə və Pakistanla yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, əlaqələrimizin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov qeyd edib ki, 2020-ci il Vətən müharibəsində həm Pakistanın, həm də Türkiyənin Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin əsl nümunəsi oldu: “Bu hadisə ilə həm də bu üç ölkənin strateji tərəfdaşlıq baxımından nə dərəcədə möhkəm olduğu nümayiş edildi. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni yüksəliş mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq sahələrini əhatə edir. Üç dövlət arasında son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı üçtərəfli əməkdaşlıq formatının yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialı getdikcə artır: “Bu əməkdaşlıq formatının təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verəcəyi də şübhəsizdir. Dünən Qarabağda növbəti bir hava limanının açılış mərasimi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyevin yanında oldu, daha öncə cənab Ərdoğan Füzuli və Zəngilan hava limanlarının açılışında da iştirak etmişdi. Dünən təkcə Laçın hava limanın açılış mərasimi baxımdan əhəmiyyətli deyildi, dünən Azərbaycanın müstəqilliyinin 107-ci ildönümüylə yanaşı, Azərbaycan Türkiyə və Pakistan liderlərinin zirvə görüşü baş tutdu. Hər üç ölkənin prezidentləri birlikdə beynəlxalq aləmə ciddi mesajlar verdi”.
Röya İsrafilova