

“Türkiyə və Pakistan liderlərinin Azərbaycana son rəsmi səfərləri Cənubi Qafqazda formalaşmaqda olan yeni güc balansının təzahürü kimi qiymətləndirilə bilər. Bu səfərlərin ardınca Hindistanın nüfuzlu xəbər platformalarından biri olan India.com saytında yayımlanan məqalə regiondakı geosiyasi proseslərin diqqətlə izlənildiyini təsdiqləyir. Məqalədə qeyd edilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişədə Azərbaycana açıq şəkildə dəstək verir, Hindistan isə Ermənistanın yanında yer alır. Bu vurğular təkcə cari siyasi münasibətlərin deyil, həm də gələcək strateji konfiqurasiyanın xəbərçisidir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı söyləyib.
Z.Ruslanqızı qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi məsələsi Hindistan üçün sadəcə nəqliyyat marşrutu deyil, eyni zamanda, Türkiyə-Azərbaycan-Pakistan üçbucağının geopolitik sıçrayışı deməkdir: “Bu dəhlizin reallaşması Azərbaycanın quru yolla Türkiyə və Avropaya çıxışını təmin etməklə yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) inteqrasiyasını gücləndirəcək və Çin–Avropa nəqliyyat sistemində Azərbaycanın rolunu artıracaq. Hindistan isə bu prosesləri özünün Orta Asiya və Avropa ilə əlaqələri baxımından təhdid kimi qiymətləndirir. Hindistanın Ermənistanla yaxın əməkdaşlığı təkcə hərbi-texniki yardım və diplomatik dəstək səviyyəsində deyil, həm də regional əngəlləmə siyasətinin bir hissəsinə çevrilməkdədir. India.com-un qeyd etdiyi kimi, Hindistanın Zəngəzur dəhlizinə qarşı açıq mövqe tutması Azərbaycanın geostrateji planlarını ləngidə bilər. Bu kontekstdə Hindistan, İran və Ermənistan üçlüyü potensial olaraq Azərbaycan və Türkiyənin enerji və nəqliyyat üstünlüklərinə qarşı balanslaşdırıcı blok formalaşdırmaq niyyətindədir”.
Politoloqun bildirdiyinə görə, digər tərəfdən, Pakistanın Azərbaycana olan açıq siyasi və hərbi dəstəyi - Qarabağ müharibəsi dövründən bu yana davam edən mövqe bölgədə İslam dünyasının bir qolu kimi fəaliyyət göstərən yeni strateji ox yaradır: “Türkiyə isə həm NATO üzvü, həm də Türk dövlətlərinin lider aktoru kimi bu dəstəyi daha geniş miqyasda təsirli edir. Beləliklə, Türkiyə–Azərbaycan–Pakistan ittifaqı tədricən yalnız hərbi və diplomatik əməkdaşlıq deyil, nəqliyyat, enerji və ideoloji koordinasiya səviyyəsinə qədər genişlənməkdədir. Bu vəziyyət yaxın dövrdə Cənubi Qafqazda geosiyasi qütbləşmənin güclənəcəyini göstərir. Hindistanın bu narahatlığı mətbuat səviyyəsində səsləndirməsi isə təsadüfi deyil. Bu, həm rəsmi mövqeyin ictimai əsaslandırılması, həm də regional güc balansında Azərbaycanın qarşısına daha sistemli diplomatik və iqtisadi maneələrin çıxarılacağına dair mesaj kimi oxuna bilər”.
O diqqətə çatdırıb ki, Türkiyə və Pakistanın Azərbaycana olan dəstəyi yalnız regional dostluq jesti deyil, yeni güc sisteminin qurulması istiqamətində atılmış ardıcıl strateji addımdır: “Hindistanın bu prosesə reaksiyası, bölgədəki tərəflərin açıq mövqe tutduğunu və Zəngəzur dəhlizinin artıq sadəcə iqtisadi layihə deyil, geosiyasi mübarizə meydanı olduğunu göstərir. Gələcəkdə bölgədə yeni ittifaqların yaranması, iqtisadi blokaj cəhdləri və nəqliyyat marşrutları uğrunda diplomatik savaşlar ehtimal edilir”.
Röya İsrafilova