

“Ukrayna Prezidenti Volomidir Zelenski Litvada “Buxarest doqquzluğu”nun (B9) sammitində çıxışında “öz kəşfiyyatınızdan soruşun ki, Rusiya bu yay Belarusda nə hazırlayır!. Avropa artıq buna hazırlaşmalıdır” açıqlamasının əsas məqsədi Avropanın ictimai rəyini Rusiyaya qarşı mübarizəyə kökləməkdir. Çünki Avropada Rusiya-Ukrayna məsələsində Ukraynanı dəstəkləmək hələ də var və bu, bir çox halda Avropa İttifaqının yekdil qərarlar qəbul etməsini çətinləşdirir. Digər tərəfdən proseslərin inkişafında Avropa İttifaqının əsas ölkələrindən biri Fransa və Almaniyanın belə prosesin inkişafına uyğun addım atdığı bəllidir. Əgər Rusiya Ukrayna məsələsində Rusiyanın mövqeyi daha ön plana çıxacaqsa, Avropa üzrə əsas ölkələr də öz maraqlarını qorumaq üçün. Ukraynanın arxasından çəkilə bilər. Yəni bu ehtimallar var. Ən mühüm məqam isə əgər mümkün sülh razılaşması olacaqsa, bundan sonra Ukraynanın təhlükəsizliyinin necə qorunması məsələsidir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
A.Nərimanlı əlavə edib ki, təbii ki, Ukrayna NATO-ya qəbul olmaq istəyir, amma bu, mümkün olmasa belə Ukrayna istəyir ki, Avropa qoşunları Ukraynaya yerləşsin: “Yəni rəsmi Kiyev bunu istəyir. Bu məsələdə belə Avropa İttifaqında yekdil mövqe yoxdur. Hesab edirəm ki, Zelenski məsələni bu kontekstdə qoymaqla bildirir ki, Rusiya Avropaya qarşı müharibəyə hazırlaşır və bunun yeganə çıxış yolu Rusiyaya qarşı bütövlükdə kollektiv olaraq birləşməkdir. Zelenski daha öncə də bu cür açıqlamalar vermişdi. Zelenskinin bu fikirlərinin fonunda Avropa İttifaqı və Rusiya arasında hərbi toqquşmanın olması ehtimalı da istisna edilməməlidir. Xüsusən son proseslər bu təhlükəni getdikdə daha da artırır. Ən çox da ötən il Rusiyanın nüvə doktrinasını yeniləməsindən sonra bu təhlükə artıb. Bu doktorina ilə Rusiya Ukraynanı dəstəkləyən ölkələrə birbaşa hərbi zərbələr endirmək hüququnu özünə verir”.
Onun sözlərinə görə, digər tərəfdən Ukraynanın xüsusən son hücumu da göstərir ki, Ukraynaya bu hücumlarda dəstək olan konkret ölkələr var: “Rusiya məsələni bu kontekstdə qoyub Avropa İttifaqının ölkələrindən hər hansısa birinə hücum edə bilər. Təbii ki, bu hücum daha genişmiqyaslı müharibə deməkdir və xüsusən NATO-nun prosesə qoşulması deməkdir. Ancaq mövcud vəziyyətdə Tramp administrasiyasının mövqeyi Rusiyaya imkan verir ki, qısa müddətdə də olsa Avropa İttifaqının hər hansı bir ölkəsinə hücum etməklə Ukrayna məsələsində həm də Qərb qarşısında irəli sürdüyü tələblərin qəbul edilməsinə nail olsun. Bayden administrasiyası dövründə bunu etmək çətin olacaqdı. Çünki bu, bütövlükdə NATO ilə müharibə demək idi, lakin indiki halda Rusiya tərəfindən belə bir hücum olarsa bu, NATO daxilində də Rusiyaya qarşı vahid mövqeyin olmaması ilə nəticələnə bilər. Yəni belə görünür ki, Rusiya bu imkanları dəyərləndirir. Bu kontekstdə, dediyim kimi, xüsusən Ukrayna son hücumdan sonra belə bir risk daha da gündəmə gəlib, daha çox artıb”.
Röya İsrafilova