Sülh danışıqları: Ermənistan konstitusiyasına dəyişiklik etməsə... Gündəm

Sülh danışıqları: Ermənistan konstitusiyasına dəyişiklik etməsə...

Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı yenilik yoxdur. Danışıqlar prosesində Azərbaycan sülh danışıqlarının müsbət nəticə verməsi üçün maksimum səy göstərsə də Ermənistan hələ ki adekvat siyasi fəaliyyət yürütmür. 2025-ci ilin ilk yarımili başa çatmaq üzrə olsa da konkret nəticə yoxdur. Ermənistanın qeyri stabil siyasət yürütməsi prosesi mürəkkəbləşdirir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, biz Ermənistanla münasibətlərdə artıq vasitəçilərsiz hərəkət etmək mövqeyindəyik və sülh müqaviləsinin mətni hazırdır, razılaşdırılıb: “Bununla belə əgər Ermənistan Konstitusiyasına dəyişiklik etməsə və ATƏT-in Minsk qrupu buraxılmasa həmin sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Çünki Konstitusiyada qalan bu müddəa nə vaxtsa Ermənistanda Azərbaycana qarşı hüquqi mexanizmin işə salınmasına səbəb ola bilər. Eyni zamanda, Azərbaycan üzərində lazımsız bir Minsk qrupu kölgəsi qalacaq. Yəni Ermənistan nəticə çıxarmalıdır və əgər Azərbaycanla doğrudan da yaxşı münasibətlər, diplomatik əlaqələr qurmaq, əməkdaşlıq etmək istəyirsə, rəsmi Bakının bu iradlarını nəzərə almalıdır”.

“Ermənistan özü-özünü blokadaya salıb”

Deputat vurğulayıb ki, sülh, yaxşı münasibətlər bu gün Azərbaycandan çox Ermənistana lazımdır: “Azərbaycan onsuz da beynəlxalq münasibətlər sistemində öz yerini tutub, qonşu dövlətlərlə öz münasibətlərini qura bilib. Ancaq Ermənistan özü-özünü blokadaya salıb, Azərbaycan və Türkiyənin böyük imkanlarından istifadə etməkdən özünü məhrum edib və əgər o, bir dövlət kimi inkişaf etmək istəyirsə, mütləq Azərbaycanın bu haqlı tələblərini nəzərə almalıdır. Əgər bunlar nəzərə alınıb sülh müqaviləsi bağlanacaqsa, Azərbaycan və Ermənistan bundan sonra normal qonşuluq münasibətləri qura biləcək”.

Paşinyandan sülh ritorikası və regional sabitlik vədi

Siyasi şərhçi Şəhla Cəlilzadə Ermənistan seçkilərə hazırlaşdığını və bu hazırlığın müxtəlif müstəvilərdə aparıldığını söyləyib: “Birincisi, Paşinyan sülh ritorikası və regional sabitlik vədi ilə seçkilərə qatılır. Bu baxımdan son dövrlər Ermənistan hakim elitasının nümayəndələrinin sülhlə bağlı rəsmi açıqlamalarının artması vurğulana bilər. Məsələn, Ermənistan Parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda səsləndirdiyi ifadə, Ermənistan və Azərbaycan arasında bundan sonra müharibə olmayacağı, iki xalqın sülh şəraitində birgə yaşaya və ticarət əlaqələri qura biləcəyi açıqlaması hər iki ölkə ictimaiyyətində ciddi müzakirə doğurdu. O cümlədən Paşinyanın cənab Prezident İlham Əliyevə tədbir kluarlarında yaxınlaşmağa və isti münasibətlər ortamı yaratmağa çalışması qarşıdakı dövr üçün onun seçkilərdə qalibiyyəti baxımından sülh ritorikasının vacibliyini özündə büruzə etdirir”.

Ş.Cəlilzadə əlavə edib ki, ikincisi, Paşinyan siyasi opponentlərini zəiflətmək üçün onların cinayətlərini, yanlış hərəkətlərini ifşa etməyə çalışır: “Məsələn, Xocalı qatilləri olan və hazırkı dövrdə revanşist qüvvələrin başında dayanan eks-prezidentlərə qarşı açılan cinayət işi və korrupsiya istintaqının son dövrlərdə daha da aktivləşməsi, həmçinin Paşinyana qarşı ciddi müqavimət təşkil etmək potensialı olan, II Qarabağ müharibəsi dövründə bir əlində xaç, digərində silahla müharibəni təşviq edən erməni Katolikosunu ifşa etməsi (onun evli olduğu və övlad sahibi olduğu barədə faktların olduğu və buna görə də II Qareginin müvafiq vəzifəni tutmaq səlahiyyətini itirdiyini iddia edib) qeyd oluna bilər. Üçüncü məqam, ikitərəfli kontaktın müntəzəm hal aldığı və sülh danışıqları prosesində müəyyən uğurların əldə olunduğu vurğulana bilər. Burada həm sülh sazişi mətninin tam razılaşdırılması, həm də müxtəlif askpetlər üzrə, o cümlədən sərhəd delimitasiyası, itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının qarşılıqlı görüşləri qeyd oluna bilər”.

“Ermənistan istəksiz davranır”

O, həmçinin deyib ki, hətta Ermənistan Ərazi idarəetmə və infrastruktur nazirliyinin Bakı-İrəvan arasında xarici dövlət rəsmilərinin uçuşları barədə məlumatı ictimailəşdirməsi qarşıdakı dövrdə qarşılıqlı gediş-gəlişin aktivləşə biləcəyinə işarə olaraq dəyərləndirilə bilər: “Yəni bu, Ermənistanın bu istiqamətdə niyyət bəyanı sayıla bilər. Lakin sülh üçün Azərbaycanın iki əsas şərti var və bunlar bəllidir: Ermənistanın konstitusiyasına düzəliş etməsi, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvinə dair Azərbaycanla birgə müraciət ünvanlaması. İkinci şərt barədə ümumi konsensus mövcud olsa da, birinci şərtlə bağlı Ermənistan istəksiz davranır və bu, sülhün gələcəyini, davamlılığını təhlükə altına salır. Çünki nə zamansa hakimiyyətə revanşist qüvvələr gələrlərsə, mütləq qaydada sülh müqaviləsinin konstitusiyaya uyğun olmadığını iddia edib, ölkəmizə qarşı hərbi cinayətlərini təkrar edə bilərlər. Odur ki, davamlı sülh qarşılıqlı şəkildə iddiaların konstitusion – ana hüquqi bazadan çıxarılmasından birbaşa asılıdır”.

Röya İsrafilova