“Bu sənəd Azərbaycana qarşı əsassız iddialar və ittihamlarla doludur” Gündəm

“Bu sənəd Azərbaycana qarşı əsassız iddialar və ittihamlarla doludur”

“Fransa Milli Assambleyasında təqdim edilən son qətnamə layihəsi bir daha göstərdi ki, rəsmi Paris Azərbaycanla bağlı mövqeyində obyektivlik və beynəlxalq hüquq prinsiplərindən çox uzaqdır. “Sağ Respublikaçılar” qrupunun təşəbbüsü ilə irəli sürülən bu sənəd, Ermənistanla strateji tərəfdaşlığın dərinləşdirilməsi adı altında Azərbaycana qarşı əsassız iddialar və ittihamlarla doludur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, qətnamədə Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan bəndlər yer alır: “Sənəddə Azərbaycanın hüquqi əsaslarla məhkəmə istintaqına cəlb etdiyi şəxslərə “siyasi məhbus” damğası vurulması və onların dərhal azad edilməsinin tələb olunması, həm hüquqi, həm də siyasi baxımdan qəbuledilməzdir. Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi suveren hüquqdur və bu proses beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilir”.

Z.Qarayeva bildirib ki, qətnamədə həmçinin “Artsax respublikası” kimi beynəlxalq aləmdə tanınmayan və qondarma bir struktura istinadlar yer alır: “Belə bir yanaşma, Fransanın ATƏT-in Minsk Qrupu həmsədri kimi əvvəllər üzərinə götürdüyü neytral vasitəçi rolunu bir daha şübhə altına alır və tərəfkeş mövqe tutduğunu açıq şəkildə göstərir. Təəssüf doğuran digər məqam isə Azərbaycanın guya erməni mədəni və dini irsini məhv etməsi ilə bağlı iddialardır. Bu, heç bir obyektiv faktla əsaslandırılmayan, Fransada fəaliyyət göstərən erməni lobbi təşkilatlarının siyasi dairələrə təsir imkanlarının nəticəsidir. Halbuki, Azərbaycan ərazisində yerləşən xristian abidələri dövlət tərəfindən qorunur və bərpa olunur. Fransa hökumətinin bu mövqeyi, Prezident Emmanuel Makronun şəxsi siyasi ambisiyalarının və bölgədə mövqeyini itirmək qorxusunun təzahürüdür”.

Röya İsrafilova