“Bu, regionda gedən daha dərin siyasi və ideoloji proseslərin bir parçasıdır” Gündəm

“Bu, regionda gedən daha dərin siyasi və ideoloji proseslərin bir parçasıdır”

““Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” xəbərinin ətrafında yaranan diskussiya, əslində, regionda gedən daha dərin siyasi və ideoloji proseslərin bir parçasıdır. Bu, təkcə bir mədəniyyət obyektinin ortadan qaldırılması deyil, simvolların dəyişməsi və narrativlərin yenilənməsi anlamına gəlir. Ayvazovski erməni tərəfi tərəfindən uzun illərdir mədəni identitetin bir hissəsi kimi təqdim olunurdu. Halbuki, bu şəxsiyyətin irsi, əslində, çoxmillətli və daha geniş bir coğrafiyaya aiddir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, Azərbaycanın Xankəndidə suveren idarəçiliyi bərpa etməsi fonunda belə abidələrin taleyi həm mədəni, həm də siyasi səviyyədə yeni mərhələyə keçidi simvolizə edir: “Dövlətin mədəni siyasəti, özəlliklə işğaldan azad olunmuş ərazilərdə simvolik məkanların yenidən qurulması və təmizlənməsi istiqamətində ardıcıl həyata keçirilir. Bu, təkcə fiziki məkanların deyil, həm də ideoloji izlərin silinməsi və yenidən yazılması prosesi kimi başa düşülməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin bu abidəyə emosional reaksiyası isə göstərir ki, hələ də mədəniyyət üzərindən siyasi iddialar irəli sürmək tendensiyası davam edir: “Lakin reallıq ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan suverenlik hüququ artıq söz yox, əməli fəaliyyətlə təsdiqlənir. Ayvazovskinin heykəlinin yığışdırılması bu fəaliyyətin bir hissəsi olaraq həm keçmişin izlərini, həm də gələcək üçün yeni səhifənin başlanğıcını ifadə edir”.

Röya İsrafilova