Azərbaycandan tarixi addım: yeni geosiyasi hədəflər Gündəm

Azərbaycandan tarixi addım: yeni geosiyasi hədəflər

Avqustun 2-də Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.

Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq başlanılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.

Millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Azərbaycan tarixi addım atdı”

Milli Məclisin deputatı Azər Badamov diqqətə çatdırıb ki, 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəl Suriya gündə 400 min barel neft hasil edib ixrac edirdi: “Amma indi o, gündə cəmi 20 min barel hasil edə bilir və idxala arxalanır. 2011-ci ildə yenicə inkişaf edən təbii qaz sektoru indi demək olar ki, mövcud deyil. Suriyanın keçici hökuməti bütün təzyiq və çətinliklərə baxmayaraq ölkəni yenidən dirçəltməyə, dövlət kimi subyektliyini bərpa etməyə çalışır. Azərbaycan bu işdə tarixi addım atdı. İlkin olaraq Hələb vasitəsilə gündə altı milyon kubmetr qaz Suriyaya çatdırılacaq. Bunun 1200 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da təxminən beş milyon suriyalıya ev təsərrüfatı ehtiyaclarını ödəməyə kifayət edəcək”.

“Türkiyə bu işdə gərgin əmək sərf edir”

Deputat qeyd edib ki, Türkiyə həm də ilkin mərhələdə boru kəmərinin ixrac qabiliyyətini 25% artırmağı planlaşdırır, uzunmüddətli hədəfi isə hasilatı 860 meqavata qədər artırmaq və potensial olaraq əlavə 1,5 milyon evi elektrik enerjisi ilə təmin etməkdir: “Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirir ki, Türkiyədən Suriyaya elektrik enerjisi ixracı 8 fərqli nöqtədən həyata keçirilir, ilk mərhələdə ixrac qabiliyyəti 25 faiz, gələcəkdə isə iki dəfədən çox artacaq. Türkiyə bu işdə gərgin əmək sərf edir. May ayında Aİ və ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvindən dərhal sonra Kalyon Holding ilə Türkiyədən Cengiz Holdinq, Qətərdən UCC, ABŞ-dən Power International şirkəti və Suriyanın Energetika Nazirliyi arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi elan edilib”.

Xarici siyasətin şaxələndirilməsi

A.Badamovun sözlərinə görə, vətəndaş müharibəsi başlayandan bəri suriyalılar ciddi enerji çatışmazlığı yaşayırlar: “İllərlə davam edən müharibə ölkənin elektrik şəbəkəsinin 50%-dən çoxunu iflic vəziyyətinə salıb, elektrik istehsal gücünü 8500 meqavatdan 3500 meqavat-a endirib. Bunun əsas səbəbi Mharde, Hələb və Zeyzun bölgələrində elektrik stansiyalarına ciddi ziyan dəyməsidir. Türkiyə Suriyanın bərpasında mərkəzi yerdə dayanır və dəstəyinə arxalandığı aktorlar mövcuddur. Bunlardan birincisi Azərbaycandır. Həm Azərbaycan və Suriya prezidentlərinin Antalyadakı forumda görüşü, həm də iyulun 12-də Suriya Prezidenti Əhməd əl-Şaraanın başçılıq etdiyi keçici hökumət nümayəndələrinin iyulun 12-də Azərbaycana səfəri zamanı baş tutan müzakirələr bir çox məsələlərə işıq tutdu. Nəticə etibarilə, Azərbaycan qazı Avropadan sonra Yaxın Şərqə də ayaq açdı. Cənab Prezident İlham Əliyev regionla məhdudlaşmayan qlobal siyasət yürüdür. Bu fakt bu gün bir daha sübut olunur. Azərbaycan qazının Avropadan sonra Yaxın Şərqə də ayaq açması qazın, xarici siyasətin şaxələndirilməsi deməkdir. Etibarlı tərəfdaş olaraq Azərbaycan özünü sübut etməyi bacarıb”.

“Azərbaycan qazını və xarici siyasətini diversifikasiya edir”

O həmçinin vurğulayıb ki, bu hadisə sadəcə Suriyanın qazla təminatı, bərpa-quruculuğuna dəstək deyil, həm də onun tranzit ola bilmə şansı deməkdir: “Azərbaycan Suriyaya bu şansı verməklə onun xarici siyasətində manevr imkanlarını genişləndirir ki, göstərilən bu dəstəyin miqyası ölçüyə gəlməz. O da qeyd olunmalıdır ki, Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, bərpa etmək olar. Beləliklə də Azərbaycan qazı Suriyadan keçməklə Misirə qədər çatdırıla bilər. Mümkün olan bir digər məsələ Azərbaycanın elektrik enerjisinin Yaxın Şərq regionuna ixrac edilə bilməsidir. Göründüyü kimi Azərbaycan ard-arda addımlar atmaqla qazını və xarici siyasətini diversifikasiya edir”.

“Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq”

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, bu gün etibarən Azərbaycandan Türkiyə gedən təbii qaz Kilisdən Suriyaya ötürüləcək: “Bu marşrutla tədarük edilən Azərbaycan qazı sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Görüşdə Azərbaycanda qardaş dövlət Türkiyə ilə birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib”.

“Azərbaycanın enerji ixracı siyasəti dönüş nöqtəsinə qədəm qoyub”

M.Cəfərov əlavə edib ki, Azərbaycanın enerji ixracı siyasəti 2025-ci ilin ilk yarısında mühüm dönüş nöqtəsinə qədəm qoyub: “Enerji bazarında baş verən dəyişikliklərdən sonra Bakı öz ixrac coğrafiyasını təkcə Avropa ilə məhdudlaşdırmayaraq Yaxın Şərqə doğru da genişləndirir. Azərbaycanın Suriyaya təbii qaz ixracına başlaması təkcə kommersiya layihəsi deyil, bu həm də dövlətimizin enerji siyasətinin coğrafiyasını Yaxın Şərqə doğru genişləndirməsidir. Artıq Azərbaycan illik ixrac həcmini genişləndirərək Avropa və Yaxın Şərq bazarlarına çıxış əldə edir. Əslində, Suriya üçün nəzərdə tutulmuş bu layihə Azərbaycanın humanitar və bərpa məsələlərinə dəstək baxımından strateji addımıdır. Beləliklə, bu əməkdaşlıq Azərbaycanın regionda etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi imicini möhkəmləndirməyə xidmət edəcək”.

“Bu həm enerji sahəsində, həm də siyasi baxımdan yeni mərhələnin başlanğıcıdır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib ki, Azərbaycanın qazının Türkiyə üzərindən Suriyaya nəqli həm enerji sahəsində, həm də siyasi baxımdan yeni mərhələnin başlanğıcıdır: “Layihənin rəsmi açılışı Kilisdə keçirildi və ilk mərhələdə Suriyanın Hələb və Homs şəhərlərinə illik 1.2 milyard kubmetr qazın çatdırılması planlaşdırılır. Bu resurs elektrik stansiyalarında istifadə edilərək Suriyanın enerji sisteminin bərpasına dəstək verəcək”.

“Geosiyasi balanslara da təsir göstərəcək”

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan üçün bu layihə yeni bazarlara çıxış, Türkiyə üçün isə enerji tranzit mərkəzi statusunu gücləndirmək imkanıdır: “Suriya tərəfi isə infrastruktur baxımından kritik bir dəstək qazanır. Qətərin prosesə cəlb olunması isə layihənin regional siyasi əhəmiyyətini daha da artırır. Bu enerji əməkdaşlığı təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi balanslara da təsir göstərə biləcək strateji bir addımdır”.

Röya İsrafilova