Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər Gündəm

Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər

İran prezidenti Məsud Pezeşkian qeyd edib ki, İran daxilində Azərbaycanın istənilən diplomatik addımına qarşı şübhə və düşmənçiliklə reaksiya verilməsi artıq travmatik hal alıb.

“Bizdə bir travma yaranıb. Azərbaycan Respublikası kimlə münasibət qurursa, onu dərhal İrana qarşı hesab edirik. Biz hansı addımları atmışıq ki, bu qədər Azərbaycandan ehtiyat edirik?”, – deyə Pezeşkian bildirib.

O əlavə edib: “Azərbaycan müstəqil dövlətdir və onun bütün dünya ölkələri ilə münasibətlər qurmağa haqqı var. Azərbaycan rəhbərliyi öz davamlı mövqeyini hər zaman açıq şəkildə ifadə edib.”

Pezeşkian həmçinin 2020-ci ilin İkinci Qarabağ müharibəsində Azərbaycanın İsrail vasitəsilə İrana qarşı hərbi addımlar atması barədə iddiaları da qəti təkzib edib: “12 günlük müharibədə Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadəsinə dair heç bir sübut yoxdur.”

Pezeşkian bildirib ki, İranın Azərbaycanla bağlı yürütdüyü siyasət yanlışdır.

Bundan sonrakı İran-Azərbaycan münasibətləri necə olacaq?, Pezeşkiana qarşı daxildə təhdidlər olacaqmı?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

“Onun açıqlamaları İran daxilindəki bəzi qüvvələri ciddi narahat edir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra İran-Azərbaycan münasibətləri gərgin fazadan çıxdı və Pezeşkianın Azərbaycana səfərindən sonra bu münasibətlərin daha səmimi notlar üzərində inkişaf etdiyinin şahidi olduq: “Məlumdur ki, Pezeşkianın verdiyi açıqlamalar İran daxilindəki bəzi qüvvələri ciddi narahat edir. Məsələ ondadır ki, Məsud Pezeşkian Azərbaycanın bölgədəki rolunu, mövqeyini və nüfuzunu qəbul edir, buna hörmətlə yanaşır və regional əməkdaşlığa qarşı çıxmağın, əleyhinə getməyin İrana heç bir fayda verməyəcəyini anlayır. Eyni zamanda, cənab Prezident İlham Əliyev bildirir ki, regiondan kənarda yerləşən aktorların təzyiqlərinə baxmayaraq biz regional aktorlarla münasibətləri heç bir halda pozmayacağıq. Təbii ki, bu mövqe Pezeşkianın daha müsbət tonlarda çıxış etməsinə əsas verir. Dövlət başçımız həmçinin qeyd edir ki, Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub nəqliyyat dəhlizinin fərqli bir istiqaməti istifadəyə verilmiş olacaq”.

“İran-Azərbaycan münasibətlərinin gərgin saxlanmasında maraqlı tərəflər var”

Politoloq əlavə edib ki, şübhəsiz ki, Şimal-Cənub dəhlizi regional ölkələrə fayda gətirən strateji bir layihədir: “Bu baxımdan da ən məqbul yanaşma odur ki, region ölkələri əməkdaşlıqdan kənarlaşmasınlar və bu istiqamətdə heç bir antagonist addım atmasınlar. Təbii ki, Pezeşkianın belə açıqlamalar verməsi həm İran daxilindəki bəzi qüvvələri, həm də xarici dairələri ciddi narahat edir. Çünki İran-Azərbaycan münasibətlərinin gərgin saxlanmasında maraqlı olan tərəflər var. Bu gərginlikdən istifadə etməklə regiona təsir və təzyiq imkanları yaradan aktorlar mövcuddur. Azərbaycan isə bəyan edir ki, bizim üçün region ölkələri ilə münasibətlər prioritetdir. Lakin eyni zamanda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan regiondan kənar ölkələrlə də münasibətlərini qurur və əməkdaşlıq formatlarını genişləndirir”.

“Azərbaycanın siyasəti tamamilə düzgündür”

Ş.Həsənovanın sözlərinə görə, bu baxımdan düşünürəm ki, Azərbaycanın siyasəti tamamilə düzgündür – pragmatizmə əsaslanır: “Dövlətimizin başçısı bildirir ki, biz milli maraqlarımızı həyata keçirərkən həm qonşularımızın, həm də qonşularımızın qonşularının maraqlarını nəzərə alırıq. Bu isə o deməkdir ki, Azərbaycanın mövqeyi ciddi şəkildə qəbul olunmalıdır və bu mövqedən həm siyasi, həm də iqtisadi baxımdan dividendlə çıxmaq mümkündür. Bir məsələni də vurğulamaq istərdim: Pezeşkianın Pakistana səfəri reallaşır. Azərbaycan–Pakistan münasibətlərinin mövcud səviyyəsini, bu münasibətlərdəki qətiyyətli inkişafı, dostluq və səmimiyyəti nəzərə alsaq Pezeşkianın Pakistana səfəri mühüm əhəmiyyət kəsb edir. Çünki Pakistan həm İslam ölkəsidir, həm də Azərbaycan-Pakistan, Azərbaycan–Türkiyə münasibətləri kontekstində bu üç ölkə arasında əməkdaşlıq potensialı artır. Bu, həm İran–Pakistan, həm də Türkiyə–İran münasibətlərinə müsbət təsir edə bilər. Azərbaycan bu mənzərədə vasitəçi rolunu oynayır və tərəflər arasında gərginliyin azaldılmasında maraqlıdır. Bu baxımdan, Pezeşkian Azərbaycanın mövqeyini qəbul edir”.

“Pezeşkian müqavimətlə qarşılaşa bilər”

Politoloq Elman Telmanoğlu söyləyib ki, Pezeşkianın "İranın Azərbaycanla bağlı siyasəti yanlış idi" bəyanatı, əslində, təkcə xarici deyil, həm də daxili auditoriyaya ünvanlanmış ismarıcdır: “O, həm Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, həm də İran daxilində müəyyən islahatlara hazırlıq mesajı verir. Məsələyə bir az da detallı baxsaq nəzərə çarpan siyasi reallıqlar hansılardır? İranın daxili reallıqları, Pezeşkianın əl-qolu nə qədər açıq olmasıdır. İranda prezident postu formal olaraq ölkənin ikinci ən yüksək icra hakimiyyəti orqanıdır. Lakin ali qərarverici qüvvə hələ də dini liderin, Ayətullah Əli Xameneinin əlində cəmlənib. Xarici siyasət sahəsində də əsas istiqamətlər məhz Ali Milli Təhlükəsizlik Şurası və dini rəhbərlik tərəfindən müəyyən edilir. Bu səbəbdən Pezeşkianın səsləndirdiyi fikirlər onun şəxsi mövqeyi olsa da, praktiki dəyişikliklər üçün yetərli olmaya bilər. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH), dini mühafizəkar dairələr və bəzi şovinist qüvvələr Azərbaycanın İsraillə münasibətlərindən narahatdır və bu faktoru Tehranın Bakı ilə siyasətində əsas arqument kimi saxlayır. Pezeşkianın Azərbaycanla bağlı yumşaq siyasəti bu dairələrin müqaviməti ilə qarşılaşa bilər. Onun daxilində təzyiqlərə məruz qalması, hətta siyasi sabotajlarla üzləşməsi ehtimalı da az deyil”.

“Bu səhifənin necə yazılacağını zaman göstərəcək”

E.Telmanoğlunun bildirdiyinə görə, Pezeşkian dönəmində İranın Azərbaycanla bağlı siyasətində tam dəyişiklik olmasa da, tonun dəyişməsi və kommunikativ kanalların açılması gözlənilir: “İki ölkə arasında son illərdə yaşanan gərginliklər (Tehrandakı səfirliyə hücum, Zəngəzur dəhlizi məsələsi, sərhəddə hərbi təlimlər və s.) münasibətlərdə ciddi çatlar yaratmışdı. Lakin iqtisadi əlaqələrin saxlanması, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları bu münasibətlərin tamamilə qırılmasına imkan vermədi. Pezeşkian rəhbərliyi bu diplomatik soyuqluğu yumşaltmağa çalışa bilər. Xüsusilə də regional geosiyasi mənzərədə Azərbaycanın artan rolu və Tehranın getdikcə artan beynəlxalq təcridi fonunda İran üçün Bakı ilə normal münasibətlər daha da əhəmiyyətli hala gəlir”.

O həmçinin deyib ki, nəticədə ehtiyatlı, lakin ümidverici bir dövr başlaya bilər: “Pezeşkianın prezidentliyi İran-Azərbaycan münasibətlərində müəyyən korrektələrin ediləcəyi bir mərhələ ola bilər. Lakin bu korrektələr struktur xarakterli deyil, daha çox ton və yanaşma dəyişikliyi formasında özünü göstərəcək. Tehran rəhbərliyi üçün Bakı ilə münasibətləri tam şəkildə düzəltmək üçün həm daxili güc balansı, həm də xarici təzyiqlər nəzərə alınmalıdır. Azərbaycan isə bu prosesə rasional və praqmatik yanaşmalı, münasibətlərin inkişafını yalnız bəyanatlarla deyil, konkret addımlarla ölçməlidir. Pezeşkianın sözlərini yeni səhifə kimi qəbul etmək olar, lakin bu səhifənin necə yazılacağını zaman göstərəcək”.

“Bu, Tehran üçün nadir və cəsarətli ritorikadır”

Politoloq Tural İsmayılov bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı siyasətin “yanlış” olduğunu etiraf etməsi Tehran üçün nadir və cəsarətli ritorikadır: “Bu bəyanat teokratik sistemdə çevik dəyişikliyə Pezeşkianın meyil siqnalı kimi dəyərləndirilə bilər. Azərbaycanla normallaşma çağırışı regionda yeni bir praqmatik siyasi xəttin formalaşdığını göstərə bilər. Amma bu, həm də İranın dərin dövlətinə – SEPAH və ideoloji elitaya açıq bir çağırışdır. Pezeşkianın sözləri daxildə müəyyən müqavimətlə qarşılaşacaq; xüsusilə mühafizəkar media və Qüds Gücləri tərəfindən ritorik basqılar gözləniləndir”.

“Pezeşkian danışdı, indi SEPAH dinləyir”

T.İsmayılov əlavə edib ki, buna baxmayaraq Pezeşkianın Azərbaycanla münasibətlərdə “qonşuluq diplomatiyasını” irəli çəkməsi Tehranın regiondakı təkliyini aşmaq istədiyini göstərir: “İranın Ermənistanla yaxınlığı və Zəngəzur dəhlizi məsələsində tutduğu sərt mövqe Bakı ilə münasibətləri uzun müddətdir pozmuşdu. İndi isə yeni prezidentin tənqid mövqeyi həm ikitərəfli gərginliyi yumşalda, həm də regional əməkdaşlığı stimullaşdıra bilər”.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu mesajları ehtiyatla, amma maraqla qarşılayacaq: “Bakı üçün vacib olan Pezeşkianın bu fikirlərinin praktik siyasətə çevrilib-çevrilməməsidir. Çünki İranın siyasi arxitekturasında qərarverici mexanizm təkcə prezident deyil, Ali Dini Lider və SEPAH-ın maraqlarıdır. Bu səbəbdən Pezeşkian daxildə sistemə qarşı sərt getməyə çalışsa, təhdidlər, təzyiqlər və sanksiyalarla üzləşə bilər. Ümumilikdə, İran-Azərbaycan münasibətlərində bir açılım mümkündür, amma bunun davamlı olub-olmaması Tehranın daxili institutları arasındakı mübarizədən asılı olacaq. Qısası, Pezeşkian danışdı, indi SEPAH dinləyir”.

Röya İsrafilova