“İran  Cənubi Qafqazda Türkiyə və Azərbaycanın təsirini "balanslaşdırmaq" istəyir” Gündəm

“İran  Cənubi Qafqazda Türkiyə və Azərbaycanın təsirini "balanslaşdırmaq" istəyir”

“Türkiyə və İran prezidentlərinin Tiencindəki görüşündə Cənubi Qafqaz məsələsinin gündəmə gəlməsi regiondakı dəyişən balansların göstəricisidir. Ankara açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir və sülhün əldə olunmasının bölgədə yeni iqtisadi, nəqliyyat və təhlükəsizlik imkanları açacağını bildirir. Tehran isə indiyə qədər daha çox Ermənistanın maraqlarına yaxın mövqe sərgiləyib və Zəngəzur dəhlizi ilə bağlı narahatlığını gizlətməyib”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov bildirib ki, yeni prezident Məsud Pezeşkianın Ərdoğanla ilk ciddi regional müzakirələrdən birində bu mövzunu açması İranın mövqeyində müəyyən korrektələr ola biləcəyini göstərir: “İran ənənəvi olaraq Cənubi Qafqazda Türkiyə və Azərbaycanın təsirini "balanslaşdırmaq" istəyir. Lakin Tehranın regionda möhkəmlənməsi üçün Ermənistan kartı təkbaşına kifayət etmir və bu, İranı daha çevik siyasət yürütməyə məcbur edir”.

Politoloqun sözlərinə görə, digər tərəfdən, İranın Qəzza və Suriya məsələsində Türkiyə ilə fikir mübadiləsi aparması da maraqlıdır: “Bu, göstərir ki, iki ölkə təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda koordinasiyaya ehtiyac duyur. Tehran Ankaranın regionda açar rol oynadığını anlayır və münasibətləri gərginlik üzərində yox, dialoq üzərində qurmağa üstünlük verir. Bununla belə, İranın əsas strategiyası birdən-birə dəyişməyəcək. Tehran Ermənistanı itirmək istəmir, amma Bakı ilə münasibətləri tam zədələməyin də təhlükəli olduğunu görür. Ərdoğanla Pezeşkianın görüşü, əslində, İranın gələcəkdə daha balanslı, praqmatik xətt izləyə bilməsi üçün də önəmlidir”.

O həmçinin deyib ki, İran mövqeyində tam dönüş etməsə də, taktiki dəyişikliklər mümkündür: “Bu dəyişikliklər həm Ankara ilə əməkdaşlığı dərinləşdirmək, həm də Bakıya qarşı yumşaq ritorika nümayiş etdirmək formasında ola bilər. Beləliklə, Tehran özünü prosesdən kənarda saxlamamaq üçün mövqeyini qismən adaptasiya etməyə məcbur qalacaq”.

Röya İsrafilova