

“Bu il keçirilən universitetə qəbul imtahanlarının nəticələri Azərbaycan təhsilinin hazırkı durumunu göstərən ən real göstəricilərdən biridir. Əldə olunan nəticələr onu sübut edir ki, məktəb təhsilinin keyfiyyəti ilə ali təhsil sisteminə keçid arasında ciddi uyğunsuzluqlar mövcuddur. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarında 88 min 756 nəfər iştirak edib, onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) universitetlərə qəbul olunub. Yəni, abituriyentlərin təxminən 35 faizi universitetə qəbul ola bilməyib. Bu isə həm məktəb təhsilinin nəticəsizliyini, həm də abituriyentlərin peşə və karyera seçiminə yönləndirilməsində ciddi boşluqları göstərir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.
K.Əsədov bildirib ki, ən diqqətçəkən məqam isə plan yerlərinin boş qalmasıdır: “Bu il 3100-dən çox yerin dolmaması o deməkdir ki, dövlət vəsaiti hesabına ayrılmış plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyən edilməyib. Əgər gənclər həmin ixtisasları seçmirlərsə, deməli, bu sahələrdə gələcək perspektivlər zəifdir, əməkhaqları aşağıdır, iş imkanları məhduddur. Bu fakt göstərir ki, Elm və Təhsil Nazirliyi illərdir əmək bazarının təhlilini aparmır, tələbələrin maraqlarını və qlobal tendensiyaları nəzərə almır. Halbuki, “Təhsil haqqında” Qanunun 6-cı maddəsinə görə, təhsil siyasəti dövlətin sosial-iqtisadi inkişaf prioritetləri ilə uzlaşdırılmalıdır. Təəssüf ki, bizdə bu mexanizm kağız üzərində qalır. Nəticələrin təhlili göstərir ki, yüksək nəticə göstərənlərin sayı azalır. Məsələn, 600 və daha çox bal toplayanların faizi son illərlə müqayisədə azalıb. Bu, məktəb proqramlarının keyfiyyətinə dair ciddi suallar yaradır. Çünki şagirdlərin yüksək bal toplamaq üçün kütləvi şəkildə repetitor yanına üz tutması faktı təsdiq edir ki, məktəb təhsili imtahana real hazırlıq imkanı vermir. Əgər “Ümumi təhsil haqqında” Qanunun 10-cu maddəsində məktəbin əsas vəzifəsi şagirdlərin bilik, bacarıq və vərdişlərini formalaşdırmaq kimi qeyd olunursa, onda nəyə görə bu missiyanı repetitor bazarı icra edir? Bu sualın cavabı odur ki, məktəb öz funksiyasını tam yerinə yetirmir”.
Ekspert əlavə edib ki, müsbət tərəfi odur ki, qəbul imtahanları yenə də ölkədə ən şəffaf proseslərdən biridir: “Dövlət İmtahan Mərkəzi nəticələri obyektiv şəkildə elan edir, bu isə cəmiyyətin inamını qoruyur. Lakin yalnız imtahanların şəffaflığı ilə öyünmək kifayət deyil. Çünki nəticələrin mahiyyəti göstərir ki, təhsil sisteminin özündə islahatlara böyük ehtiyac var. Dünya təcrübəsi bunu təsdiq edir. Məsələn, Finlandiyada qəbul imtahanı yoxdur, şagirdlər məktəb göstəricilərinə əsasən universitetlərə qəbul olunurlar. Koreyada və Yaponiyada isə qəbul imtahanlarının nəticələri dərhal təhsil siyasətinin yenilənməsi üçün əsas indikator kimi istifadə olunur. Azərbaycanda isə illərdir eyni statistika elan edilir, amma nə nazirlik, nə də universitetlər bu nəticələrdən çıxarış etmir. Ən böyük problem odur ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə nə planı, nə də proqnozu var. Nazirlik qəbul nəticələrinin yalnız formal icmalını verir, amma onların dərin təhlilini aparmır. Hər il minlərlə gənc uğursuzluğa düçar olur, amma bunun səbəbləri barədə tədqiqat yoxdur. Qəbulda uğur qazanmışların keyfiyyət göstəriciləri, məktəblər üzrə nəticələrin müqayisəsi, regionlar arasında fərqlərin səbəbləri heç vaxt açıqlanmır. Dünya təcrübəsindən xəbərsiz qalmaq, yerli problemlərə göz yummaq və yalnız “rəqəmləri elan etmək” siyasəti təhsilin inkişafına xidmət etmir”.
O həmçinin deyib ki, əslində dəyişməli olan sistemin özüdür: “Plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyən edilməlidir. Məktəblərdə tədris proqramları imtahan nəticələrinə əsasən yenilənməlidir. Təhsil müəssisələri və nazirlik nəticələr üzərində geniş ictimai müzakirələr aparmalı, zəif nəticələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. Əks halda, qəbul imtahanlarının nəticələri hər il yalnız bir statistik hesabat kimi təqdim olunacaq, amma təhsilin keyfiyyəti dəyişməyəcək. Builki nəticələr bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi öz funksiyasını tam yerinə yetirmir. Gənclər repetitorların ümidinə buraxılır, məktəblər sadəcə formal diplom verən müəssisəyə çevrilir, ali məktəblər isə real tələblərə uyğun kadr hazırlığı aparmır. Nazirliyin fəaliyyəti isə yalnız kağız üzərində qalan layihələr və formal tədbirlərdən ibarətdir. Əgər bu yanaşma dəyişməsə, gələcək illərdə də qəbul imtahanlarının nəticələri eyni problemləri təkrar göstərəcək və təhsilimiz dünya ilə ayaqlaşmaq əvəzinə, daha da geriyə gedəcək”.
Röya İsrafilova