
“Məktəb öz funksiyasını tam yerinə yetirmir”
3 Sentyabr 23:45
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə işgüzar səfəri maraqlı məqamlarla yadda qaldı. Səfər zamanı dövlət başçısı Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında Zirvə görüşündə, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə təntənəli tədbirlərdə və hərbi paradlarda iştirak etdi.
Prezidenti İlham Əliyev səfər çərçivəsində eləcə də bir çox dövlət başçıları və rəsmi şəxslərlə görüşdü, turizm, enerji, ətraf mühitin mühafizəsi, neft-kimya sənayesi və s. sahələrdə fikir mübadiləsi apardı.
Azərbaycan Prezidentinin Çinə səfərini millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə şərh ediblər.
Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirak etdiyini xatırladaraq əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunmaqla 10 üzv dövlət və 14 dialoq tərəfdaşını özündə birləşdirir: “Həm də bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil”.
Ölkəmizin beynəlxalq mövqelərini gücləndirəcək səfər
A.Badamov qeyd edib ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir: “Azərbaycanın ŞƏT-in sammitlərində iştirakı ölkəmizə regional təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq üçün yeni bazarlar və imkanlar qazandırır. Çində "ŞƏT plyus" formatında keçirilən Zirvə toplantısının gündəliyi çox zəngin idi. Belə ki, dünyada iqtisadi böhran və ticarət müharibələri, regional təhlükəsizlik, enerji və nəqliyyat və digər aktual mövzular müzakirə olundu. Çində keçirilən tədbirlərdə 26 dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı, bu Zirvənin qlobal əhəmiyyətinin yüksək olduğunu göstərdi”.
Deputat dövlət başçımızın Çinə səfəri çərçivəsində bir çox dövlət rəhbərləri ilə ikitərəfli müzakirələr apardığını və cari gündəliyimiz üçün vacib mövzuları müzakirə etdiyini deyərək əlavə edib ki, Çinə olan yüksək səviyyəli səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq.
Strateji tərəfdaşlıq
Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, xüsusilə qeyd etməliyik ki, Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün əla zəmin var: “Bu potensialın daha da artırılması üçün biz hər iki tərəfdən səylərin günü-gündən artırıldığına şahidlik edirik. Məhz cənab Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında baş tutan görüş zamanı Çin liderinin Azərbaycan Prezidentinə “Mənim əziz dostum” deyərək müraciət etməsi də onu deməyə imkan verir ki, liderlər arasında da şəxsi dostluq münasibətləri mövcuddur və bu münasibətlərin yüksək səviyyədə olması nəticə etibarı ilə ölkələrimiz və xalqlarımız arasında da yaxınlaşmanı şərtləndirməkdədir”.
“Tezliklə müsbət nəticələrin olacağı gözlənilməkdədir”
Deputat qeyd edib ki, hazırda Azərbaycan və Çin arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır və bu sazişin əldə edilməsi ilə əlaqədar da tezliklə müsbət nəticələrin olacağı gözlənilməkdədir: “Biz xüsusilə qeyd etməliyik ki, 2025-ci ilin ilk aylarında ikitərəfli ticarət dövriyyəsi 1 milyarda yaxın olub. Bu da 2024-cü illə müqayisədə 1,5 dəfə artım müşahidə edildiyini deməyə imkan verir. Azərbaycan əldə edilmiş razılıq əsasında Çin texnoloji yeniliklərinə çıxış imkanı əldə edib. Bu da Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, Çin öz texnoloji yeniliklərini Azərbaycanla bölüşməsi, Çində fəaliyyət göstərən böyük şirkətlər və korporasiyaların məhsullarının Azərbaycana çatdırılması və Azərbaycan şirkətləri ilə ortaq layihələrin reallaşdırılması üçün də maraqlı tərəf kimi çıxış etməkdədir...”.
“Xalqların sosial rifahı daha da güclənəcək”
Onun sözlərinə görə, nəticə etibarı ilə biz turizm potensialının gücləndirilməsi ilə xalqlar arasındakı yaxınlaşmanın da daha sürətli baş tutacağını görə biləcəyik: “Biz inanırıq ki, səfər çərçivəsində cənab Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” şirkətinin rəhbəri vəzifəsini icra edən Ni Cen, “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü və digər görüşlər çox uğurlu, çox məhsuldar və çox yaddaqalan olacaq. Eləcə də inanırıq ki, əldə edilmiş bütün sənədlər və aparılan müzakirələr öz məntiqi nəticəsini verəcək. Nəticə etibarı ilə xalqların sosial rifahı daha da güclənəcək və dövlətlərimizin iqtisadiyyatı daha da inkişaf edəcək”.
Bakı və Pekin arasında tərəfdaşlığın yeni strateji mərhələsi
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri və burada Si Cinpinlə görüşü iki ölkə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərdi: “Çin lideri Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tranzit ölkə olduğunu xüsusi vurğuladı və ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını dəstəklədiyini bəyan etdi”.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi də Orta Dəhlizin artan əhəmiyyətinə diqqət çəkərək bu marşrutun həm Çin, həm də Avrasiya üçün strateji imkanlar açdığını qeyd etdi: “ŞƏT çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində mövqelərini möhkəmləndirə bilər. Tiencin görüşü göstərdi ki, Bakı və Pekin arasında tərəfdaşlıq yeni strateji mərhələyə qədəm qoyur. Azərbaycanın ŞƏT-də gələcəkdə daha geniş təmsilçiliyi isə ölkəmizin regional və qlobal siyasətdə rolunu artıracaq”.
“Azərbaycan Prezidenti diqqət mərkəzində idi”
Siyasi şərhçi Azər Həsrət bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri həm Azərbaycanda, həm də ondan kənarda çox diqqətlə izlənilirdi: “Təbiidir ki, bir Azərbaycan vətəndaşı olaraq biz bu səfərin hər nüansına diqqət yetiririk. Şəxsən mənim diqqətimi çəkən o oldu ki, Azərbaycan Prezidentinə istər Çinin dövlət rəhbərliyi tərəfindən, istərsə də başqa liderlər tərəfindən çox böyük, üstün diqqət var idi”.
A.Həsrət əlavə edib ki, yəni faktiki olaraq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da Azərbaycan Prezidenti orada diqqət mərkəzində idi: “Əlbəttə ki, bu, təsadüfi deyil. Çünki Azərbaycanın bir dövlət olaraq dünyada səs salan addımları istər-istəməz onun liderinə, dövlətin özünə də diqqəti daha da üstün mərhələyə daşıyır. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycan Prezidentinin bu səfəri ABŞ-yə səfərin ardından daha bir üstün, diqqətçəkən səfərdir”.
Röya İsrafilova