“Rusiya kollektiv Qərbin təhlükə qarşısında reaksiyasını test etməyə çalışır” Gündəm

“Rusiya kollektiv Qərbin təhlükə qarşısında reaksiyasını test etməyə çalışır”

“Rusiyanın Ukrayna ilə müharibəsi çərçivəsində bir neçə dəfə Avropa İttifaqı və NATO hava məkanını pozması faktı mövcuddur. Bu, ya kəşfiyyat xarakterli uçuşlar olub, yaxud Ukraynaya atılan silahların səhvən digər əraziyə düşməsi ilə əlaqədar olub. Hətta Polşa ərazisinə bu yaxınlarda bir dəfə də PUA düşmüşdü. Lakin Polşa bu dəfəki hücumu məqsədyönlü hesab edərək Rusiyanın aqressiyasının artması ilə əlaqələndirir. Rusiya isə bu iddianı rədd edir. Polşa, Ukrayna və Latviya XİN-lərinin (Lüblin Üçlüyü) birgə bəyanatı NATO-nu birgə cavab tədbirləri görməyə təşviq xarakteri daşıyır. Aydındır ki, NATO Rusiyaya qarşı müharibəyə qoşulmaq niyyətində deyil. Bununla belə İttifaqın Şərq qanadında müdafiəni gücləndirmək üçün kollektiv təhlükəsizlik paktı işə düşüb. İlk olaraq o qeyd oluna bilər ki, PUA-ları hollandlar zərərsizləşdirib. Niderland və Çexiya Polşaya, Almaniya isə Litvaya müdafiə qabiliyyətini artırmaq üçün hərbi briqada göndərəcəyini açıqlayıb”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Siyasi şərhçi qeyd edib ki, Ukraynanın Şimali Atlantik Alyansına və Avropa İttifaqına üzvlük və kollektiv təhlükəsizlik məsələsinin ABŞ-Rusiya danışıqlarından sonra gedərək daha çox müzakirə edildiyi bir dövrdə Rusiya kollektiv Qərbin təhlükə qarşısında reaksiyasını test etməyə çalışır: “Bu, eyni zamanda, Qərbi Ukraynaya hər hansı təhlükəsizlik qarantiyası vermək niyyətindən çəkindirmək məqsədinə də xidmət etmiş ola bilər. Xüsusilə Rusiya-Belarus birgə hərbi təlimlərinin bu gün başlanması Qərbi biraz daha həyəcanlandırıb. Çünki 2022-ci ilin fevralında belə təlimlər olandan dərhal sonra Ukraynaya hücum olmuşdu. İndi isə, Belarus ərazisindən Polşaya uçan PUA növbəti, “Qərb 2025” adlı birgə hərbi təlimlə üst-üstə düşür. Aydındır ki, Rusiya və Belarus Qərb istiqamətində hücum taktikasını inkişaf etdirmək üçün hərbi təlimlərə başlayıblar. Bu, müharibənin genişlənmə ssenarisinə hazırlıq da sayıla bilər. Müharibə genişlənərsə, ABŞ növbəti cəbhəni Latın Amerikasında açaraq – bu, Venesuela cəbhəsidir – diqqətini Rusiya ilə birbaşa savaşdan yayındıra bilər (Necə ki, II Dünya Müharibəsində əsasən Yaponiya ilə savaşaraq Avropacəbhəsinə birbaşa hərbi müdaxiləni deyil, hərbi yardımı üstün tuturdu, birbaşa hərbi iştirak yalnız müharibənin sonuna doğru, müharibənin abiqətini həll etmək üçün, 1944-cü ilin iyununda “Normandiya çıxarması” olmuşdu)”.

Ş.Cəlilzadənin sözlərinə görə, İsrail Rusiyanın müttəfiqi olan İranı tamamilə zəiflədəcək: “Avropa isə Belarus – Şərq cəbhəsinə yönələrsə, bu, Rusiyanın Ukrayna ilə müharibədə və ümumiyyətlə dünya nizamını dəyişmək uğrunda savaşda total məğlubiyyətinə gətirib çıxara bilən ssenarinin başlanğıcı olar. Lakin Qərb Rusiya ilə birbaşa müharibəyə girməmək üçün əlindən gələni edəcək, çünki əksi real olaraq III Dünya müharibəsinin yaşanması deməkdir. Dünya müharibəsinin nəticəsini isə öncədən təxmin etmək çətin deyil – dünyəvi total məhv”.

Röya İsrafilova