“Suverenlik ən böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır” Gündəm

“Suverenlik ən böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır”

“Azərbaycan 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdiyi kimi postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mümkünsüz görünən nəticələr seriyasını davam etdirir və beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış suverenliyimizin möhtəşəm təntənəsidir. Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadarlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara, hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevrilib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionumuzda sülhə, tərəqqiyə xidmət edən fəaliyyəti ilə yanaşı, türk dövlətlərinin birliyinin güclənməsində də çox fəal rol oynayır”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlmasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O qeyd edib ki, bütün bunlar həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayır: “44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu Zəfər xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi. Xalqımızın əzmkarlığı, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi və onun havadarları üzərində də qələbə çaldı. Azərbaycanın bütün əraziləri üzərində dalğalanan üçrəngli bayrağımız suverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına, xalqımızın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın, ikili standartların aqibətini ifadə edir. 2020-ci il 27 sentyabrdan başlanan 44 günlük Vətən müharibəsi fikirdə, sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu. Azərbaycan–Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı. Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaratmağa başlayıb, regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə çəkindirici gücə çevrilib”.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən, sadəcə, qalib dövlət kimi deyil, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb: “Suverenlik ən böyük sərvətimiz, gücümüzə güc qatılması, daha böyük hədəflərə nail olmaq imkanıdır. Bu imkanlar orta perspektivdə Azərbaycanın iqtisadi suverenliyinin də daha da möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə güclü əsaslar yaradır. Qardaş və dost ölkələr, eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür, dəyərləndirir, Azərbaycanın sülhə, əmin-amanlığa, tərəqqiyə xidmət edən fəaliyyətini dəstəkləyir və işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq işlərində müxtəlif formalarda iştirak edir, bu və ya digər formada dəstək verir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir. Bunun ucbatından 44 günlük Vətən müharibəsindən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi hələ də bağlanmayıb. Belə bir qeyri-müəyyənlik şəraitində bölgəmizdə dayanıqlı sülh və sabitliyin təmin olunmasına xidmət edən böyük sülh sazişinin bağlanması çox böyük aktuallıq kəsb edir”.

Röya İsrafilova