

“İqlim dəyişikliyi bütün dünyanı narahat edən məsələlərdən biri hesab olunur. Bununla bağlı adi insanlar da həyəcan siqnalı çalmalıdır. Artıq demək olar ki, fəsillər öz yerini dəyişib. Bunlar iqlim dəyişikliyinin nəticəsində baş verir. Bu, doğrudan da real bir hadisədir. İqlim dəyişikliyi ilə bağlı Azərbaycanda çox böyük işlər görülür. Keçən il ölkəmizdə COP29-un keçirilməsi buna bariz nümunədir. Yaşıl enerjiyə keçid dövrü də buna misal ola bilər. Həmçinin bu gün artıq elektrikli nəqliyyatlardan istifadə olunur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
İ.Həsənova bildirib ki, Qarabağ, Zəngəzur, Naxçıvanda yaşıl enerjiyə keçid dövrü başlayıb: “2030-cu ilə qədər Qarabağ demək olar ki, yaşıl enerji ilə təmin olunacaq. Digər bölgələrin də yaşıl enerji ilə təmin olunması nəzərdə tutulub. Keçən il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu, onu göstərir ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməyə başlayıb. Bizim bir neçə dövlətlə yaşıl enerji ilə bağlı müqavilələrimiz var və artıq bir neçə ildir bununla bağlı işlər görülür”.
O eləcə də qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) havaya buraxılan zəhərli maddələrlə, tüstülərlə bağlı şadlıq saraylarında monitorinqlər keçirir: “Mən öncələr çıxışımda da demişdim ki, əgər havaya buraxılan tüstülərin qarşını almaq üçün sahibkarlara böyük məbləğdə cərimələr qoyulsa, onlar da havaya buraxılan o tüstülərin qarşını almaq üçün filtrlərdən istifadə edərlər. Bunu artıq Nazirlik monitorinq edərək həyata keçirir. Bildirim ki, kənd təsərrüfatında da iqlim dəyişikliyi ilə bağlı çox böyük işlər görülür. Artıq damcı üsulu ilə suvarma sisteminə keçilir. Həm də iqlim dəyişikliyinin nəticəsində su qıtlığının yaranması gözlənilir. Bunun da qarşısını almaq üçün Azərbaycanda bir sıra tədbirlər görülür”.
Röya İsrafilova