

“Avropa Siyasi Birliyini siyasi arenaya ayaq açan körpə kimi xarakterizə edərdim. Siyasi Birliyin yaranmasını şərtləndirən amillər nə idi sualının cavabı isə düşünürəm ki, Avropa təsisatlarının illər ərzində nümayiş etdirdiyi mövqe ilə əlaqədardır. Avropa İttifaqı dünyanın qibtə etdiyi, qapısında aktorların gözlədiyi bir təsisat idi. Buna baxmayaraq ətrafında yüksək divarlar hörmüşdü, sədlər çəkmişdi və yaxud da diktə siyasətinə üstünlük verirdi. Resurs qıtlığı qədər bu amil də onu nüfuzdan salmağa başladı. Siyasi Birliyin isə bundan daha fərqli çıxış etdiyinin, daha fərqli mövqe nümayiş etdirdiyinin, açıq davrandığının şahidiyik. Avropa aktorları getdikcə daha aydın gördülər ki, uzunmüddətli hədəflərə çatmaq üçün təzyiq və ikili standartların tətbiqi yararlı yol deyil, bəlkə də kifayət deyil. Kifayət etməyən bir digər məsələ resurs məsələsi idi. Söhbət isə təkcə maddi resurslardan getmir. Dünya siyasətini həqiqətən anlamağı bacaran liderlərin vizyonuna, düşüncələrinə də ehtiyac yarandı. Bu baxımdan Azərbaycan Lideri seçilməyi və parlamağı bacardı. Biz deyə bilmərik ki, sözügedən Birlik Avropa təsisatlarını əvəz edir, xeyr, bu sadəcə olaraq daha geniş siyasi platforma təqdim edir. Daha institusional hal almasını isə zaman göstərəcək”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə reallaşdırılan işgüzar səfəri Azərbaycanın nüfuzundan, Azərbaycan dövlət başçısının qazandığı hörmətdən, rəğbətdən xəbər verir: “Bunu isə biz demirik. Qarşılıqlı keçirilən görüşlərdə istifadə edilən sözlər, ayaqüstü müzakirələrdə müraciət olunan ritorika və münasibət sübut edir. Macarıstanın Baş naziri Macarıstan Orban Azərbaycanı Avropa üçün qızıl ehtiyat olaraq göstərdi. O həm də Azərbaycan Liderinin rəhbərliyini stabil adlandırdı. Deməli, Liderimizin sözü, imzası, atacağı addımlar bütövü, onların hər biri harmonikdir. Dövlət başçımızın yürütdüyü siyasət proqnozlaşdırıla biləndir. Dövlət başçımızın Moldova Prezidenti Maya Sandu ilə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı da eyni hörmət və ehiramın şahidi olduq. Fransa Prezidenti Emmanuel Makronla da görüş göstərdi ki, heç bir halda yaranan reallıqdan başqa bir reallıq mövcud deyil. Bunu yaradan isə Azərbaycan Lideridir”.
Ş.Həsənovanın sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaşdır, bu müzakirələrdə Azərbaycan Liderinin baxışlarına, fikirlərinə zərurət var: “Avropanın 10, Avropa İttifaqının 8 üzv dövlətinə Azərbaycan qazını ixrac edirik, münasibətlərdə zaman-zaman müşahidə olunan bütün nahamarlıqlara baxmayaraq etibarlı tərəfdaş olduğumuzu dəfələrlə sübut etmişik. Azərbaycan Liderinin şəxsi keyfiyyətləri, siyasi bilikləri Azərbaycan xalqının dünyada layiqli təmsilçiliyi deməkdir”.
Röya İsrafilova