

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvəsi türk dünyasının gələcək strateji inkişaf xəttini müəyyən edən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Bu görüşün mərkəzində duran əsas mövzulardan biri Zəngəzur dəhlizinin açılması perspektividir ki, bu da təkcə regional nəqliyyat bağlantısı deyil, bütöv türk coğrafiyasını birləşdirəcək tarixi və geosiyasi layihə hesab olunur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyur: “Bu mərhələdə Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin qarşılıqlı əlaqələrinin daha sistemli şəkildə qurulması vacibdir. Qəbələ zirvəsi, məhz bu reallıqlar fonunda, türk dövlətlərinin siyasi koordinasiyasını gücləndirmək, regional inteqrasiyanı dərinləşdirmək və Orta Dəhliz boyunca iqtisadi əməkdaşlığı genişləndirmək məqsədi daşıyır”.
Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin açılması TRİPP layihəsi çərçivəsində həyata keçsə belə, onun əsas mahiyyəti dəyişmir – məqsəd türk dünyasının coğrafi parçalanmasına son qoymaq və vahid strateji məkana çevrilməkdir: “Qəbələdə aparılan müzakirələr bu istiqamətdə konkret addımların atılması, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində birgə fəaliyyət mexanizmlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, Qəbələ zirvəsi sadəcə diplomatik görüş deyil, həm də türk dünyasının gələcək onilliklər üçün ortaq vizyonunun formalaşdığı bir mərhələdir. Bu toplantı ilə türk dövlətləri təkcə tarixə istinad etmir, həm də yeni geosiyasi düzənin formalaşmasında aktiv iştirak iradəsini nümayiş etdirirlər”.
Röya İsrafilova