

Fransa xroniki siyasi qeyri-sabitliklə üzləşib və artan maliyyə böhranının öhdəsindən gəlmək iqtidarında deyil.
Bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.
Bildirilir ki, Fransa artıq dalana dirənib.
Məqalə müəllifinin sözlərinə görə, ölkə təkcə hökumətin dağılmasına deyil, eləcə də Prezident Emmanuel Makronun istefasına doğru irəliləyir. Üstəlik Fransa liderinin əhali arasında güvəni 15 faizə düşüb.
Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyasının deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra hökumətə etimad göstərməyib.
Yerli mətbuatın yazsığına görə, Fransa Prezidenti Emmanuel Makron ölkənin borc vəziyyəti və 2026-cı il büdcəsi ilə bağlı yaranan gərginlik fonunda istefa vermək niyyətində olmadığını bir daha təsdiqləyib. O, Tulon şəhərində Almaniya kansleri Fridrix Merz ilə keçirdiyi mətbuat konfransında prezidentlik müddətini sona qədər davam etdirəcəyini bildirib.
Makron siyasi partiyaları ölkənin maliyyə problemləri qarşısında məsuliyyətli davranmağa və razılıq yolları tapmağa çağırıb. Onun sözlərinə görə, hazırkı vəziyyət qətiyyən çıxılmaz deyil və mövcud vəziyyətlə bağlı heç olmasa ortaq bir anlaşma olmalıdır.
“Fransuz Bayru siyasi qüvvələri ölkənin borc yükü qarşısında məsuliyyətə çağırmaqda haqlıdır. Müxtəlif həll yolları ilə bağlı fikir ayrılıqları ola bilər, amma vəziyyətin ağırlığına dair ortaq fikir formalaşmalıdır”, – deyə Makron vurğulayıb.
Amerikanın “Nyu York Tayms” qəzeti yazır ki, Fransanın Baş naziri Sebastyan Lekornunun istefası Prezident Emmanuel Makronu küncə sıxışdırıb.
“Lekornu son çarəsiz tapşırığı yerinə yetirə bilməsə (Makronun siyasi partiyalarla danışıqlar aparmaq əmrini nəzərdə tutur – red.), Makron küncə sıxılmış kimi görünəcək. O, parlamenti buraxa bilər ki, bu da çox güman ki, növbəti seçkidə ifrat sağçı Le Penə dəstəyi artıracaq. Fransa artıq siyasi deyil, konstitusiya böhranı içindədir. Onilliklər ərzində Beşinci Respublika ya parlamentdə prezidenti dəstəkləyən aydın səs çoxluğu ilə, ya da dövlət başçısına qarşı çıxan açıq səs çoxluğu ilə fəaliyyət göstərib. Bununla belə, bu gün parlament demək olar ki, bərabər üç fraksiyaya bölünüb: Le Penin sağçı millətçiləri, sol və ifrat solçular, onların ən görkəmli nümayəndəsi “İtaətsiz Fransa”nın lideri Jan-Lyuk Melenşon və Makrona sədaqəti tədricən azalan hökumətyönlü mərkəzçilər. Bütün bunlar ona gətirib çıxarıb ki, Fransada 21 ay ərzində artıq beş hökumət dəyişib və xaos hökm sürüb”, - məlumatda deyilib.
ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımovun fikrincə, Makron hakimiyyətinin məclisdə çoxluq hakimiyyəti olmadığı üçün sağ və sol partiyaların bir araya gətirməsini təmin edəcək bir fiquru yoxdur. Keçən seçkilərdə məclisdə üstünlüyü əldən verən Makron iqtidarının son iki ildə beşinci Baş naziri istefa verib. Məsələ ondadır ki, 2024-cü ildə seçkilərdə heç bir partiyanın çoxluq əldə edə bilməməsi səbəbindən məclis istiqrarsız hala gəlib. Bu, Baş nazirlərin qanun layihələrini və illik büdcəni məclisdən keçirmək üçün lazım olan dəstəyi tapa bilməsini hardasa imkansız hala gətirdi.
Onun fikrincə, çıxış yolu məclisin yenidən buraxılması və ya Makronun istefası kimi olduğu deyilir. Makron isə istefa verməyəcəyini açıqlayıb. Onun prezidentlik müddəti 2027-ci ildə başa çatacaq. Amma, əslində, Fransada baş verən proseslərin mahiyyətini Avropa İttifaqının ABŞ və Rusiya ilə olan münasibətləri kontekstində analiz etmək lazımdır: "Məsələ ondadır ki, ABŞ-ın NATO çərçivəsində Aİ-nın müdafiə xərclərini Avropa ölkələrinin üzərinə yıxması, eyni zamanda, Rusiya ilə olan gərginlik fonunda Fransanın özünü Aİ xərclərindən sığorta etməsi üçün daxildə hakimiyyət böhranı görüntüsü yaratmaq lazımdır. Fransa dünyanın güclü iqtisadiyyatlarından, ikinci silah istehsalçılarından biri olsa da, nə Ukraynaya yardımlarda, nə də Aİ daxilində Almaniya ilə yanaşı Aİ-nın aparıcı ölkəsi kimi rolu adekvat deyil. Fransa çox danışıb az iş görür. Özünü lider kimi göstərir, amma heç bir məsələdə liderlik etmir.
Hesab edirəm ki, Fransa daxilində istiqrarsızlığın, iki ildə beş Baş nazirin dəyişməsi düşünülmüş haldır. Fransa bunları bəhanə gətirib ciddi proseslərdən kənar dayanmaq istəyir. Həm də yaxşı bilir ki, Rusiya və AI arasındakı Ukrayna səbəbindən baş verən qarşıdurmanın kökündə Rusiya-Almaniya tarixi hesablaşması da vardır. Bu iki ölkə öz keçmiş münasibətlərinə aydınlıq gətirmək istəyirlər, hətta yeni müharibəyə belə hazırlaşırlar.
Bütün bunların fonunda Fransanın bu məsələlərin onun məsələsi olmadığını açıq deyə bilməsə də, dolayı yolla hakimiyyət zəifliyi, böhranı kimi göstərib kənarda dayanmaq istəyi kimi başa düşülməlidir. Rusiyanın adamı kimi tanınan qatı sağ təmayüllü Mari Le Penin həbsi də böyük ölçüdə bu məqsədlə edilib. Fransa tam şəkildə Avropa daxili siyasi proseslərdən kənarda dayanmaq istəyir".
Cavid