Türk dünyasının strateji həmrəyliyi: Qəbələ Zirvəsi yeni mərhələnin başlanğıcıdır Gündəm

Türk dünyasının strateji həmrəyliyi: Qəbələ Zirvəsi yeni mərhələnin başlanğıcıdır

Qəbələdə 7 oktyabr 2025-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyası baxımından tarixi hadisə kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi fikirlər, həm təşkilatın gələcək inkişaf istiqamətlərini, həm də Türk dünyasının qlobal geosiyasi sistemdə artan rolunu aydın şəkildə ortaya qoydu.

Bunu Millət vəkili Tahir Mirkişili xalqcebhesi.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, Qəbələ Zirvəsi təkcə diplomatik görüş deyil, Türk dünyasının strateji həmrəyliyinin və birgə gələcəyə yönəlik siyasi iradəsinin ifadəsidir:
“Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması kimi deyil, qlobal proseslərdə balans yaradan geosiyasi mərkəzlərdən biri kimi formalaşır”.
“Prezident İlham Əliyevin çıxışı Türk dünyasının gələcək inkişaf yolunu, iqtisadi güclənməsini və təhlükəsizlik prioritetlərini müəyyənləşdirən strateji sənəd kimi qiymətləndirilməlidir”, – deputat qeyd edib.

Tahir Mirkişilinin sözlərinə görə, Zirvənin əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” məsələsi bu günün geosiyasi çağırışları fonunda xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizlik təmin edilmədən dayanıqlı inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi zərurətə çevrilib. Azərbaycan bu istiqamətdə həm nəzəri, həm də praktiki liderlik nümayiş etdirir. Dövlət başçısının 2026-cı ildə TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi təşkilatın təhlükəsizlik sisteminin institusional əsaslarını möhkəmləndirəcək. Azərbaycanın coğrafi mövqeyi və logistika imkanları Türk dünyasının iqtisadi inteqrasiyasında həlledici rol oynayır. Prezident İlham Əliyevin Zirvədə qeyd etdiyi kimi, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi regionun beynəlxalq nəqliyyat mərkəzinə çevrilib.
Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, Ələt limanının və Bakı–Tbilisi–Qars xəttinin imkanları Türk dövlətlərini birləşdirən real iqtisadi zəncir yaradır. Zəngəzur dəhlizinin açılması isə bu inteqrasiyanın yeni mərhələsini formalaşdıracaq.
Azərbaycan təkcə nəqliyyat deyil, enerji təhlükəsizliyi sahəsində də regionun aparıcı ölkəsinə çevrilib. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir, bərpaolunan enerji layihələrinə sərmayə qoyur və Yaşıl enerji dəhlizi təşəbbüsü ilə Türk dövlətlərini və Avropanı birləşdirən yeni enerji xəritəsi yaradır.

Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması ilə bağlı təklifi mədəni və mənəvi inteqrasiyanın daha da güclənməsinə xidmət edir. “Bu, türk xalqlarının ortaq kimliyinin və mənəvi birliyinin möhkəmlənməsi baxımından simvolik addımdır. Qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasında göstərdiyi dəstək isə bu həmrəyliyin canlı nümunəsidir.

Millət vəkili sonda qeyd edib ki, Qəbələ Zirvəsi Türk dünyasının yeni strateji mərhələsinin başlanğıcını qoydu:
“Bu Zirvə sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq münasibətlər sistemində ciddi aktora çevrilib. Azərbaycanın liderliyi və Prezident İlham Əliyevin strateji baxışı Türk birliyinin gələcək inkişafının əsas təminatıdır”.

Günel Elxan