“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar” Gündəm

“İki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar arzularına çatmadılar”

“9 oktyabrda Düşənbədə prezidentlər - İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşü cəmiyyət çox gözləyirdi. Çünki keçən ilin dekabrında AZAL-a məxsus təyyarə ilə bağlı baş vermiş insidentdən sonra Azərbaycanla Rusiya arasında gərginlik yaranmışdı. Təbii ki, bu insidentdən öz məqəsdləri üçün istifadə etmək istəyən dairələr də oldu. Onlar solovyovların, simonyanların əli ilə Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik ritorikasına keçdilər. Halbuki, burada Azərbaycanın tələb etdiyi qeyri-adi bir məsələ yox idi. Azərbaycan belə insidentlər zamanı bütün suverən dövlətlərin atmalı olan addımları atmağını tələb etdi”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Rusiyanın dövlət səviyyəsində məsələyə susqun yanaşması Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa çalışanların əlinə fürsət vermiş oldu: “Amma prezidentlərin Düşənbədə göstərdiyi siyasi iradə və Vladimir Putinin təyyarə qəzası ilə bağlı ətraflı şərh verməsi narahatlıq doğuran bütün məsələlərə aydınlıq gətirmiş oldu. Rusiyanın dövlət başçısı təyyarə qəzasına görə üzr istədiyini xatırladaraq məsuliyyəti üzərinə götürdü və qısa zamanda istintaq başa çatdırılaraq müvafiq kompensasiyaların ödəniləcəyini, qəzanın baş verməsinə görə məsuliyyətli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcəyini bildirdi”.

A.Badamovun sözlərinə görə, təbii ki, bu məsələyə ətraflı şərhin verilməsi həm də Azərbaycanla Rusiya arasında münasibətlərin gələcəyinə aydınlıq gətirmiş oldu: “Vladimir Putinin ölkələrimiz arası münasibətlərin ancaq normallaşma yox, həm də müttəfiqliyin ruhuna uyğun davam etməli olduğunu bildirdi. Beləliklə, deyə bilərəm ki, iki qonşu və dost ölkə arasında nifaq salmağa çalışanlar öz arzularına çata bilmədilər”.

Röya İsrafilova