
İsrail-HƏMAS razılaşmasında ziddiyyətli məqamlar
15 Oktyabr 23:55
Qlobal münaqişələrin həll edilməsi istiqamətində fəaliyyət göstərilsə də, digər tərəfdən yeni münaqişə ocaqları da alovlanır. Pakistanla Əfqanıstan arasında müşahidə olunan gərginliyin bundan sonra hansı nəticələrə səbəb olacağı maraq doğurur. Toqquşma təkrarlana və genişlənə bilərmi?
“Xalq Cəbhəsi” mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.
Politoloq Elçin Xalidbəyli söyləyib ki, Əfqanıstanın Pakistana qarşı hərbi təcavüz cəhdləri qəbulolunmazdır: “Özünü dünyadan təcrid etmiş bu ölkə hələlik normal qonşuluq münasibətlərinə qadir deyil. Üstəlik, ABŞ-nin bu ölkəyə verdiyi milyardlarla dollar dəyərindəki silah-sursat ola bilsin ki, Taliban hökumətini bir qədər cəsarətləndirir. Ancaq ümumi götürdükdə son hadisələr də onu göstərir ki, Əfqanıstanın hərbi potensialı Pakistanla hərbi qarşıdurmaya yetərli deyil”.
“Əfqanıstan necə böyük səhv buraxdığını anlayacaq”
O vurğulayıb ki, hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri olmayan bir ölkə Pakistan kimi güclü dövlətə qarşı hərbi əməliyyatlar apara bilməz: “Necə ki, Pakistan aviasiyasının və artilleriyasının sarsıdıcı zərbələri Taliban hökumətinə situasiyanın artıq hansı istiqamətlərə yönələ biləyəcəyini anladır. Pakistan güclü bir nüvə dövlətdir və Əfqanıstan kimi hələ müasir tələblərə cavab verməyən bir ölkə Pakistanla hərbi qarşıdurmaya nail ola bilməz. Sadəcə olaraq məsələ ondan ibarətdir ki, vaxtilə ABŞ-nin və NATO-nun hərbi müdaxiləsindən qaçaraq Pakistan ərazisinə yerləşmiş Talibanın qanadlarından biri burada terrorçuluq fəaliyyəti ilə məşğuldur. Pakistan ordusu da həm Talibanın Pakistan ərazisindəki terrorçu silahlı qruplaşmasına, həm də Əfqanıstanın Pakistana qarşı hərbi müdaxilə cəhdlərinə tam qətiyyətlə, prinsipial şəkildə reaksiya verir. Yəqin ki, yaxın vaxtlarda Əfqanıstan necə böyük bir səhv buraxdığını anlayacaq və bu savaş Pakistanın şərtləri daxilində yekunlaşmış olacaq”.
“Pakistanın həyata keçirdiyi əməliyyat adekvatdır”
Siyasi şərhçi Zeynal Əmrəliyev Əfqanıstan Pakistan sərhədində döyüşlərin baş verməsinə səbəbin Taliban hərəkatı ilə bağlı olduğunu söyləyərək əlavə edib ki, Taliban hərəkatının bir qolu da Pakistanda fəaliyyət göstərirdi və bu müddət ərzində Pakistanda çox ciddi hadisələr törətdi: “Xüsusilə də Pakistan Talibanına Beytullah Məsudun rəhbərlik etdiyi dövrdə hərəkat çox geniş şəkildə aktivləşmişdi və faktiki olaraq Pakistanda ümumi siyasi qüvvələri nəzarətdə saxlamağa çalışırdı. Ən böyük hadisələrdən biri də 2007-ci ildə Pakistanın keçmiş baş naziri artıq seçkilərdə qalibiyyəti şübhə doğurmayan Bənazir Bhuttonun sui-qəsdlə qətlə yetirilməsi oldu. Həmin dövrdə məhz bunu təşkil edən Pakistan Talibanı idi. Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistandakı Taliban yenidən aktivləşib və sanki ölmüş hüceyrələri bərpa edirlər. Heç bir halda da bunu müəyyənləşdirmək mümkün deyil. Pakistan hökuməti də taliblərə qarşı məhz bu cür davranışlar sərgiləyir və Əfqanıstan sərhədindən ölkə ərazisinə sızan qruplara qarşı əməliyyat keçirir. Pakistanın həyata keçirdiyi əməliyyat tamamilə normaldır və öz sərhəd təhlükəsizliyini bərpa etmək üçün bu prosesi həyata keçirir”.
“Xarici səbəb də var”
Z.Əmrəliyev vurğulayıb ki, burada daxili səbəblərdən başqa bir neçə xarici səbəb də var: “İlk növbədə məlum olduğu kimi, bir müddət əvvəl Pakistan və Səudiyyə Ərəbistanı arasında nüvə sazişi ilə bağlı anlaşma imzalanıb və bu anlaşma kifayət qədər məsələləri özündə ehtiva edir. Pakistan artıq konkret olaraq Yaxın Şərqdəki proseslərdə aktiv iştirak edir. Buna görə Əfqanıstan vasitəsilə Pakistana təzyiq edilməsi də gündəmə gələ bilər. Yəni bu variant da istisna edilməməlidir deyə düşünürəm”.
Əfqanıstandakı mövcud sistem
Politoloq Əli Mustafa bildirib ki, Pakistanla Əfqanıstan arasında son vaxtlar baş verən çatışmalar daha çox siyasi motivlidir: “Burada söhbət ondan gedir ki, Əfqanıstanda Pakistan Talibanı deyilən bir təşkilat var. Onlar davamlı olaraq Pakistana qarşı müxtəlif təşəbbüslərdə bulunurlar. Konkret olaraq bu təşkilatın məqsədi Pakistanı bir dini yöntəmlə idarə etməyə məcbur etməkdir. Yəni bunlar əslində Əfqanıstandakı mövcud sistemin oxşarını Pakistanda da qurmaq istəyirlər. Pakistan hökuməti isə onlara qarşıdır. Bu son qarşıdurma da daha çox bu qruplaşma ilə Pakistan arasında baş verib”.
Politoloqun sözlərinə görə, Pakistan Talibanı deyilən təşkilat Əfqanıstanda yerləşir və əfqan talibləri də əslində onları müdafiə edir: “Onların isə Pakistandakı fəaliyyətini Pakistan dövləti qəbul etmir və fürsət düşdükcə onların təsirlərini zərərsizləşdirməyə çalışır. Bu son hadisələrdə də atışmalar baş verib, sonra Əfqanıstan da bu prosesə qoşulub. Hətta onlar Pakistanın 50-dən çox əsgərini öldürdüklərini deyirlər. Pakistan tərəfi isə həlak olanların 23 nəfər olduğunu bildirib. Onlar da Əfqanıstandan 200-ə qədər hərbçinin həlak olduğunu deyiblər. Əfqan tərəfi isə həlak olanların 9 nəfərdən ibarət olduğunu deyir”.
“Birbaşa savaş səbəbi yoxdur”
Ə.Mustafa qeyd edib ki, Əfqanıstanla Pakistan arasında birbaşa savaş səbəbi yoxdur: “Sadəcə olaraq Pakistanda rejimi dəyişməyə cəhd edən Pakistan Talibanı təşkilatının Əfqanıstanda yerləşməsi və fürsət düşdükcə Pakistana etdiyi hücumlar səbəbindən bu qarşıdurma yaranıb. İndi isə ehtimal var ki, atəşkəs qorunsun, burada Səudiyyənin və Qətərin vasitəçiliyi ilə qarşıdurmanın bitdiyi deyilir. Hər halda ümid edək ki, iki müsəlman dövləti arasında savaş dayanacaq”.
Konstruktiv diplomatiya və dialoq
Gənclər Diplomatiya Forumunun prezidenti (Pakistan) Musavar Hameed Tanoli qeyd edib ki, cavab əməliyyatlarında Pakistan qüvvələri Taliban postlarını, düşərgələrini, qərargahlarını və Pakistana qarşı istifadə edilən silahlıların digər infrastrukturunu hədəfə alıb: “Əfqanıstan daxilində sərhəd yaxınlığında əsgərlər Pakistana hücumlar planlaşdırmaq üçün istifadə edildiyi iddia edilən düşmənin 21 mövqeyini və çoxsaylı təlim məntəqələrini ələ keçirib və ya sıradan çıxarıb. Pakistan silahlı qüvvələri ölkənin ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazır olaraq qalır və pakistanlılar zorakılıqdan daha konstruktiv diplomatiya və dialoqa üstünlük verirlər, lakin Əfqanıstan torpaqlarının terrorizm üçün “xaincəsinə” istifadəsinə dözməyəcəklər. Bu ciddi təxribatın Taliban xarici işlər nazirinin regionun terrorizmin əsas sponsoru kimi təsvir edilən Hindistana səfəri ilə üst-üstə düşməsi ilə bağlı narahatlıqlar var”.
“Əfqanıstandan gələn terror aradan qaldırılana qədər...”
O əlavə edib ki, Taliban hökuməti öz ərazisində fəaliyyət göstərən terrorçu qruplara, o cümlədən TTP və İŞİD-ə qarşı dərhal, yoxlanıla bilən tədbirlər görməlidir: “Əks halda Pakistan öz vətəndaşlarının müdafiəsi üçün terror hədəflərini zərərsizləşdirməyə davam edəcək. Kabil əlavə etdi ki, yanlış təsəvvürlərdən çəkinməli və bunun əvəzinə əfqan xalqının rifahı, sülhü, firavanlığı və inkişafına üstünlük verməlidir. "Inter Services Public Relations" oktyabrın 11-i gecə baş verən hadisələrin Taliban hakimiyyətinin yaraqlılara imkan verdiyinə dair Pakistanın uzunmüddətli mövqeyini bir daha təsdiqlədiyi nəticəsinə gəlib. Əgər Taliban Hindistanla birgə regionda sabitliyi pozan qrupları dəstəkləməkdə israrlı olsa, Pakistan və onun xalqı Əfqanıstandan gələn terror aradan qaldırılana qədər dincəlməyəcək”.
“Qarşıdurmaya son qoyulmalıdır”
İslam Gəncləri Təşkilatının prezidenti Hammad Xan Kakar (Pakistan) deyib ki, Pakistan-Əfqanıstan sərhədində baş verən son toqquşmalar bölgədə dərin narahatlığa səbəb olub, çox sayda itkilər iki qonşu xalq arasında gərginliyi artırıb: “Gərginlik qorxusu davam etsə də, beynəlxalq ictimaiyyət hər iki tərəfi təmkinli olmağa və qarşıdurma əvəzinə dialoqa davam etməyə çağırır. Pakistan və Əfqanıstan arasında sülh üçün səmimi ümid və dualarımı bildirirəm. Hər iki xalqın dərin tarixi, mədəni və dini bağları var ki, bu da bizi ayırmaq əvəzinə birləşdirməlidir. Hər iki ölkənin gəncləri münaqişəyə deyil, sabitliyə, firavanlığa və əməkdaşlığa can atırlar. Mən Pakistan və Əfqanıstan rəhbərliyinə müraciət edirəm ki, diplomatiyaya üstünlük versinlər, kommunikasiya kanallarını açsınlar və İslam qardaşlığı və regional harmoniya ruhunda sülh yolu ilə həllinə doğru çalışsınlar. Sülh tərəqqinin təməlidir, dialoq isə xalqları bir arada saxlayan körpüdür”.
Röya İsrafilova