“Azərbaycan heç vaxt beynəlxalq hüquqdan, əməkdaşlıq ruhundan kənar heç bir ölkə ilə münasibətlər qurmayıb” Gündəm

“Azərbaycan heç vaxt beynəlxalq hüquqdan, əməkdaşlıq ruhundan kənar heç bir ölkə ilə münasibətlər qurmayıb”

“Son dövrlərdə Fransa-Azərbaycan münasibətlərində gərginliyin aradan qaldırılması Azərbaycanın ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi və Fransa Prezidentinin yeni reallığı qəbul etməsi ilə əlaqədardır. Bu, çox vacibdir, çünki Azərbaycan heç vaxt beynəlxalq hüquqdan, əməkdaşlıq ruhundan kənar heç bir ölkə ilə münasibətlər qurmayıb. Çox təəssüf ki, bəzən başqa ölkələrdən bu mövqeyə adekvat mövqe olmur”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşündən sonra Fransa və Azərbaycan prezidentləri arasında dialoqun baş tutması, daha sonra Misirdə Yaxın Şərq Sülh Sammitində təmasların olması Fransa-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qalxmasına yol açıb: “Ən nəyahət, Fransanın Azərbaycana təyin olunan yeni səfiri düşünürəm ki, məhz bu mövqedən çıxış edərək Fransa-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına töhfələr verəcək. Bu, nəticə etibarı ilə Fransanın və Azərbaycanın lehinə inkişaf proseslərin başlanğıcı olacaq”.

Röya İsrafilova