

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və “yumşaq güc” diplomatiyasının parlaq təzahürüdür.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı “xalqcebhesi.az” saytına açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın səfəri çərçivəsində Vatikan və İtaliya mediasında geniş işıqlandırılan görüşlər Azərbaycanın mədəniyyətlərarası dialoq və tolerantlıq prinsiplərinə sadiqliyinin aydın göstəricisidir:
“Mehriban xanım Əliyeva hər zaman humanizm, mədəniyyətlərarası anlaşma və qarşılıqlı hörmət ideyalarının daşıyıcısı kimi çıxış edib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikandakı Müqəddəs Pyotr Bazilikasında həyata keçirilən bərpa işləri bu dəyərlərin real təcəssümüdür. Müqəddəs Pyotr Bazilikası təkcə Katolik dünyasının deyil, ümumbəşəri mədəni irsin nadir incilərindən biridir və bu məkanın bərpasına Azərbaycanın töhfə verməsi çox böyük mənəvi və siyasi əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun bu layihədə iştirakı Azərbaycanın dini və mədəni müxtəlifliyə hörmət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də ölkəmizin sülh, qarşılıqlı anlaşma və tolerantlıq mərkəzi kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Səfər çərçivəsində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati binasının rəsmi açılışı da baş tutub. Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi, kardinal Pietro Parolinin iştirakı ilə keçirilən bu mərasim Azərbaycan–Vatikan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Bu səfər və həyata keçirilən mədəni layihələr bir daha göstərir ki, Azərbaycan dünyada sülhün, mədəniyyətlərarası dialoqun və qarşılıqlı etimadın təşviqinə böyük töhfə verir. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkəmiz bu istiqamətdə nümunəvi mövqeyə sahib olub.”
Deputat sonda qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi humanitar və mədəni layihələr Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, dövlətimizin humanizm və tolerantlıq dəyərlərinin dünyada tanıdılmasına xidmət edir:
“Mədəniyyət keçmişin mirası olmaqla yanaşı, gələcəyə körpüdür. Azərbaycanın bu istiqamətdə apardığı siyasət isə sülhə və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlər sistemində örnəkdir.”
Günel Elxan