“Erməni cəmiyyəti Azərbaycanla dayanıqlı sülhə, Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır” Gündəm

“Erməni cəmiyyəti Azərbaycanla dayanıqlı sülhə, Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır”

“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə 2018-ci ildə Serj-Sarkiysan-Robert Köçəryan ikilisinə qalib gələrək iqtidar olmuşdu. 44 günlük müharibədə Azərbaycana məğlubiyyətdən sonra Nikol Paşinyan iqtidarına qarşı qüvvələr fəallaşdı. Doğrudur, müharibədən həmən sonra keçirilən seçkilərdə də Paşinyan qalib gəldi. Bu onu göstərirdi ki, erməni cəmiyyəti mənasız müharibəyə və Ermənistana uğursuzluq gətirmiş təcavüzkar siyasətə qarşıdır. Lakin bütün cəmiyyətlərdə olduğu kimi erməni toplumunda da narazılar, protest elektorat mövcuddur. İstənilən islahat onu aparan qüvvəyə qarşı güclü müxalifət ortaya çıxarır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli söyləyib.

E.Cəfərli qeyd edib ki, Paşinyan Ermənistanda Köçəryan-Sarkisyan ittifaqından qalmış korrupsiyaya, yerliçiliyə, özbaşınalığa savaş açmış və cəmiyyətin rəğbətini qazanmışdı: “Köçəryan-Sarkisyan dönəmində korrupsiyanın başında dayanan güclər təbii ki, Paşinyandan narazı qalmışdı. Fikrimcə, Paşinyan iqtidarına müxalif olan qüvvələri birləşdirən əsas faktor elə “korrupsiya qazanının başından” qovulmalarıdır. Köçəryanı da, Sarkisyanı da, kilsəni də Paşinyana qarşı birləşdirən bu amildir. “Qarabağ erməniləri” faktoru, “vətənpərvərlik” mövzuları onlara məhz buna görə lazımdır. Çünki erməni cəmiyyətinin Paşinyana münasibətinin əsas intikatoru seçkilərdir. Seçkilərdə isə Paşinyan qalib gəlir. Bu, o deməkdir ki, erməni cəmiyyəti Azərbaycanla dayanıqlı sülhə, Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır”.

Röya İsrafilova