
Son illər Türkiyə müdafiə sənayesində və hərbi strategiyasında yeni mərhələyə qədəm qoyub. Ölkə rəhbərliyi açıq şəkildə bəyan edir ki, məqsəd yalnız öz təhlükəsizliyini təmin etmək deyil, həm də bölgədə və qlobal miqyasda balans yaradan güclü hərbi oyunçuya çevrilməkdir. Bu istiqamətdə atılan addımlar artıq konkret nəticələrini verməkdədir.
Türkiyə uzun illər ərzində ABŞ və NATO çərçivəsində hərbi texnologiyalara çıxış imkanlarına malik olsa da, son dövrlərdə bu asılılıq getdikcə azalır. ABŞ-ın F-35 proqramından kənarlaşdırılmasından sonra Ankara öz müdafiə sənayesini daha da inkişaf etdirməyə və alternativ tərəfdaşlarla əməkdaşlığa üstünlük verməyə başladı. Bu gün Türkiyə artıq zirehli texnika, pilotsuz uçuş aparatları, artilleriya sistemləri, həmçinin raket və hava hücumundan müdafiə vasitələri kimi strateji silah növlərini müstəqil şəkildə istehsal edir.
Xüsusilə “Bayraktar” və “ANKA” kimi pilotsuz uçuş aparatlarının beynəlxalq uğuru, “Altay” tankı, “Tayfun” raket sistemi və yerli qırıcı təyyarə layihəsi “KAAN”ın təqdimatı Türkiyənin müdafiə sənayesinin sürətli yüksəlişini nümayiş etdirir. Hərbi ekspertlərin fikrincə, bu inkişaf Türkiyəni təkcə bölgədə deyil, NATO daxilində də texnoloji baxımdan ön sıralara çıxarır.
Hazırda Türkiyə qarşısında duran əsas strateji məqsədlərdən biri hava sahəsində üstünlüyü təmin etməkdir. ABŞ-la F-16 və F-35 təyyarələrinin satışı ilə bağlı danışıqların dalana dirənməsi Ankaranı alternativ variantlar axtarmağa sövq edib. Məhz buna görə də Böyük Britaniya, Pakistan və Çin kimi ölkələrlə əməkdaşlıq imkanları müzakirə olunur. Bununla yanaşı, Türkiyə yerli istehsal olan döyüş təyyarəsini yaxın illərdə ordusunun istifadəsinə verməyi planlaşdırır.
Politoloqlar və hərbi ekspertlər hesab edirlər ki, Türkiyənin bu istiqamətdə atdığı addımlar regional tarazlığa təsir etməklə yanaşı, ölkənin müstəqil müdafiə siyasətinin formalaşmasına da zəmin yaradır. Ankara həm Qərb, həm də Şərq ölkələri ilə balanslı münasibətlər qurmaqla öz maraqlarını qorumağa çalışır. Bu isə onu Yaxın Şərq, Qafqaz və Aralıq dənizi hövzəsində mühüm strateji gücə çevirir.
Eyni zamanda, bəzi beynəlxalq dairələr Türkiyənin artan hərbi və siyasi nüfuzundan narahatdır. Ancaq ekspertlər bildirirlər ki, Ankara öz siyasətini heç bir ölkəyə qarşı yönəltmir. Əksinə, Türkiyə qarşılıqlı maraqlar və təhlükəsizlik ehtiyacları əsasında əməkdaşlıq modelini inkişaf etdirir.
Beləliklə, Türkiyənin hərbi sənayesində baş verən bu dəyişikliklər yalnız müdafiə qabiliyyətinin güclənməsi deyil, həm də müstəqil siyasi qərarların verilməsi, milli maraqların qorunması və regional liderlik iddiasının reallaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyə yeni seçim qarşısında
Milli Məclisin deputatı Elşad Musayev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Türkiyə bölgədə hərbi baxımdan ən güclü dövlətlərdən biridir və artıq bir çox silah növlərini özü istehsal edir. Deputatın sözlərinə görə, Ankaranın qarşısında duran əsas hədəflərdən biri hava sahəsində üstün mövqe qazanmaqdır.
Elşad Musayev qeyd edib ki, bu istiqamətdə Türkiyənin yerli qırıcı təyyarəsini yaxın vaxtlarda istifadəyə verməsi gözlənilir: “Hazırda ölkə ABŞ-dan F-16 və F-35 tipli qırıcı təyyarələr almağı planlaşdırır. Lakin danışıqlara baxmayaraq, bu məsələ hələlik açıq qalır. Yaranmış vəziyyət Türkiyəni müxtəlif alternativlər axtarmağa vadar edib: “Böyük Britaniyadan hərbi təyyarə alınması, eləcə də Pakistan və Çin istehsalı olan qırıcıların təhlili gündəmdədir”.
Elşad Musayev əlavə edib ki, hələlik konkret qərar qəbul olunmayıb: “Əgər ABŞ-la F-35 və ya modernizə edilmiş F-16-lar barədə razılıq əldə olunmasa, Türkiyə təbii ki, alternativ variantlardan istifadə edəcək”.
Türkiyə İsraillə müharibəyə getməz
Politoloq Cavanşir Abbaslı diqqətə çatdırıb ki, Türkiyə ilə İsrail arasında münasibətlərin hazırkı vəziyyəti gərgin olsa da, bu, iki ölkə arasında müharibə ehtimalını artırmır: “Türkiyə heç bir halda İsrailin Fələstində və Qəzzada törətdiklərini qəbul etmir, daim Fələstinin yanında dayanır. “Amma son iki ildə davam edən Qəzza faciəsinin fonunda Türkiyə ilə İsrail arasında bir savaş baş verməyibsə, demək, bundan sonra da belə bir ehtimal azdır.Türkiyənin Yaxın Şərqdə müəyyən iddiaları olsa da, bu, İsraillə müharibə aparmaq niyyəti anlamına gəlmir. Türkiyənin başında Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli siyasətçi dayanır. O, yaxşı bilir ki, İsrail təkbaşına İranla müharibə aparacaq səviyyədə deyil. İsrailin arxasında NATO-nun əsas gücü olan ABŞ dayanır. Buna görə də Türkiyə ABŞ-la qarşıdurmaya getməz. NATO-nun ikinci güclü ordusuna sahib olan bir ölkənin belə addımı doğru olmaz.Türkiyə bölgədə kifayət qədər ehtiyatlı və rasional siyasət yürüdür. İran–İsrail toqquşmalarının və 12 günlük müharibənin gedişində Türkiyənin açıq tərəf tutmaması göstərdi ki, Ankara balanslı mövqe saxlayır”.
Cavanşir Abbaslının sözlərinə görə, Türkiyə ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq da bu ehtiyatlı siyasətin nəticəsidir: “İmzalanan hərbi sənaye müqavilələri hər hansı dövlətə qarşı yönəlməyib. Bu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdır. Türkiyə həm Böyük Britaniya, həm də digər ölkələrlə silah alış-satışı həyata keçirir və öz hərbi sənayesini inkişaf etdirir.Türkiyənin müasir silah istehsalını artırması və beynəlxalq hərbi tərəfdaşlıqları gücləndirməsi onun regiondakı mövqelərini daha da möhkəmləndirəcək”.
Türkiyə oyun qaydalarını dəyişir
Politoloq Tural İsmayılov əlavə edib ki, Türkiyə kifayət qədər hərbi sənaye məhsulları ilə zəngin ölkədir və bu gün pilotsuz uçuş aparatları sahəsindəki dominant mövqeyi bütün dünyaya bəllidir: “Türkiyə regionun və qlobal siyasi məkanın ən vacib dövlətlərindən biridir və müxtəlif ölkələrlə təkcə siyasi deyil, həm də hərbi sənaye sahəsində əməkdaşlıqlar qurur. Əgər bu gün Türkiyə ilə Böyük Britaniya arasında hərbi sənaye sahəsində hər hansı bir müqavilə imzalanıbsa, bu o demək deyil ki, Türkiyə həmin addımı hansısa dövlətə qarşı atıb. Türkiyənin artan çəkisi və nüfuzu fonunda bəzi qlobal imperialist dairələr bundan narahat olur və müxtəlif yazılar, dırnaq arası analitik məqalələrlə bu gücə qarşı addımlar atdıqlarını nümayiş etdirməyə çalışırlar. Amma fakt ondan ibarətdir ki, Türkiyə bu gün öz hərbi sənayesinin gücünə görə seçilir”.
Tural İsmayılov əlavə edib ki, Türkiyə təkcə öz istehsalı ilə deyil, dünyanın bir sıra ölkələri ilə bağladığı fərqli müqavilələrlə də diqqət çəkir: “Bu baxımdan Türkiyənin atdığı addımları guya hansısa ölkəyə qarşı yönəlmiş kimi təqdim etmək doğru deyil”.
Günel Elxan