
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmaların və gərginliklərin yerini tədricən sülh və əməkdaşlıq mühiti almaqdadır. 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar artıq təkcə hərbi qələbə ilə deyil, eyni zamanda, siyasi uzaqgörənlik və diplomatik çevikliyin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bölgədə sabitlik və təhlükəsizlik üçün yeni imkanlar yaradıb. Məhz bu səbəbdən sülh məsələsi bu gün seçim deyil, zərurət kimi dəyərləndirilir.
Bu gün Cənubi Qafqazda baş verən proseslər göstərir ki, Azərbaycan təkcə sülhü təşviq edən dövlət deyil, eyni zamanda onun təminatçısı rolunda çıxış edir. Diplomatik səylərlə yanaşı, iqtisadi inteqrasiya və əməkdaşlıq təşəbbüsləri regionda dayanıqlı və davamlı sülhün əsasını formalaşdırır. Məhz buna görə ekspertlər hesab edirlər ki, Azərbaycanın sülh gündəliyi gələcək illərdə Cənubi Qafqazı sabitlik, inkişaf və qarşılıqlı etimad mərkəzinə çevirəcək.
Mövzunun aktuallığı ilə siyasətçilər “Xalq Cəbhəsi”nə açıqlamalarında müxtəlif aspektlərdən fikirlər səsləndiriblər.
“Sülh artıq seçim deyil, zərurətdir”
Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, bu gün Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar Azərbaycanın apardığı məqsədyönlü siyasətin və Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının nəticəsidir. Onun sözlərinə görə, dövlət başçısının təqdim etdiyi sülh gündəliyi artıq həm regional, həm də beynəlxalq səviyyədə dəstəklənir və praktiki nəticələrini göstərməkdədir.
Deputat vurğulayıb ki, Azərbaycanın sülh təşəbbüsləri qarşı tərəf tərəfindən də qəbul olunub və bu, uzun illər davam edən gərginliklərin aradan qaldırılması üçün zəmin yaradıb: “Yəni bu məsələ ilə bağlı onu deyə bilərəm ki, doğrudan da sülh gündəliyi çox sürətlə inkişaf edir. Cənab İlham Əliyevin ortaya qoyduğu sülh gündəliyi hər iki ölkə tərəfindən qəbul edilib və müəyyən praktiki addımlar atılıb. O cümlədən, nəqliyyat dəhlizlərinin açılması, yükdaşımaların bərpası, iqtisadi əlaqələrin canlandırılması istiqamətində mühüm proseslər gedir. Bu, Azərbaycanın sülhə və əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsləri təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, ümumilikdə regionun gələcək təhlükəsizliyini və iqtisadi inkişafını da təmin edəcək. Cənab Prezidentin sülh gündəliyi real addımlarla davam edir. Bu gündəlik yalnız iki ölkə arasında münasibətlərin normallaşmasını deyil, həm də regionda yeni əməkdaşlıq platformasının formalaşmasını hədəfləyir. Azərbaycanın təşəbbüsləri regionda sülhün, əmin-amanlığın və qarşılıqlı etimadın bərqərar olmasına xidmət edir. Əminəm ki, bu prosesin davamı olaraq, Cənubi Qafqaz yaxın illərdə sabitliyin, iqtisadi tərəqqinin və birgə inkişafın mərkəzinə çevriləcək”.
Deputat həmçinin qeyd edib ki, regionda yaranan yeni münasibətlər sistemi Azərbaycan diplomatiyasının uğurunun göstəricisidir və bu siyasətin mərkəzində sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri dayanır.
“Ticarət olan yerdə silahlar susur”
Politoloq Qədir Aslan deyib ki, Azərbaycan artıq 30 ildən çoxdur regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, blokların aradan qaldırılması və vahid bir iqtisadi məkanın formalaşması istiqamətində ardıcıl siyasət həyata keçirir.
Onun sözlərinə görə, Qarabağda məğlubiyyətdən sonra bu gündəlik indi Ermənistanın da maraq dairəsinə daxil olub: “Bilirsiniz, onların “sülh qovşağı” adlanan bir layihəsi var. Bu, əslində Azərbaycanın illər əvvəl təqdim etdiyi inteqrasiya modelinin başqa formada təqdimatıdır. Region dövlətlərinin baxışı təkcə Ermənistanla məhdudlaşmır, həm Gürcüstan, həm də digər qonşular bu mənada Bakının təklif etdiyi konsepsiyanı əsas götürür. Çünki 1994-cü ildə “Əsrin kontraktı” göstərdi ki, savaşmaq yerinə ticarət və əməkdaşlıq etmək daha faydalıdır. Azərbaycan “dalan strategiyası”nı aradan qaldıraraq yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev illərdir bildirir ki, sülhə gedən yol iqtisadi əməkdaşlıqdan keçir. Biz bu gün də Ermənistana doğru sülh əlimizi uzatmışıq. Bu, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Ticarət yollarının açılması, şərqdən qərbə və qərbdən şərqə uzanan kommunikasiya xətləri regionu keyfiyyətcə yeni bir mərhələyə çıxaracaq”.
Politoloq hesab edir ki, sülhün davamlı olması üçün onun institutlaşması vacibdir: “Sülh yalnız sənədlərlə deyil, həm də təfəkkürlə yaşamalıdır. Bu işdə təkcə diplomatlar yox, təhsil, səhiyyə, vətəndaş cəmiyyəti, incəsənət xadimləri, sosioloqlar və psixoloqlar da fəal iştirak etməlidirlər. Sülh dinamik, resurs tələb edən bir anlayışdır və biz bu resursa sahibik. İngilislərin bir sözü var: “Ticarət Allahın diplomatiyasıdır”. Həqiqətən də ticarət olan yerdə silahlar susur. Bu, davamlı və dayanıqlı sülhün əsası olacaq”.
“Real sülh zəmanəti üçün...”
Politoloq Yeganə Hacıyeva əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü kommunikasiya və iqtisadi layihələr regionun təhlükəsizlik və inteqrasiya sisteminin əsas dayaqlarından birinə çevrilib.
Onun sözlərinə görə, Azərbaycan postmüharibə dövründə yalnız sülh gündəliyi ilə deyil, həm də iqtisadi və nəqliyyat layihələri vasitəsilə regionda yeni əməkdaşlıq mühitinin yaranmasına səbəb olub:“Onu qeyd etmək lazımdır ki, məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra təqdim etdiyi kommunikasiya xətləri və iqtisadi layihələr regionun inteqrasiyasının vacib elementlərindən biridir. Bu təşəbbüslər həm də regionun təhlükəsizliyinin təminində mühüm rol oynayır. Azərbaycanın irəli sürdüyü bu iqtisadi model, əslində, həm regional sabitliyin, həm də Azərbaycanın təklif etdiyi kommunikasiya dəhlizləri təkcə qonşu ölkələr üçün deyil, həm də Avropa və Asiya üçün strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Azərbaycan müharibədən sonra təqdim etdiyi nəqliyyat və iqtisadi layihələrlə Avropa Birliyi üçün Avrasiya qitəsində, həmçinin Yaxın Şərqdən Asiyaya uzanan daşımalar istiqamətində daha səmərəli kommunikasiya imkanı yaradıb. Bu qədər geniş kommunikasiya infrastrukturu, əslində, region üçün təhlükəsizlik zəmanətidir. Çünki bu layihələrdə həm istifadəçilər, həm də maraqlı oyunçular iştirak edir — istər region ölkələri, istər qonşu dövlətlər, istərsə də Avropa və Asiya arasında körpü rolunu oynayan tərəflər”.
Politoloqun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi iqtisadi təşəbbüslər təkcə iqtisadi maraqlara xidmət etmir, həm də regionun sabitliyini möhkəmləndirir: “Bu qədər geniş sərmayə və infrastruktur layihələri özlüyündə çox güclü zəmanətdir. Baxmayaraq ki, Ermənistan rəsmiləri bəzən bunu həssas mexanizm kimi təqdim etməyə çalışır, əslində bu layihələr regionun təhlükəsizliyini təmin edən əsas faktorlardandır. Azərbaycan bu layihələrlə regional sabitliyin, inteqrasiyanın və qarşılıqlı etimadın təminatçısına çevrilib”.
Günel Elxan