Qış yaxınlaşır – müvafiq qurumlarla sorğu: “hazırlıq hər saat davam edir” Gündəm

Qış yaxınlaşır – müvafiq qurumlarla sorğu: “hazırlıq hər saat davam edir”

Qış mövsümü yaxınlaşır. Hər mövsüm xüsusilə paytaxtda problemlər yaşanır. Qəzaların sayı artır və müxtəlif xidmət müəssisələri ilə bağlı çatıçmazlıqlar meydana çıxır.

Payız–qış mövsümünə hazırlıq çərçivəsində ölkə üzrə mühəndis-kommunikasiya sistemlərində, su və kanalizasiya xətləri, istilik infrastrukturu ilə bağlı vəziyyət nə yerdədir?

Qeyd edək ki, paytaxtda qış mövsümünün təhlükəsiz təşkili, yolların buzlaşmasının qarşısının alınması, kommunal xidmətlərin fasiləsiz işi və sosial obyektlərin təminatı önəmli məsələlərdir.

“Xalq Cəbhəsi” mövzunu müvafiq qurumlarla araşdırıb.

Paytaxtda qış startı

Kommunal Xidmətlər Müəssisəsindən “Xalq cəbhəsi” qəzetinə verilən məlumata görə, Bakı şəhərində qış mövsümünə hazırlıq çərçivəsində bütün zəruri tədbirlər görülüb və proses yekun mərhələyə çatıb: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə xüsusi müşavirə keçirilib və qışa hazırlıqla bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib”.

Bildirilib ki, rayon icra hakimiyyətlərinin nəzdində fövqəladə hallar komissiyaları fəaliyyət göstərir və güclü qar yağan, yaxud fövqəladə vəziyyət yarandığı halda bu komissiyalar təsərrüfat xidmətləri ilə birlikdə koordinasiyalı şəkildə hərəkət edəcəklər. Məlumata görə, yaxın günlərdə rayonlarda əlavə iclaslar keçiriləcək, xidmət sahələrinin hazırlığı yoxlanılacaq: “Yolların buzlaşmasının qarşısının alınması üçün kifayət qədər duz ehtiyatı yaradılıb, texnika və inventar hazır vəziyyətdədir. Qar yağacağı təqdirdə kommunal xidmətlər 24 saat rejimində fəaliyyət göstərəcək. Təhsil, səhiyyə və digər müəssisələr də müvafiq təlimatlandırılıb və lazımi alətlərlə təmin olunub”.

Yağış təhlükəsinə qarşı səfərbərlik

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən "Xalq cəbhəsi" qəzetinə verilən məlumata görə, Payız-qış mövsümünə hazırlıq çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bütün tullantı və yağış xətlərində monitorinqlər aparır: “Yağış kollektor quyularına və daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir, tutulmalar müşahidə olunan xətlər texnika vasitəsilə yuyulur. Beləliklə, ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilir. Hər bir kollektorun müəyyən daşıma həcmi olduğundan intensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilər. Həmçinin, bəzi ərazilərdə su təchizatı sistemi mövcud olmadığından, intensiv yağışlar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə isə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin olunur.

Eyni zamanda, su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə ADSEA tərəfindən bir sıra iri həcmli layihələr icra olunur”.

Tariflər yenilənir, keyfiyyət?

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, Ölkədə payız-qış mövsümünə hazırlıq işləri mövsüm başa çatan kimi başlayır və növbəti mövsümədək davam edir: “Bu mərhələdə balansda olan avadanlıqların texniki vəziyyəti yoxlanılır, xətlər sınaqdan keçirilir və ehtiyac olduğu halda yenilənir”.

Onun sözlərinə görə, hər il 80 mindən çox avadanlıq sazlama prosesindən keçir, 1000 kilometrdən artıq magistral xətt isə dəfələrlə təzyiq sınaqlarına cəlb olunur. Onun sözlərinə görə, qəza və sızıntı olan sahələrdə operativ şəkildə təmir-bərpa işləri aparılır: “Hazırda da hazırlıq prosesi intensiv davam edir. Zərurət olduqda xətlər tam yenilənir və sistem maksimal dayanıqlığa gətirilir. Rəsmi açıqlamasında Elvin Basqallı istiliklə bağlı şikayətlərin əsas səbəbinə də toxunub. O qeyd edib ki, yaranan problemlərin təxminən 80%-i bina və mənzil daxilində olan sistemlərdən qaynaqlanır. Bizim məsuliyyət zonamıza qazanxanalar, magistral, məhəllədaxili xətlər və binanın zirzəmisinə qədər olan infrastruktur daxildir. Daxili sistemlərlə bağlı məsuliyyət bina balans saxlayıcısı və mənzil sahiblərinə məxsusdur. Lakin sosial məsuliyyət çərçivəsində hər zaman texniki dəstək göstərməyə hazırıq”.

ASC rəsmisi həmçinin enerji səmərəliliyi istiqamətində görülən işlərdən danışıb: “Ötən il 5, bu il isə 7 köhnə qazanxana sökülərək müasir tələblərə uyğun yeni qazanxanalar tikilir. Bu yeni sistemlər enerji itkilərini azaldır və istilik keyfiyyətini xeyli artırır. Ölkə üzrə bütün qazanxanalar eyni təsdiqlənmiş qrafiklə çalışır və regionlar arasında istilik təminatında fərq yoxdur. Köhnə sistemli qazanxanalarda müəyyən fərqlər müşahidə oluna bilsə də, ümumi standart eynidir”.

Yeni abonentlərin qoşulması ilə bağlı məsələlərə də aydınlıq gətirən Elvin Basqallı bildirib ki, texniki imkan daxilində yeni binaların da sistemə inteqrasiyası mümkündür: “Yeni qazanxanaların tikintisi zamanı ətraf binalardan çoxsaylı müraciətlər daxil olur. Əgər istilik mənbəyi yaxınlıqda yerləşirsə, qoşulma prosesini operativ şəkildə həyata keçiririk”.

Günel Elxan