“Daşkənd sammiti tarixə düşdü” Gündəm

“Daşkənd sammiti tarixə düşdü”

“Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tarixi qərar qəbul edildi: Azərbaycan Respublikası bu nüfuzlu platformanın tamhüquqlu iştirakçısı statusunu əldə etdi. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tərəfindən imzalanan bu qərar, regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını təsdiq edən mühüm addımdır. Bu qərar təsadüfi deyil. Azərbaycanın Mərkəzi Asiya sammitlərində üçüncü iştirakı olsa da, hər görüş münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın güclənməsinə xidmət edib. İlk dəfə 2023-cü ildə Düşənbədə, ikinci dəfə 2024-cü ildə Astanada qonaq statusunda iştirak edən Azərbaycan, indi formatın tam hüquqlu üzvü kimi Daşkənddən qayıtdı”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat Prezident İlham Əliyevin çıxışını xatırladaraq deyib: “Prezident İlham Əliyev öz çıxışında bu addımı qiymətləndirərək bildirdi: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası yalnız siyasi iradənin məhsulu deyil, tarixi, mədəni və mənəvi köklər bu birliyin təməlində dayanır”.

N.Həmzəyevin sözlərinə görə, “"Mərkəzi Asiya+Azərbaycan" formatı təkcə tarixi və mədəni bağların davam etdirilməsi deyil, XXI əsrdə vahid geoiqtisadi məkanın, iqtisadi rifahın, siyasi sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yaradılması üçün real platformadır. Prezident Əliyevin yekun sözləri formatın gələcəyini müəyyənləşdirir: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”. Daşkənd sammiti tarixə düşdü. Altı qardaş ölkə indi vahid formatda, vahid məqsədlə gələcəyə addımlayır. Bu körpü artıq qurulub və onun üzərindən ölkələrimizin xalqlarını rifaha, əmin-amanlığa və tərəqqiyə aparan yol keçir”.

Röya İsrafilova