
“AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə gərginlik yaşansa da ölkələrimiz arası iqtisadi əlaqələrdə heç vaxt azalma baş verməyib. Siyasi münasibətlərdəki dinamikaya diqqət yetirsək görərik ki, 9 oktyabrda prezidentlərin Düşənbədə keçirdiyi ikitərəfli görüşdən sonra iki ölkə arasında siyasi ritorikada yumşalma müşahidə olunur. Liderlərin Düşənbə görüşünə qədər isə hətta Rusiyada Azərbaycana qarşı sərt ittihamlar səsləndirildiyinin, azərbaycanlıları təqib etdiklərinin şahidi olduq. Amma Azərbaycanın ədalətli mövqeyi dəyişilmədi və məlum hadisəyə aydınlıq gətirələnədək soyuqanlılığımızı qoruyub saxladıq. Prezidentlərin görüşündən sonra isə siyasi münasibətlər də yavaş-yavaş öz axarına qayıdır. Bununla yanaşı, bir daha qeyd edə bilərəm ki, AZAL təyyarəsi ilə bağlı məlum hadisələr iqtisadi münasibətlərə mənfi təsir göstərməyib, hətta əksinə artımlar baş verib. Bu da Azərbaycanın Rusiya üçün vacib iqtisadi tərəfdaş olduğundan irəli gəlir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
A.Badamov diqqətə çatdırıb ki, iki ölkə arasında iqtisadi münasibətlərin səviyyəsi onlar arasında davam edən ticarət dövriyyəsinin dinamikasında özünü göstərir: “Belə ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2024-cü ildə 2023-cü ilə nisbətən 10% artaraq 4,8 milyard dollar olub. 2025-ci ilin 10 ayında isə 4,2 milyard dollara çatmaqla 5,3% artım olub. Həm də Rusiyanın Baş nazirinin müavinləri Overçuk və Novakın Bakıya səfərləri oldu. Görüşlər zamanı Baş nazirlərin müavinləri iki ölkə arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb. Azərbaycanla Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin iştirakçısıdır. Bu baxımdan ölkələrimizin dəmir yolları arasında koordinasiyanı artırmaqla elektron məlumatların mübadilə edilməsi, rəqəmsal sənəd dövriyyəsinin genişləndirilməsi daşınmaların çevikliyinin artırılmasına töhfə verəcək”.
Deputat əlavə edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan üzərindən 2024-cü ildə daşınan yüklərin həcmi 6,7% artıb: “Amma qarşıya qoyduğumuz hədəflər daha böyükdür. Belə ki, 2028-ci ildə Azərbaycan tərəfdaş ölkələrlə bir yerdə bu marşrut üzrə yükdaşımaları 5 milyon tona, sonra da 15 milyon tona çatdırmağı hədəfləyir. O cümlədən bütün koridor üzrə (Rusiya-İran-Azərbaycan–Hindistan) 2030-cu ilə qədər 30-35 milyon ton illik yük dövriyyəsi hədəflənir. Uğurlu infrastruktur, gömrük-logistika, marşrutların tam işləkliyi və regionlararası razılaşmalar olarsa 2030-cu illərdə Şimal-Cənub Dəhlizi regionda əsas nəqliyyat-logistika arteriyasına çevrilə bilər. Rusiyanın Ukrayna ilə müharibəyə davam etməsi Qərbin dərin sanksiyalarına məruz qalmasına gətirib çıxarıb. Bu da Rusiyanın beynəlxalq nəqliyyat dəhlizlərinin çıxışlarında müəyyən çətinliklər yaradıb. Azərbaycan isə Rusiyanın həm qonşusu, həm də daşımaların təhlükəsiz həyata keçirilməsi üçün etibarlı və perspektivli tərəfdaşıdır. Bu baxımdan iki ölkə arasında siyasi münasibətlərin də normaya düşməsi təbii ki, Rusiya üçün vacibdir. O cümlədən Azərbaycanın beynəlxalq siyasəti milli maraqlar üzərində qurulub, qarşılıqlı hörmət və fayda əsasında hərtərəfli münasibətlərin davam etdirilməsinə həmişə açıqdır”.
Röya İsrafilova