Minsk Qrupunun ləğvi: Azərbaycanın növbəti diplomatik uğuru Gündəm

Minsk Qrupunun ləğvi: Azərbaycanın növbəti diplomatik uğuru

ATƏT-in Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırılması Azərbaycanın sülh prosesi ilə bağlı əsas şərtlərindən birinin reallaşması deməkdir.

Qeyd edək ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanıb və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub.

Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş mexanizm tarixə qovuşur.

Bu qərar Qarabağ münaqişəsinin artıq tamamlanmış hesab edilməsi fonunda atılıb və prosesin formal olaraq da sona çatdırıldığını təsdiqləyir.

“Xalq Cəbhəsi” məsələni millət vəkilləri və politoloqlarla müzakirə edib.

“Bu, Azərbaycanın qlobal siyasətə təsir gücünün göstəricisidir”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib ki, ATƏT-in Minsk qrupunun buraxılması ilk növbədə Azərbaycan Respublikasının yaratdığı yeni reallıq fonunda diqtəedici qüvvə kimi imkanlarının və qlobal siyasətə təsir gücünün göstəricisidir: “Azərbaycan Respublikası Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan və Ermənistan arasında düyün nöqtəsinə birmənalı şəkildə son qoyaraq yeni geosiyasi konfiqurasiya yaratsa da, ayrı-ayrı güclər ATƏT-in Minsk qrupunun formal varlığı hesabına münaqişənin guya davam etməsi və nəticədə bölgəyə yad qüvvələrin gəlməsi hansısa formada vasitəçəlik rolu barədə vəziyyəti, situasiyanı diqtə etmək istəyirdilər”.

“İrəliləyişə imza atılmamışdı”

Deputat əlavə edib ki, lakin Azərbaycan Respublikasının bu istiqamətdə qətiyyətli davranışı və qlobal güclərin, rəsmi Vaşinqtonun özü başda olmaqla bu reallığı qəbul etməsi Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk qrupunun buraxılmasına dair müvafiq protokolun imzalanması artıq bütövlükdə qlobal miqyasda Azərbaycanın bu şərtinin qəbul olunduğun göstərmiş oldu: “Çünki ATƏT-in Minsk qrupunun aktiv fəaliyyəti dövründə bölgədə hansısa formada irəliləyişə, Azərbaycan və Ermənistan arasında sülh, sabitlik, dayanıqlı əməkdaşlıq istiqamətində hansısa formada bir yeniliyə imza atılmamışdı, əksinə, ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə mövcud münaqişəni o zaman dondurmağa və bununla da münaqişənin tarixinin illərlə, bəlkə də on illərlə, yüz illərlə uzanmasına səbəb olan status-kvo formalaşdırmaq istəyirdi. Lakin Azərbaycanın qələbəsi və qələbədən sonra cənab İlham Əliyevin qələbənin nəticələrinin dayanıqlılığının təmini istiqamətində atdığı addımlar və göstərdiyi iradə bugünkü cari milli maraqlarımızın ehtiva olunduğu və Azərbaycan-Ermənistan arasında münasibətlərin istismar olunmasına tamamilə əngəl olan situasiyanı meydana çıxardı”.

“Heç bir əməli addım atılmadı”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın zaman çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı heç bir əməli addım atmadı, baxmayaraq ki, fəaliyyət profili də, istiqaməti də məhz bunun üzərində qurulmuşdu: “Həmin bu

Qurumda fəaliyyət göstərən diplomatların bölgəyə turistik səfərlərindən savayı yaddaşımız heç nəyi xatırlamır. Digər bütün məsələlər isə yaxşı yadımızdadır. Bu yaddaş üzərində formalaşan Azərbaycan dövləti və xalqı müştərək şəkildə atmış olduğu addımlarla həmin o tarixə qovuşan münaqişəni məhz öz milli iradəsi hesabına həll etdi. Bu gün artıq fərqli reallıqları yaşayırıq. Qarabağ yenidən qurulur, bərpa edilir və bizim Zəfərimiz dünya tərəfindən tanınır. Münaqişəni həll də etmişik, Zəfərimizi də legitimləşdirmişik. Bütün bunların fonunda Azərbaycan Ermənistan qarşısında haqlı olaraq 2 məsələ qaldırdı. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Proseslərə mərhələli yanaşılır”.

“Minsk Qrupu dünyaya gözlərini yumdu”

O bildirib ki, qrupun ləğvi haqlı olaraq onunla əsaslandırıldı ki, əgər artıq keçmiş məlum münaqişə üzrə bir termin leksikonda və bütünlüklə reallıqda yoxdursa, o zaman şübhəsiz ki, məhz həmin münaqişənin həll edilməsi istiqamətində yaradılan hər hansı bir təsisata da ehtiyac yoxdur: “Azərbaycan atmış olduğu ardıcıl addımlarla, prinsipial qərarlarla ona nail oldu ki, ümidlə gözümüzü dikdiyimiz ATƏT-in Minsk Qrupunun özü dünyaya gözlərini yumdu. Sülh gündəliyi Azərbaycanın müəyyənləşdirdiyi yol üzrə inkişaf edir. Burada xüsusilə bir məqamı vurğulamaq istəyirəm ki, sülh gündəliyi diktə siyasətindən uzaqdır. Əsas məsələ odur ki, həmin bu gündəlik xalqların birgə yaşamasına, iqtisadi baxımdan dövlətlərin dirçəldilməsinə xidmət edəcək”.

Azərbaycanın növbəti diplomatik uğuru

Ş.Həsənovanın sözlərinə görə, bu istiqamətdə ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın növbəti diplomatik uğuru və zəfəri kimi xarakterizə olunmalıdır: “Bu, eyni zamanda onu sübut edir ki, Azərbaycan Lideri cənab İham Əliyev, həqiqətən də uzaqgörən siyasət yürüdür və atmış olduğu addımlarla sadəcə Ermənistan-Azərbaycan arasında düşmənçiliyi aradan qaldırmır, sadəcə bizim regiona sülh gətirmir, bütövlükdə Cənubi Qafqazı aşan böyük bir regionun xalqlarının, rifah halının yaxşılaşdırılmasını həyata keçirir. Proseslər cəmiyyətə endikcə zaman qarşıda bizi çətin olan, heç də hamar olmayan bir period gözləyir. Bu baxımdan həm də biz xalq və cəmiyyət olaraq ritorikamıza da, atdığımız addımlara da son dərəcə fikir verməliyik və sözlərimizə həssaslıqla yanaşmalıyıq. Müharibəyə nə qədər uzağıqsa, sülhə də bir o qədər yaxınıq. Tarix unudulmamalıdır. Bununla belə addımlar da, ritorika da konstruktiv meyillər üzərində qurulmalıdır”.

30 illik nəticəsiz vasitəçilik

Politoloq Elman Telmanoğlu qeyd edib ki, Minsk qrupunun ləğvi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması deməkdir: “Uzun illər münaqişənin həllini süni şəkildə uzadan, status-kvonu qoruyan bu format 44 günlük müharibədən sonra faktiki olaraq funksiyasını itirmişdi. OSCE-nin qərarı, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yaranmış situasiyada köhnə vasitəçilik modelinin artıq heç bir siyasi legitimliyə sahib olmadığını təsdiqləyir. Bu addım həm də beynəlxalq təşkilatların regiondakı yeni güc balansına uyğunlaşması kimi qiymətləndirilir. Minsk qrupunun bağlanması Bakı–İrəvan arasında birbaşa danışıqların və regional diplomatiyanın önə çıxmasına şərait yaradır. Bununla Qafqazda post-münaqişə nizamının qurulması üçün daha realist və praktik mexanizmlərə yol açılır. Son nəticə olaraq, Minsk qrupunun ləğvi 30 illik nəticəsiz vasitəçiliyə nöqtə qoyur və regionda sülhün artıq köhnə formatlara deyil, yeni siyasi reallıqlara əsaslanacağını göstərir”.

“Bu qurum ortaya ciddi nəticələr qoya bilmədi”

Politoloq Turan Rzayev söyləyib ki, Minsk Qrupunun fəaliyyətinin dayanması faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir: “Prinsipcə, Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır. Çünki bu qurum uzun illər mövcud olsa da, ortaya ciddi nəticələr qoya bilmədi. Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair konkret addımlar, sərt qərarlar və ya tərəfləri razılığa gətirəcək təsirli vasitəçilik göstərməyə nail olmadı. Nəticədə, münaqişə müharibə mərhələsinə keçdi”.

“2026-cı ildə sülh sazişinin imzalanması mümkündür”

T.Rzayev qeyd edib ki, bu təşəbbüs müharibədən sonra da fəaliyyətsizliyi ilə seçilirdi: “Lakin yeni tendensiya həm də tərəflərin təşkilata ehtiyac görməməsi idi. Ermənistan və Azərbaycan ikitərəfli danışıqlar aparmağa başladı və bu təcrübə qısa zamanda öz bəhrəsini verdi. Məsələn, artıq iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir, səmimi və konkret müzakirələr aparırlar. Vaşinqton görüşündə faktiki olaraq sülh sazişi paraflandı. Bu isə göstərir ki, proses artıq tərəflərin birbaşa iradəsi və diplomatik addımları ilə irəliləyir. Minsk Qrupunun fəaliyyətinin dayandırması sülh prosesində əhəmiyyətli dəyişiklik yaratmır. Yəni qrupun bağlanması hazırda sadəcə formal bir addımdır. Əsas məsələ Azərbaycan və Ermənistanın birbaşa dialoqu, qarşılıqlı səfərlər və səmimi danışıqların olmasıdır. Prosesin həlledici mərhələsi olaraq 2026-cı ildə sülh sazişinin imzalanması mümkündür”.

Röya İsrafilova