“Sülhə xidmət etməyən, ziddiyyətli yanaşma” Gündəm

“Sülhə xidmət etməyən, ziddiyyətli yanaşma”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Avropa İttifaqının Mərkəzi Asiyaya və Cənubi Qafqaza yönəlik orta və uzunmüddətli strategiyasının olmaması məsələsi yeni deyil: “Bu mövqeni hələ 1990-cı illərdə elə Avropa İttifaqının öz məmurları və Avropada inteqrasiyanı tədqiq edən mütəxəsisslər səsləndirirdilər. Şübhəsiz ki, Aİ 1990-ci illərdə regiona dair müəyyən alətləri işə salmışdır, məsələn, TRACECA layihəsi, 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, eləcə də müxtəlif maliyyə mexanizmləri. Lakin bu alətlər müasir siyasi reallıqlara uyğun regionda strateji xətt formalaşdırmaq üçün kifayət deyil”.
Deputat qeyd edib ki, Azərbaycanın Şanlı Zəfərindən sonra regionda yaranmış yeni siyasi reallıqlara baxmayaraq, Aİ-nin hələ də orta və uzunmüddətli hədəfləri aydın müəyyən olunmayıb:

“Avropa İttifaqı buna “strateji gündəm” adı versə də, sənədin həm Azərbaycan–Aİ münasibətlərinə, həm də Azərbaycan–Ermənistan sülh gündəliyinə zidd olan məqamlarla dolu olması onun praktikliyini əhəmiyyətli dərəcədə zəiflədir. Bu həm kövrək sülh prosesinə maneə yaradan, həm də etimad quruculuğuna zərbə vuran ifadələrə aiddir. Sənəddə həmçinin artıq siyasi və hüquqi baxımdan tarixə qovuşmuş münaqişənin elementlərini yenidən gündəmə gətirmək cəhdi müşahidə olunur.
ABŞ regionda etimad quruculuğuna töhfə vermək məqsədi ilə Zəngəzur dəhlizinin/TRİPP marşrutunun tezliklə və ləngimələr olmadan fəaliyyətə başlması üçün dövlət başçısı səviyyəsində dəstəyini bəyan etdi, sonrakı mərhələdə 145 milyon ABŞ dollar məbləğində ilkin vəsait ayırdı.
Avropa İttifaqı-Ermənistan strateji gündəliyi isə Tramp marşrutuna istinad belə etmir, amma “Sülh qovşağı”nı lazımsız dərəcədə gündəmə gətirir. Amma Baş nazir Paşinyanın bu sevimli layihəsi yalnız Azərbaycanın dəstək verəcəyi halda dəyər qazana bilər. Belə ki, bu layihə
üç istiqamətdə — şərqdə Azərbaycanın əsas ərazisi, qərbdə Naxçıvana və orada Türkiyəyə çıxış əldə etməklə, hətta şimala doğru da məhz Azərbaycanın üzərindən, onun yaratdığı infrastrukturdan istifadə olunacağı halda işlək hala gələ bilər. Ermənistanın bütün istiqamətlərddə müstəqil infrastruktur imkanlarının olmaması onun yenə də Azərbaycandan asılı olduğunu göstərir”.

“Paşinyan administrasiyası hazırda həm regiondakı geosiyasi dəyişikliklər, həm ABŞ-ın yeni təşəbbüsləri, həm də Avropa İttifaqının qeyri-müəyyən yanaşmaları fonunda qeyri-müəyyən gedişləri ehtiva edən bir siyasət yürüdür. Bu isə sülh gündəliyinə xidmət etməyən ziddiyyətli yanaşmadır.”

Günel Elxan